Baş nazirin iradları doğrudur

Büdcə vəsaitlərinə qənaət edilməsinə ehtiyac yaranıb

Baş nazir Əli Əsədov Nazirlər Kabinetində büdcə məsələlərinin müzakirəsi zamanı büdcə təşkilatlarını tənqid edib. Ə.Əsədov bildirib ki, büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır. Onun sözlərinə görə, bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Həmçinin büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir:

“Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir”. Baş nazir deyib ki, prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır. 

Ə.Əsədovun iradları ilə bağlı “Şərq”ə danışan millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, büdcə xərclərində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi prioritet məsələdir. Deputat vurğulayıb ki, pandemiya və neft bazarında yaşanan proseslər fonunda büdcə vəsaitlərinə qənaət edilməsinə ehtiyac yaranıb:

“Baş nazirin iradları doğrudur. İndiki halda büdcə intizamının gücləndirilməsi çox vacibdir. Xüsusən dövlət qurumlarında xərclərin artırılmasına, eləcə də dövlət satınalmalarına nəzarətin güclənməsinə, səmərəliliyin artırılmasına ehtiyac çoxdur.

Bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi zəruridir. Apardığımız monitorinq və təhlillər də göstərir ki, büdcə vəsaitlərinin xərclənməsində səmərəlilik və şəffaflığın artırılmasına ehtiyac var. Xüsusən, dövlət satınalmalarında və tenderlərdə şəffaflığın artırılması ilə bağlı işlər sürətləndirilməlidir.

Doğrudur, İqtisadiyyat Nazirliyi son aylar bu sahədə sistemli fəaliyyət həyata keçirməyi hədəfləyir. Bununla yanaşı, dövlət satınalmalarında həm qanunverici bazanın, həm də praktik mexanizmlərin təkmilləşdirilməsi məqsədəuyğundur. Dövlət büdcəsi hesabına təşkil edilən tenderlərdə şəffaflığın tam təmin olunması büdcə pullarının səmərəli xərclənməsi baxımından vacibdir. Bəzi dövlət qurumları hələ də bir mənbədən satınalmaya, yəni tendersiz alqı-satqıya üstünlük verirlər”. 

V.Bayramovun qənaətincə, tendersiz satınalmalar dövlət vəsaitinin şəffaf xərclənməsinə kifayət qədər şübhələr yaradır:

“Eyni zamanda, büdcə nəzarətinin gücləndirilməsinə ehtiyac var. Bütövlükdə, istər pandemiyanın davam edən aylarında, istərsə də post-pandemiya dövründə büdcə xərclərinin səmərəliliyinin və şəffaflığının artırılması, xərcləmələrin optimallaşdırılması prioritetliyini qoruyub saxlamalıdır”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu