Koronavirus təhlükəsi bitməyib! – “Soyuq aylarda artım gözlənilir” 

“Qış ayları virus infeksiyaları üçün hər zaman olduğu kimi bu il də risklidir”

“Bunu nəzərdə saxlamağımız, özümüzü və yaxınlarımızı qorumağımız vacibdir”



Koronavirus pandemiyasına dair dünya mediasının yazdıqları, açığı, ürəkaçan deyil. İkinci dalğadan danışılır, vəziyyətin nəzarətdən çıxdığı deyilir. Ölkəmizdəki epidemioloji vəziyyət hələ ki, kontrol altındadır.

Hər halda statistik göstəricilər, hər gün elan edilən rəqəmlər bunu sübut edir. Amma, əlbəttə, təkcə rəqəmlərə baxıb nəticə çıxarmaq olmaz. Özü də belə ciddi rəqib qarşısında. Deməli, mütləq eskpert rəyinə ehtiyac var. 

Həkim-infeksionist Nəzrin Mustafayeva “Sherg.az”a Azərbaycandakı hazırkı epidemioloji durum haqqında fikirlərini bildirib: 

“İndi ölkədəki vəziyyət stabil qiymətləndirilə bilər. Bəzi müəssisələrdə, məktəblərdə, kiçik qruplar şəklində yoluxma halları müşahidə edilsə də, bunu ümumi say olaraq ciddi artım kimi qiymətləndirmək olmaz.



Lakin biz hər zaman dediyimiz kimi, əsas artımı önümüzdəki soyuq aylarda gözləyirik. Hələ məktəblər və fəaliyyətinə icazə verilən müəssisələr də yeni açılıb və bugünkü yoluxma özünü orta hesabla  14 gündən sonra büruzə verir.

Qorunma tədbirlərinə ciddi riayət etməli, payız-qış aylarında bir az daha diqqətli və səbrli olmalıyıq.

Gələcəkdə vəziyyətin necə dəyişməyi ilə bağlı dəqiq bir söz demək çətindir. Lakin müəyyən proqnozlar verilə bilir ki, bunu da artıq hamımız ehtimal edirik. Qış ayları virus infeksiyaları üçün hər zaman olduğu kimi bu il də risklidir.

Bunu nəzərdə saxlamağımız, özümüzü və yaxınlarımızı qorumağımız vacibdir”.