İpoteka ilə bağlı başlıca problem! - “Bank əməkdaşları maklerlərlə əlbir olurlar” – Dələduzluq !  

“Onlar əvvəlcədən topladıqları sənədlərə müraciətlər edirlər”

“Təxminən 24 saat ərzində ipotekaya ayrılan vəsait bitir. Regionda olan və ya öz işi ilə məşğul olan vətəndaşın bundan xəbəri olmur


İpoteka ilə bağlı yaradılan işçi qrupun iclası keçirilib. İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə işçi qrupun ilk görüşü olub, müzakirələr aparılıb. Ekspertlər ipoteka kreditlərinin götürülməsi zamanı yaranan mübahisəli məsələlər və onların həlli yolları barədə açıqlama veriblər.

Xatırladaq ki, Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli qərarına əsasən, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edilə bilər.

Bu halda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.



İpoteka kreditlərinin verilməsinə dair mühüm təkliflər irəli sürən iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a söyləyib ki, bu sahədə əsas məsələ əlçatanlığın təmin edilməsidir. Ekspert söyləyib ki, əksər hallarda ipoteka proqramı dövlət büdcəsindən maliyyələşir:

“Aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün əlverişli mexanizmin yaradılması vacibdir. Amma müəyyən müddət sonra aydın oldu ki, bu kreditlər orta və yüksək gəlirli əhalinin maraqlarına xidmət edir.

Eyni zamanda ipotekaların verilməsində şəffaflığın minimum səviyyədə təmin olunması vacibdir. Bu istiqamətdə tənzimləməni həyata keçirən qurumun özünün qeyri-şəffaf olması diqqət cəlb edir. Məsələn, Azərbaycanda heç kim bilmir ki, yeni ipoteka kreditlərinə nə vaxt başlanacaq. İndi yeni bir mexanizm yaradılıb.

Bu mexanizm elektron formada müraciətə əsaslanır. Bankların ipoteka şöbələrində çalışan əməkdaşların böyük əksəriyyəti maklerlə əlbir olurlar. Onlar əvvəlcədən topladıqları sənədlərə müraciətlər edirlər. Rəsmi məlumatı gözləyən vətəndaşın bundan xəbəri olmur. Təxminən 24 saat ərzində ipotekaya ayrılan vəsait bitir. Regionda olan və ya öz işi ilə məşğul olan vətəndaşın bundan xəbəri olmur. İpoteka sahəsində əsas problemlərdən biri budur”.

İqtisadçının sözlərinə görə, ipoteka kreditləri ilə bağlı digər problem imtinalarla bağlıdır:

“Bir çox hallarda vətəndaşlara kreditlə bağlı imtina edilir. Bunu texniki məsələlərlə izah edirlər. Amma proqramın elektron versiyası yeni təsdiq olunmağa başlayıb. Banklar süni problemlər yaradaraq vətəndaşa imtina edir. Bu problemlər də nəzərə alınmalı və müvafiq tədbirlər görülməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu