Paşinyanın “yeddi şərt”i  münaqişənin sülh yolu ilə həllinə dair səyləri puç edir 

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 21-dən Rusiya Federasiyasında səfərdədir. 

“Sherg.az” xəbər verir ki, səfər çərçivəsində sentyabrın 23-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətini salamlayan Sergey Lavrov bu səfərin Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına dəyərli töhfə olacağına inamını bildirib.
 
Qeyd edilib ki, Rusiya tərəfi yeni tərkibli Milli Məclisin nümayəndə heyətinin ilk səfərlərlərdən birini Rusiya etməsini yüksək qiymətləndirir. Ümumiyyətlə, yüksək səviyyəli dövlət məmurlarının o cümlədən, Azərbaycanın yeni xarici işlər nazirinin Rusiyaya bu cür səfərləri tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.

Sergey Lavrov qeyd edib ki, Azərbaycan rəsmiləri ilə aparılan söhbətlər zamanı hər iki ölkənin prezidentləri – Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı zamanı qaldırılan   məsələlərin həlli üçün birgə səylərin artırılması qərara alınmışdır.

Rusiya Azərbaycanla həyatın bütün sahələrində o cümlədən, diplomatik müstəvidə münasibətlərini daha da dərinləşdirmək niyyətindədir. 

Rusiyanın xarici işlər naziri Azərbaycan parlamentinin Rusiya Federal Şurası  Dövlət Duması ilə əlaqələrini, nümayəndə heyətlərimizin beynəlxalq parlament təşkilatlarında iştiraklarını önəmli hesab edib.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan-Rusiya münasibətləri çoxəsrlik ənənəyə malikdir və həmişə öz xarakterik xüsusiyyətləri ilə seçilib. Dövlət müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri olan Rusiya  ilə Azərbaycan arasında bu illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksələn güclü bir əməkdaşlıq formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında müntəzəm təmaslar, etibarlı münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə edilə bilən münasibətlərimizə dinamizm verir.

Mükəmməl siyasi dialoqla yanaşı, ölkələrimiz arasında iqtisadi əlaqələr bu gün də dinamik inkişaf edir. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında bölgələrarası əməkdaşlıq coğrafiyasının sürətlə genişlənməsinə diqqət çəkən Milli məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu gün Azərbaycan Rusiya Federasiyasının subyektləri - Dağıstan və Tatarıstan, Həştərxan, Saratov, Sverdlovsk Ulyanovsk, Yekaterinburg, Vladimir, Volqoqrad və digər bölgələrlə fəal əməkdaşlıq edir.

Sədr qeyd edib ki, dövlətlərimizin parlamentləri də Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin inkişafında böyük rol oynayır. Bu gün Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi arasında 9 yanvar 2001-ci il tarixli Əməkdaşlıq Sazişinin müddəalarına əsaslanan əlaqələr daha dinamik xarakter alır. Azərbaycan və Rusiyanın milli parlament nümayəndə heyətləri ənənəvi olaraq ən vacib və aktual məsələlərdə bir-birini dəstəkləyərək müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər. 

Milli Məclisdə və Federal Məclisdə dostluq qrupları fəaliyyət göstərir və qurumlar arasında daimi ikitərəfli parlamentlərarası komissiya mövcuddur.

Sədr qeyd etdi ki, Cənubi Qafqazda etnik rusların sayca ən çox yaşadığı ölkə Azərbaycandır. Ölkələrimiz arasında 200-dən çox  ikitərəfli sənəddən ibarət güclü hüquqi baza mövcuddur. 

Bütövlükdə, ATƏT-in Minsk Qrupunun nəticəsiz fəaliyyəti fonunda bu qrupun həmsədri olan Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal iştirak edir. Rusiya tərəfi bu sahədə çox səy göstərib. Bununla birlikdə, son vaxtlar Ermənistanın Baş naziri N.Paşinyanın münaqişənin həlli üçün kompromis variantının yalnız Azərbaycanın Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıması şərtilə müzakirə edilə biləcəyi barədə “yeddi şərt” deyilən absurd açıqlamaları, münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu