39 yaşlı həmyerlimizin Londonda uğurlu gedişi...

Kamran Balayev İngiltərənin siyasi elitasının sıralarına qatılır

Xəbər verdiyimiz kimi, Böyük Britaniyada yaşayan soydaşımız Kamran Balayevin London meri vəzifəsinə namizədliyi irəli sürülüb. Beynəlxalq hüquqşünas olan həmyerlimizə 2017-ci ildə yaradılmış Renev mərkəzçi partiyası etimad göstərib. K.Balayev 4 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olub. 39 yaşlı istedadlı gənc nüfuzlu Kembric və Harvard universitetlərində, Beynəlxalq Antikorrupsiya Akademiyasında və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində təhsil alıb.

Hazırda Londonda fəaliyyət göstərən “INTERNATIONAL RISK LTD” şirkətinin direktorudur. 2010-cu ildə Azərbaycan Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktor müavini kimi Avropa Şurasında çıxış edib. İsveçrənin elitar analitik mərkəzlərində hazırlıq keçib, hüquq elmləri doktorudur. Eyni zamanda Avropa Şurası, ATƏT, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa İnsan Hüquqları Məhkəməsi, İnterpol kimi beynəlxalq təşkilatlarla iş təcrübəsinə malikdir. 

Böyük Britaniyada yaşayan soydaşımızın ictimai-siyasi fəaliyyəti ilə bağlı “Şərq”ə danışan “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib ki, xaricdə yaşayan soydaşlarımızın seçkili orqanlarda iştirakı sevindirici haldır. Ekspertin sözlərinə görə, ümumiyyətlə, son illər soydaşlarımızın yaşadıqları cəmiyyətlərə sürətlə inteqrasiyasının şahidi oluruq. Onlar maraqlı təşəbbüslərlə çıxış edir, fərqli ideyalar irəli sürürlər:

“Həmvətənlərimizin ictimai-sosial və mədəni həyatda aktivlikləri müsbət haldır. Həm də onların siyasi partiyalarda fəallıqlarını müşahidə edirik. Əksər siyasi partiyaların siyahısında soydaşlarımızın adlarına rast gəlirik. Bunun özü uğurlu fəaliyyətin tərkib hissəsidir. Nəzərə almaq lazımdır ki, soydaşlarımızın uğurları digər həmvətənlərimizə də müsbət təsir göstərir. Avropanın əksər ölkələrində yüksək vəzifələrdə çalışan soydaşlarımız haqqında məlumatları izləyirik. Prosesdə gənclərin rolu xüsusi qeyd edilməlidir. Gənclər daha təhsillidirlər. Karyera qazanmaq üçün öz üzərlərində xüsusi çalışırlar. Onlar bir neçə dil bilirlər və baş verən prosesləri analiz edirlər. Hesab edirəm ki, bundan sonra da gənclərimizin uğurlarını eşidəcəyik”.

E.Eltürk qeyd edib ki, İngiltərə ali məktəblərində soydaşlarımız dərs deyirlər:

“Belə soydaşlarımızdan biri də, Böyük Britaniyada yaşayan və çalışan beynəlxalq səviyyəli vəkil Kamran Balayevdir. O, İngiltərədə soydaşlarımız arasında xüsusi hörməti ilə seçilir. Ölkənin siyasi proseslərində də fəal iştirak edir. 2021-ci ildə Londonda keçiriləcək mer seçkilərində namizədliyi mərkəzçi “Renew” partiyasından irəli sürülüb. Seçkidə istədiyi nəticəni əldə etməsə belə, yenə də böyük təcrübədir. Qətiyyən ruhdan düşməməlidir. Adının seçki prosesində hallanması özü müsbət hadisədir. Həm də bu addım onun gələcək həyatında yeni çığırlar açacaq. Kamran Balayevin İngiltərə mediasında da yazılarını görürük. Öz təkliflərini səsləndirir. Onun uğurlu təhsil karyerası var. Kembric Universitetinin və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunudur. Eyni zamanda BMT-nin bəyannamələri çərçivəsində insan haqlarının qorunması məsələləri ilə məşğul olan “Sərhədsiz Hüquqşünaslar” təşkilatının qurucusudur”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu