Minsk Qrupu özünü "offsayd" vəziyyətinə salıb

Beynəlxalq vasitəçilərin praktik fəaliyyəti görünmür



“Azərbaycan Prezidentinin BMT tribunasından dünyaya verdiyi mesajlar Ermənistanın işğalçı-faşist mahiyyyətini bir daha ifşa etmək üçün əla fürsət oldu”.

Bu sözləri “Şərq”ə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya sədrinin sözlərinə görə, dövlət başçısı beynəlxalq qurumların təcavüzkar Ermənistana qarşı daha ciddi addımlar atmalı olduğunu bildirdi:


“Prezident vurğuladı ki, Ermənistana qarşı daha ciddi şərtlər qoyulmalıdır, sanksiyalar tətbiq edilməlidir. Münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatlar tərəfindən, xüsusən ATƏT-in Minsk Qrupu tərəfindən heç bir konkret addımlar atılmır. Ermənistan tərəfi işğalçılıq siyasətinə son qoymağa məcbur edilmir. Bunu BMT də, ATƏT də edə bilər. Lakin etmirlər, yaxud etmək istəmirlər. Çünki ortada “ikili standartlar” siyasətinin mövcud olduğunu görürük. Dağlıq Qarabağ münaqişəsi isə bədnam “ikili standartlar” siyasətinin ən çox tətbiq edildiyi konfliktlərin siyahısında bəlkə də lap başda gəlir. Bu acı həqiqəti cənab Prezident qatıldığı bütün nüfuzlu platformaların tribunalarından dəfələrlə qeyd edib”.

Ə.Hüseynovun fikrincə, ikili yanaşmanın nəticəsidir ki, ATƏT-in Minsk Qrupunun heç bir praktik fəaliyyətini görmürük:

“Minsk Qrupu sanki özünü “offsayd” vəziyyətinə salıb. Həmsədrlər çox fəal şəkildə problemin real həlli ilə məşğul olmaq əvəzinə, passiv seyrçi mövqeyində qalmağa üstünlük verirlər.

Hərçənd, Dağlıq Qarabağı və işğal olunmuş digər 7 rayonu ATƏT rəsmən Azərbaycan əraziləri kimi tanıyıb və onun borcudur ki, həmsədrlər institutunun vasitəsilə münaqişənin birbaşa həlli ilə məşğul olsun. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına real dəstək versin. Lakin bunu da görmürük. Ortada məyusluq doğuran çox ciddi nəticəsizlik var. Cənab Prezident bu nəticəsizliyi bir daha hər kəsin diqqətinə çatdırdı. Eləcə də Ermənistanın yeni işğalçı müharibəyə hazırlaşdığını BMT qarşısında bəyan etdi.

Prezident ölkəmizin sülhsevərliyini vurğulayaraq açıq mətnlə bildirdi ki, biz məsələnin sülh yolu ilə həll edilməsini istəyirik. Lakin Ermənistan tərəfi buna hazır deyil. İşğalçı ölkənin təxribatçı siyasəti bütün gücü ilə davam edir. İlk növbədə bu siyasətin qarşısı alınmalıdır, bizim torpaqlar qaytarılmalıdır. Əks halda, Ermənistanın faşist siyasəti nəinki bölgə üçün, hətta bütövlükdə dünyanın özü üçün çox ciddi fəsadlara gətirib çıxara bilər”.

Partiya rəhbəri vurğulayıb ki, Prezident BMT kürsüsünün verdiyi imkanlardan maksimum rasionallıqla istifadə edərək faşizmin Ermənistanda çiçəklənməsini, bu ölkənin nasizmə sadiqliyini bütün dünyanın diqqətinə çatdırdı:

“Ölkə rəhbəri nasizmin şöhrətləndirilməsinin Ermənistanın dövlət siyasəti olduğunu diqqətə çatdırdı və bildirdi ki, Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Prezidentin səsləndirdiyi bu fikirlər son zamanlarda işğalçı ölkəyə vurulmuş növbəti sarsıdıcı zərbə oldu. İnanmıram ki, Paşinyan bu cür dəmir məntiqə söykənən ittihamların qarşısına hansısa tutarlı əks-arqument çıxara bilər.

Əminliklə söyləmək olar ki, Azərbaycan Prezidenti düşmənə qarşı informasiya savaşını uğurla davam etdirir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu