Türkiyənin mövqe ortaya qoyması şərtdir

Şərqi Aralıq dənizi uğrunda mübarizə hələ bitməyib


NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Şərqi Aralıq dənizindəki böhranla əlaqədar Türkiyə və Yunanıstan arasında aparılan texniki danışıqlarda müsbət irəliləyiş var. Onun sözlərinə görə, görüşlər davam edir və bunlar texniki hərbi danışıqlardır. Görüşlərin yarısı NATO-nun qərargahında keçirilib. Məqsəd dənizdə və ya havada insident və qəzaların qarşısını almaq məqsədi ilə dekonflikasiya mexanizmi yaratmaqdır. Baş katib iki ölkə arasında kəşfiyyat danışıqlarının başladılmasını da alqışlayıb:

“Tərəflər əsas narazılığı həll etmək üçün Almaniyanın rəhbərlik etdiyi diplomatik səylərə dəstək veriblər. Almaniyanın diplomatik səyləri kəşfiyyat danışıqlarının narazılığına gətirib çıxarıb.

Mən bunu alqışlayıram”. Siyasi ekspertlərin fikrincə, müzakirələrdə qeyd olunan ilkin “yumşalma” hələlik Şərqi Aralıq dənizindəki qarşıdurmanın zəifləməsi anlamına gəlməməlidir. Çünki Ankara ilə problemi olan yeganə Avropa ölkəsi Yunanıstan deyil. 



Şərqi Aralıq dənizindəki prosesləri “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, bu dənizdə türklərin və yunanların maraqları toqquşur. Analitikin sözlərinə görə, qarşıdurma sadəcə, Türkiyə ilə Yunanıstan arasında deyil:

“Rusiya,  ABŞ, Fransa, İtaliya və bölgədəki digər ölkələr də Aralıq dənizi üzərində iqtisadi, siyasi və hərbi üstünlük əldə etmək istəyirlər. Türkiyə isə öz hüquqlarını qorumağa cəhd edir.

Bu səbəblə Aralıq dənizi Türkiyənin xarici siyasəti və təhlükəsizlik siyasətində getdikcə mərkəz mövqedə yer almağa başlayıb. Türkiyənin strategiyasında Şərqi Aralıq dənizi və Kıbrıs önəmli rol oynayır. Kıbrısın strateji önəmi daha da artıb. Aralıq dənizində təbii qaz ehtiyatlarının kəşfi, Türkiyəni kənarda tutmağa cəhd göstərən yeni ittifaq sisteminin qurulması cəhdi Suriya böhranı, Livan və Fələstin məsələsi nəzərə alınmaqla təhlil edilməlidir.

Şərqi Aralıq dənizində Türkiyə daha əhəmiyyətli olmağa başlayır. Bu vəziyyət Türkiyənin yeni müdafiə və təhlükəsizlik strategiyası hazırlamasını vacib hala gətirir. Türkiyənin gələcək illərdə Şimali Kıbrıs Türk Cümhuriyyətində hərbi donanma bazası qurmağı planlaşdırması, bölgədəki pilotsuz uçuş aparatları qabiliyyətini artırmağa üstünlük verməsi bunun ilk siqnallarından biridir. Lakin  bu, Türkiyənin Aralıq dənizindəki maraqlarını qorumaq üçün kifayət etmir”. 

A.Rəşidoğlu hesab edir ki, Türkiyənin diplomatik güc qazana bilməsi üçün Şərqi və Mərkəzi Aralıq dənizində mövqe ortaya qoyması əsas şərt kimi görünür:

“Bu dəniz Türkiyənin Şimali Afrika sahil xəttinə istiqamətli siyasətdə mühüm rol oynayacağını müəyyənləşdirir. Liviya ilə imzalanan razılaşma Türkiyənin Aralıq dənizində yeni şəraitə uyğunlaşması, geosiyasi rəqabəti qoruması üçün olduqca vacibdir. Türkiyənin Aralıq dənizində mövcud olması geoiqtisadi rəqabətdə Ankaranı önə çıxarır.

Türkiyə-Yunanıstan rəqabəti daxilində formalaşan və NATO-nun cənub cinahında yeni gərginlik sahəsi yaradan Qərbi Aralıq dənizi alt geosiyasətində isə Türkiyənin mübarizəsi daha çətin keçir. ABŞ-ın bu fəallığı dərinləşdirəcək fəaliyyəti açıq görünür. Amerikanın Yunanıstandakı bəzi bazalarını gücləndirməsi bunun işarəsidir.

Eyni zamanda Cənubi Kıbrıs Rum İdarəsinə silah sanksiyasının ləğv edilməsi də Türkiyənin hərbi gücünü balanslaşdırmaq istiqamətində atılmış addımlardır. Bu baxımdan, Şərqi Aralıq dənizi uğrunda mübarizənin bitdiyini ehtimal etmək mümkün deyil”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu