Ceyhun Bayramovun Gürcüstan səfəri nə vəd edir? – AKTUAL ŞƏRH 

“Gürcüstanın Dağlıq Qarabağ münaqişəsində tərəf durumuna düşməsi yolverilməzdir”

“Bu yolverilməzliyi qonşu dövlətin rəhbərliyinin diqqətinə çatdıra biləcəyini də düşünmək olar”


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir. C.Bayramov səfər çərçivəsində Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə görüşüb. Nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.
Nazirlər iki ölkə arasında yüksək səviyyədə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd ediblər. Ölkələrimiz arsında və dövlət rəhbərlərimiz səviyyəsində mövcud olan yüksək münasibətlərin yalnız sözdə deyil, əməllərdə də aydın şəkildə özünü nümayiş etdirdiyi qeyd olunub. Qarşılıqlı səfərlərin dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə müsbət töhfə verdiyi vurğulanıb.

Səfərin əhəmiyyətini  “Sherg.az”a şərh edən siyasi şərhçi Elçin Xalidbəylinin fikrincə, Gürcüstanın Cənubi Qafqaz regionunda önəmli yeri var. Analitik bildirib ki, bu dövlətin Rusiya ilə Saakaşvili dönəmindən başlayan problemləri hələ də öz aktuallığını qoruyub saxlamaqdadır. 
E.Xalidbəyli vurğulayıb ki, Gürcüstanın həmçinin ABŞ və Qərblə, o cümlədən NATO ilə yaxın münasibətləri mövcuddur:

“Yəni Gürcüstan ilə yaxşı münasibətlər Azərbaycan üçün də faydalıdır. Ancaq son dövrlərdə Azərbaycan-Gürcüstan münasibətlərində müəyyən problemlərin mövcudluğu da inkaredilməz reallıqdır.

İki qonşu dövlət arasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı problemlər hələ də qalmaqdadır. Digər tərəfdən bir müddət öncə rəsmi Bakı Gürcüstanın davranışlarından ciddi şəkildə narazı qalıb.

Çünki Serbiya Ermənistana göndərdiyi silah-sursatı məhz Gürcüstan ərazisindən keçirib, düşmən ölkəyə ötürüb. Gürcüstan rəhbərliyi isə buna icazə verib. Bu, Azərbaycanın siyasi dairələrində ciddi narahatlıq yaradıb.

Təbii ki, rəsmi Bakı bu narahatlığını və nazrazılığını qonşu Gürcüstan rəhbərliyinin diqqətinə diplomatik kanallarla çatdırdı. Məhz bundan sonra Ermənistana növbəti dəfə silah ötürülməsinin qarşısı alınmış oldu. Yəni iki qonşu dövlət arasında anlaşma əldə olundu və problem hələlik həllini tapmış kimi görünür”. 

Ekspertin qözlərinə görə, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən sayılır:

“Hazırda Gürcüstan iqtisadiyyatında Azərbaycanın önəmli payı mövcuddur. İki qonşu ölkə arasında ticari və iqtisadi əlaqələr kifayət qədər yüksək səviyyədədir.

Nəhayət, Gürcüstanda yüz minlərlə azərbaycanlı kompakt şəkildə yaşayır. Onların sosial-iqtisadi, hüquqi, təhsil və s. problemləri də rəsmi Bakının daim diqqətində olan məsələlər sırasındadır.

Bütün bunları nəzərə aldıqda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri çərçivəsində yuxarıda sadaladığım məsələlərin üzərinə yenidən qayıdıla biləcəyini ehtimal etmək mümkündür.

Paşinyan hakimiyyətinin hiyləsinə uyaraq, Gürcüstanın Azərbaycan-Ermənistan münaqişəsində tərəf durumuna düşməsi yolverilməzdir. Bu yolverilməzliyi qonşu dövlətin rəhbərliyinin diqqətinə çatdıra biləcəyini də düşünmək olar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu