Vəziyyət dəyişib ! - “Türkiyə Rusiyanı fakt qarşısında qoyub” – Lavrova aldanmaq olmaz !

“Rusiya xin başçısı deyir ki, beş rayonun qaytarılmasının tərəfdarıyıq. Amma bu, Azərbaycanın əleyhinədir”

“Ora  sülhməramlı qüvvələrin yerləşdirilməsi ərazi bütövlüyümüzün təmin edilməsinin qarşısını ala bilər”

“Odur ki, xarici işlər nazirimiz Sergey Lavrova cavab verməlidir”

Bəzi ekspertlər Ermənistanın ciddi -cəhdlə müharibəyə hazırlaşdıqlarını deyir və yaxın zamanda geniş miqyaslı hərbi əməliyyatların başlanacağını düşünürlər. Onların fikrincə, oktyabrın 8-dək ciddi toqquşmalar olmalıdır. Çünki həmin tarixdə düşmən ölkədəki müxalifət nümayəndələrinin  mitinqi keçiriləcək. Paşinyan isə əhalinin fikrini yayındırmaq məqsədilə bu cür bir üsuldan istifadə edəcək.

Əgər, doğrudan da, belədirsə, deməli, baş nazir artıq iki od arasında qalıb və özünə sadəcə “Pir qələbəsi” arzulayır. Əlbəttə, Paşinyanın bu arzusu bizim üçün lap göydən düşmədir. Nəhayət, torpaqlarımızı azad etmək fürsəti ələ düşə bilər. 



Politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında bildirib ki, ehtimalların özünü doğrultması mümkündür:

“Ermənistandakı hazırkı siyasi vəziyyət böhrana yuvarlanır. Paşinyana qarşı etirazlar səngimir. Üstəgəl ölkədə koronavirus pandemiyasının tüğyan etməsi vəziyyəti daha da gərginləşdirir. Ermənistandakı müxalif qüvvələr, həmçinin Qarabağ klanı indiki hakimiyyəti devirməkdən ötrü ciddi planlar üzərində işləyirlər.

Odur ki, Paşinyan daxili auditoriyanı ona qarşı yönələn etirazlardan yayındırmaq məqəsdilə müharibəyə başlaya bilər. Ard-arda törədilən təxribatlar, terrorçuların Dağlıq Qarabağa yerləşdirilməsi də birbaşa buna hesablanıb”. 

M.Əsədullazadənin fikrincə, Paşinyan hakimiyyətini qorumaq naminə hər şeyə hazırdır:

 “O, müharibəyə başlamaqla baş verə biləcək sosial-iqtisadi hadisələri 180 dərəcə dəyişmək istəyir. Ümumiyyətlə, Ermənistan siyasi hakimiyyətində olanlar həmişə bu metoddan istifadə ediblər. Pşainyan da öz sələflərinin siyasətini davam etdirir. O, belə demək mümkünsə, sözügedən siyasətin qurbanına çevrilib. Məqsəd isə hakimiyyətini qorumaq və rəqiblərinə mane olmaqdır. Amma Paşinyanın apardığı siyasət təhlükəlidir- həm özləri, həm də region üçün”. 

Politoloq Rusiyanın məsələyə münasibətindən də danışıb:

“Unutmaq olmaz ki, Qarabağ cəbhəsində baş verəcək hansısa proses Paşinyanın siyasi fiaskosuna səbəb ola bilər. Rəsmi Moskva indiyədək danışıqlar prosesini tormozlayır, hərbi əməliyyatların başlanmasına mane olur, müharibənin qarşısını almağa çalışırdı. Çünki Azərbaycanın ərazi bütövlüyünün təmin olunmaması Kremlin geosiyasi maraqlarına uyğundur. Həm də Moskva narahatdır ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ermənistanın regiondan çıxması ilə nəticələnəcək.

Amma indi situasiya dəyişib. NATO ilə müttəfiq olan Türkiyənin məsələyə müdaxilə etməsi Rusiyanı neytrallaşdırıb. Odur ki, Azərbaycan qəti və prinsipial şəkildə Rusiyaya etirazını bildirməlidir.

Bəli, indiyədək hərbi əməliyyatlara başlamağımıza Putin hökuməti mane ola bilərdi. Lakin indi o da hərbi əməliyyatların qarşısını almağı bacarmayacaq.

Və Türkiyə ilə danışıqlara məcbur qalacaq. Belə bir şəraitdə Azərbaycan hərbi varianta üstünlük verməlidir. Məsələ yalnız bizim diktə etdiyimiz şərtlərlə bitməlidir. Beynəlxalq hüquq da buna haqq qazandırır.

Azərbaycan Ermənistana öz gücünü ciddi formada göstərməlidir. Münaqişənin hansı- hərbi, ya diplomatik qaydada həllini tapması isə sonra müzakirə edilməlidir”. 

Ekspert, həmçinin bildirib ki, Sergey Lavrovun son səsləndirdiyi bəyanata aldanmaq olmaz: “Türkiyənin gəlişi ilə Rusiya fakt qarşısında qalıb. Ona görə də xarici işlər naziri Sergey Lavrov deyir ki, biz beş rayonun qaytarılmasının tərəfdarıyıq.

Amma bu, Azərbaycanın əleyhinədir. Ora  sülhməramlı qüvvələrin yerləşdirilməsi ərazi bütövlüyümüzün təmin edilməsinin qarşısını ala bilər. Odur ki, xarici işlər nazirimiz Sergey Lavrova cavab verməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu