“Gənclərimiz hər zaman öz vətənpərvəlikləri ilə seçiliblər”

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvən mənbəyidir.  Hazırda ordumuz dünyanın ən güclü orduları sırasındadır. Lakin güclü və qüdrətli ordunun mövcud olmasının əsas səbəblərindən biri vətənpərvərliyi ilə seçilən  xalqdır. Azərbaycan xalqı hər zaman igid oğulları ilə seçilib.  Məlumdur ki, son günlər sərhəddə gərginlik şiddətlənib. Hər zaman olduğu kimi düşmən yenə də xain əməllərindən əl çəkmir. Amma bütün bunlar nə ordumuzu, nə xalqımızı qorxudur. Hərbi vətənpərvərliyi ilə seçilən xalqımız torpaqlarımızın  azad edilməsi uğrunda hər cür çətinliyə hazırdır. Bunu şəhidlərimizin dəfn mərasimlərindən, könüllü orduya yazılan gənclərimizin varlığından görürük.

Xalqımızın hər zaman vətənpərvər olduğunu deyən ehtiyatda olan əsgər Adil Məmmədov “Sherg.az”a bildirib ki, torpaqlarımızın azad olunması yolunda canından keçməyə hazır olan igid oğullarımız çoxdur:

“Bu gün gənclərimizin könüllü olaraq orduya yazıldığının şahidi oluruq. Onlar öz istəkləri ilə müharibəyə getmək, torpaqlarımızı düşmən tapdağından azad edib, vətənimizin keşiyini çəkmək istəyirlər.

Hər zaman Ali Baş Komandanımızın əmrini gözləyirik. Torpaqlarımızın azad edilməsi üçün hər şeyə hazırıq. 2-ci qrup əlil olmağıma baxmayaraq cənab Prezidentimizin döyüş əmrini səbrsizliklə gözləyirəm. Güclü ordumuz var.

Bunu hər kəs, bütün dünya bilir. Bilirəm ki, gənclərimiz müharibəyə hazırdır.

Bu, çox sevindirici və fərəhli bir hissdir. Xalqımızla fəxr edirik. Çünki Azərbaycan xalqı, igid oğulları hər zaman öz vətənpərvəlikləri ilə seçiliblər”.