“Ermənistan BMT TŞ-nin qətnamələrinə məhəl qoymur”

“Paşinyanın “yeniliklər”i regionda hərbi-siyasi gərginliyin daha da artmasına xidmət edir”  



Prezident İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında çıxış edib. Ölkə başçısı nitq zamanı mühüm məqamlara toxunub.
Prezident çıxışında konkret olaraq söyləyib ki, bir şərtimiz var. Bu şərt də torpaqlarımızın birmənalı olaraq geri qaytarılmasıdır:
“Ermənistan qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini hədəf alır və təxribatlar törədir. Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur”.

Ölkə başçısı bildirib ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir:
“Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”.



Millət vəkili Soltan Məmmədov “Sherg.az”a bildirib ki, cənab Prezident BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı nitqində əsas diqqəti Dağlıq Qarabağ probleminə yönəltdi. Deputatın sözlərinə görə, münaqişənin həlli üçün ölkəmizin möhkəm hüquqi bazası mövcuddur:

“BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxması öz əksini tapıb.

Prezidentin münaqişənin həlli ilə bağlı dəyişməz mövqeyi bəllidir: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Yəni Dağlıq Qarabağ problemi  beynəlxalq hüquq normaları əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

Ermənistanın öz öhdəliklərini kobud şəkildə pozaraq  Azərbaycana qarşı hərbi güc tətbiq etdiyini vurğulayan parlamentari təəssüflə bildirib ki, Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının  qətnamələrinə məhəl qoymamaqda davam edir: 

“İşğalçı Ermənistanda yeni hakimiyyətin münaqişənin həllinə gətirdiyi “yeniliklər” regionda hərbi siyasi gərginliyin daha da artmasına xidmət edir.  Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” tipli aqressiv və təxribatçı bəyanatları danışıqlar prosesinə ciddi zərbədir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu