Zelenski Lukaşenkonun legitimliyini tanımadı

Ukraynanın sərt mövqeyi Belarus rəhbərini məyus edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin Belarusa nəzərdə tutulan rəsmi səfəri ləğv olunub. Zelenski avropalı tərəfdaşları ilə həmrəylik nümayiş etdirərək Belarus Prezidenti Aleksandr Lukaşenkonun legitimliyini tanımadığını bəyan edib: “Əgər hakimiyyət bu hərəkətlərini, xüsusilə də hüquq-mühafizə orqanlarının öz xalqına qarşı yönəlmiş hərəkətlərini dayandırmasa, onlar xalqdan cavab alacaqlar”.

O, Ukraynanın Belarus xalqına dəstək verəcəyini vurğulayıb: “Hakimiyyət öz xalqı ilə dialoq imkanı tapmasa, bu, hakimiyyət olmayacaq. Ukrayna həmişə tərəfdaşlarını dəstəkləyəcək və biz bu məsələdə Avropanın bütün ölkələri ilə həmfikirik”. Siyasi şərhçilərin sözlərinə görə, Rusiyadan başqa qonşu və uzaq dövlətlərin əksəriyyətinin Lukaşenkonu tanımaması Minski narahat edən ciddi amil sayılmalıdır. Lakin iddia edilir ki, Ukraynanın sərt mövqeyi Belarus rəhbərini məyus etsə də, Lukaşenko sadəcə Moskva ilə əməkdaşlıq edərək hakimiyyətini davam etdirməyə çalışacaq. 

Məsələni “Şərq”ə təhlil edən “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, əslində Kiyevin bu cür mövqeyi Belarus prezidenti üçün narahatedici məqamdır. Siyasi şərhçi xatırladıb ki, Belarusa həm də Avropa Birliyi tərəfindən uzun müddətdir  sanksiyalar tətbiq olunur:

“Lukaşenkoya Avropanın “son diktatoru” deyirlər. Hər şeyə rəğmən, Lukaşenko qanuni ölkə prezidenti kimi fəaliyyətini davam etdirir. Əlbəttə, sanksiyalar genişləndikcə, Lukaşenkonun legitimliyini tanımayan dövlətlərin sayı artdıqca vəziyyət bir qədər gərginləşə bilər. Ancaq ötən müddət ərzində Belarus prezidenti öz kreslosunu bərkitsə, zamanla bir çox ölkələr onun prezidentliyi ilə barışmalı olacaq. Dünya siyasətində bunun bənzərləri var. İndiki məqamda Lukaşenkonun vəziyyəti nisbətən daha rahatdır, çünki arxasında birbaşa Rusiya var. Əgər o, öz hakimiyyətini qoruyub saxlaya bilsə, bu siyasi böhrandan da çıxacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu