Qığılcımı alovlandıra bilərsiniz

İmtahandan kəsilən övladınızı başqa ali məktəbə daxil olan uşaqlarla müqayisə etməyin


"İmtahan" sözünün ağırlığı hər bir insanı hansı yaşda olursa, olsun həyəcana, narahatlığa salır. Xüsusilə də, yeniyetmələrin həyatlarında önəmli və həlledici məqam sayılan peşə seçimi anını, eləcə də imtahan stresini nəzərə alsaq, bunun abituriyentlərə psixoloji cəhətdən nə dərəcədə ağır təsir etdiyini anlamaq çətin deyil. Həm də nəzərə almalıyıq ki, yeniyetmə yaşlarının özünə xas olan psixoloji durumu var.

Ən çətin məqam isə imtahanların nəticələrinin bəlli olduğu zamandır. Təbii ki, imtahandan keçməyənlərin bu məqamda psixoloji vəziyyətinin gərgin olması heç kəsə sirr deyil. Bəs, bu zaman valideynlər nə etməlidir?

Motivator Sahil Hüseynov açıqlamasında bildirib ki, valideynlər ilk olaraq imtahandan kəsilən övladını imtahandan keçən qohumları, dostları və ya sinif yoldaşları ilə müqayisə etməməlidir. O bildirib ki, onsuz da psixoloji gərgin olan uşağı imtahandan keçən şəxslərlə müqayisə etmək onda qığılcımı alovlandıra bilər:

"Övladınıza keçən il imtahandan kəsilən və təkrar hazırlaşaraq bu il, yəni indiki imtahanda ikinci cəhdlə uğur qazanan insanları nümunə göstərin. Bu həm sizi, həm də övladınızı rahatladacaq. Əksər valideynlər yanlış olaraq övladının imtahanda uğur qazanmasını ailənin şərəf səviyyəsinə qaldırır.

Onsuz da valideynlər "Sən filankəsin övladından daha yüksək nəticə göstərməlisən", "Hazırlığa nə qədər xərc cəkmişik, çalış kəsilmə, o qədər pulu boğazımızdan kəsib vermişik", "Kəsilsən qonşuların, qohumların yanında pərt olarıq" və sair kimi cümlələrlə uşağı psixoloji yükləməklə təzyiq altında qoyub.

Övladınız imtahanda kəsilibsə, dediyiniz bir yanlış söz, baxdığınız bir kinayəli baxış övladınızın özgüvənini, özünə hörməti, yerlə bir edə bilər. Övladınıza olan yanlış münasibətiniz səbəbindən övladınız özünü dəyərsiz, lazımsız, uğursuz hiss edər. Nəticədə isə arzu olunmayacaq davranışa əl ata bilər".

S.Hüseynov diqqətə çatdırıb ki, valideynlər imtahandan kəsilən övladına sevgi və empatiya ilə baxmalıdır:

"Onun xoşbəxtliyinin və sağlamlığının daha önəmli olduğunu, hər zaman yanında olduğunuzu sözlərinizlə və baxışınızla hiss etdirin.

İmtahandan kəsilməsinə uğursuzluq kimi yox, gələcək imtahana daha yaxşı hazırlaşmaq, zəif və güclü tərəflərini öyrənməsi üçün qiymətli bir təcrübə olduğunu xatırladın. Bu, həqiqətən belədir.

Ali məktəbə qəbul olmağın özünü reallaşdırmağın yeganə yolu olmadığını və dünyanın ən aparıcı universitetlərinə qəbul olub sonradan həmin universitetdən imtina edərək öz ideyalarının arxasınca gedən insanların olduğunu xatırladın.

Dünyada bunun çoxlu örnəkləri var. "Həyatının gözəl olması üçün biz əlimizdən gələnin ən yaxşısını edəcəyik. Yetər ki, sən ruhdan düşmə" kimi sözlərlə övladınıza dəstək olun".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu