Şərt aydın yazılıb !- Daha alınan mallar geri qaytarılacaq – Əksi cərimədir ! 

“Alınan mallar geri qaytarılmır" kimi elanların olmağı qanunvericiliyin tələblərinə ziddir”

“Bunun hansısa formada imtinası istehlakçıların hüquqlarının pozulmasıdır"



“Alınan mallar geri qaytarılmır” yazan sahibkarlar 900 manatadək cərimələnəcək. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, istehlakçı aldığı malda zəmanət müddəti ərzində qüsur, saxtalaşdırma aşkar edərsə, satıcıdan aşağıdakılardan birini tələb edə bilər:

- lazımi keyfiyyətli mala dəyişdirməyi;
- satış qiymətini uyğun məbləğdə azaltmağı;
- malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
- malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
- müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Ölkəmizdə istehlakçıların aldıqları malları müxtəlif səbəblərdən geri qaytarması zamanı satıcıların həmin malı geri qəbul etməməsi ciddi problemlərdən biridir. Əvvəllər "Alınan mallar geri qaytarılmır" kimi elanlara tez-tez rast gəlirdik. Son zamanlar isə belə elanların sayı nisbətən azalıb. Lakin bu cür elanlara yenə də rastlamaq mümkündür.

Maraqlıdır, sahibkarlara cərimələrin tətbiqi ticarətdə qayda-qanun yaradacaqmı? Bu cür hallarla qarşılaşan istehlakçılar nə etməlidirlər?



İqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, alınan malların geri qaytarılması ilə bağlı qanunvericilikdə də müəyyən qaydalar var.
İqtisadçı qeyd edib ki, islehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası mövcuddur:

“Bu qanunvericilik bazasında malların geri qaytarılması şərtləri aydın şəkildə yazılıb. Müvafiq kassa qəbzi varsa, mala fiziki zərər dəyməyibsə, onun 14 gün ərzində geri qaytarılması mümkündür. Heç bir ticarət şəbəkəsi bu qanunu inkar edə bilməz. Şərtlər aydın yazılıb. "Alınan mallar geri qaytarılmır" kimi elanların olmağı qanunvericiliyin tələblərinə ziddir”.

N.Cəfərli vurğulayıb ki, sözügedən elan qanunvericiliyin tələblərinə zidd olduğuna görə, pərakəndə ticarət obyektləri bu məsələni nəzərə almalıdır:

“Qanunda nəzərdə tutulmuş istehlakçı hüquqlarından imtina edilməsi, onlara daha böyük ziyan vura bilər. Daha çox cərimələrə səbəb ola bilər.

Ona görə də hansısa bir vətəndaş belə bir məsələ ilə qarşılaşarsa, ya İstehlakçıların Hüquqlarının Müdafiə Cəmiyyətinə, ya da İqtisadiyya Nazirliyinin müvafiq qurumuna müraciət etməlidirlər. Qanunvericilikdə açıq-aşkar yazılıb.

Bunun hansısa formada imtinası, malların geri qaytarılmaması istehlakçıların hüquqlarının pozulmasıdır".

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu