Deputat işə qarışdı: Müəllimlər "Kapital Bank"dan narazıdırlar – “Qanun pozuntuları var”

Onlar maaş kartını ala bilmirlər 

“Əgər bankla bağlı şəxsin özü müstəqil seçim etsə, bank müştərisini itirməmək naminə işi mümkün qədər tez görəcək”

“İndiki halda isə banklar müştərinin gedəcək başqa yerinin olmadığına arxayındırlar və necə istədilər elə də işləyirlər”


“Bu gün onlarla müəllim zəng edərək üzləşdikləri problemi haqlı olaraq əsəbi şəkildə söylədi. Mənim üçün Azərbaycanın ən həyati əhəmiyyət daşıyan peşələrindən birinin təmsilçisi olan Azərbaycan müəlliminin bu cür incidilməsi çox ağır gəldi”.
Bu sözləri millət vəkili Fazil Mustafa özünün “Facebook” hesabında yazıb. O, müəllimlərin üzləşdikləri növbəti problemi ictimailəşdirib: 

“ Məsələnin mahiyyəti belədir: müəllimlər üçün verilən maaş kartının müddəti bitib. "Kapital Bank" yeni kartları hazırlayıb və müəllimlərə verilməsi üçün onları müvafiq şöbələrinə dəvət edib. İndi üç gündür sübh tezdən adamlar növbə tutub sadəcə kartlarını almaq istəyirlər, növbə o qədər çoxdur ki, iki gündür, üç gündür ala bilmirlər.



Demək ki, "Kapital Bank"da müəllimin kim olduğunu anlamayanlar bu şərəfli peşə sahiblərinə pandemiyanın bu çətin şərtlərində əziyyət verməkdən həzz almaq istəyiblər. Burada iki optimal yol var, ya kartların vaxtını uzaldıb, müəllimləri bu qədər əziyyətə salmırdılar, ya da əgər yeni kartlar hazırlanmışdırsa, onların hər bir məktəbdə müəllimlərə çatdırılmasını təmin edirdilər.

İlin, günün bu vaxtında vətəndaşı, xüsusilə də müəllimləri belə əziyyətə salmaq istəyənləri qınayıram və bu özbaşınalığa son qoyulmasını istəyirəm”. 

Doğrudan da, axı bank avtobus dayanacağı deyil ki, saatlarla gözləyək. Hərçənd indi avtobuslar da insanı belə gözlətmir...


 
Məsələ barədə “Sherg.az”a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov kartların niyə məhz banklarda verildiyini izah edib:

“Kart təhvil veriləndə bank müştərini eyniləşdirməlidir. Bu, bank binasından kənarda mümkün deyil. Belə ki, müxtəlif pozuntu halları, o cümlədən sui-istifadə, saxtakarlıq ola bilər.  Banklarda kameraların olması təsadüfi deyil. Eyni zamanda bir işçisinin işinə bir neçə başqa əməkdaşlar da nəzarət edir. Bu, mətbuatda da belədir. Yazılan yazını mütləq başqa biri oxuyur, düzəldir. Yəni kartın məhz bankda verilməsinin səbəbi budur. Alternativ variant isə yoxdur”. 

Ə. Həsənovun sözlərinə görə, prosesin bu formada aparılmasında ciddi qanun pozuntuları var:

 “Mən başa düşə bilmirəm ki, bizdə niyə sözügedən məsələ inhisarlaşdırılıb. Bu, birmənalı olaraq qanunvericiliyə ziddir. Mülki məcəllənin “Bank hesabına dair” fəslinə əsasən hər kəs öz bankını müstəqil seçə bilər. Burada işverənin təzyiqi olmamalıdır. Eyni zamanda Əmək məcəlləsində də göstərilir ki, hər kəs əməkhaqqı formasını necə alacağını özü müəyyənləşdirməkdə azaddır. Həm də əgər belə olarsa görüləcək işlər banklar arasında bölünər, birinə yük düşməz. Xüsusilə böyük banklar, demək olar, bütün işlərlə məşğul olurlar.

Ona görə də belə vəziyyət yaranır. Həm də əgər şəxs özü müstəqil seçim etsə, bank müştərisini itirməmək naminə işi mümkün qədər tez görəcək. İndiki halda isə banklar müştərinin gedəcək başqa yerinin olmadığına arxayındırlar və necə istədilər, elə də işləyirlər”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu