Bayramovun Gürcüstan səfəri: “Mövqeyimizi müdafiə etməsi istiqamətində... – Əsas həlqə !

“Xarici siyasətimizdə Gürcüstan əhəmiyyətli yer tutan ölkələrdən biri olmalıdır”

 “Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Gürcüstanın 3-cü tərəf kimi bu müharibəyə  münasibəti böyük əhəmiyyət kəsb edir”

“Beynəlxalq tədbirlərdə Gürcüstanın mövqeyimizi müdafiə etməsi istiqamətində xarici siyasətimiz davam edir”


Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana səfər edəcək. Səfər sentyabrın 24-də baş tutacaq.
Səfər çərçivəsində C.Bayramov Gürcüstanın dövlət və hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Səfərdə müzakirə ediləcək məsələlərlə əlaqədar “Sherg.az”a açıqlama verən ADP sədrinin müavini, politoloq  Həsrət Rüstəmov bildirib ki, Ceyhun Bayramovun səfərləri Azərbaycanın xarici siyasətini və prioritetlərini müəyyən edən əsas halqaları göstərir: 



"Nazir ilk olaraq Türkiyəyə, sonra Moskvaya, indi isə Gürcüstana səfər edir. Bu ölkələrin üçü də bizim üçün əhəmiyyətlidir. Çünki həm sərhəd qonşularımız, həm strateji müttəfiqlərimizdir.

Gürcüstan Azərbaycanın iqtisadi partnyorudur. Məlumdur ki, Azərbaycanın xarici proqramı üçün ticarət yolları Gürcüstandan keçir. Gürcüstanla tərəfdaşlıq şəraitində Azərbaycan kifayət qədər böyük iqtisadi mənfəətlər əldə edə bilər.

Bu, bizdən daha çox Gürcüstana lazımdır. Amma bizim də xarici siyasətimizdə Gürcüstan əhəmiyyətli yer tutan ölkələrdən biri olmalıdır”. 

H.Rüstəmov qeyd edib ki, Gürcüstanda soydaşlarımız yaşayır. Onların problemləri ilə bağlı Gürcüstanla normal münasibətlər qurmaq vacibdir. Bu baxımdan Azərbaycan xarici işlər nazirinin səfəri əhəmiyyətlidir:

“Qafqazdakı münaqişələrdə Gürcüstanla Azərbaycanın eyni mövqedə olması vacib məsələdir. Məlumdur ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Gürcüstanın 3-cü tərəf kimi bu müharibəyə  münasibəti böyük əhəmiyyət kəsb edir. Beynəlxalq tədbirlərdə Gürcüstanın mövqeyimizi müdafiə etməsi istiqamətində xarici siyasətimiz davam edir. Həmçinin pandemiya ilə bağlı yeni vəziyyət yaranıb. Yəqin səfər zamanı bu məsələlər də müzakirə ediləcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu