Pandemiya qayıdır, dünya səksəkədədir

Milli birlik və vətəndaş həmrəyliyi qlobal bəlalarda ən güclü silahdır

Hökumət və səhiyyə sistemi birgə çevik çalışarsa, xəstəliyin yayılmasının qarşısı alına bilər


Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə digər ölkələrə nümunə ola bilər. Bunu Ümumdünya Səhiyyə Təşkilatı, bir sıra beynəlxalq qurumlar da təsdiq edib. Lakin pandemiya bitməyib və nə zaman bitəcəyi də bəlli deyil. Bu elə bir bəladır ki, yalnız evin qapılarını bağlayıb özünü təcrid etməklə ondan qurtulmaq mümkünsüz görünür. Ümumi evimiz olan dünya – bəşəriyyət bu bəladan xilas olmalıdır. Bu isə yalnız birgə səylərlə mümkündür. Təəssüf ki, hazırda dünyada yaşanan mənzərə ümidverici deyil. Azərbaycan dövləti, Prezident İlham Əliyevin timsalında dünya birliyinə çağırışlar edib, səyləri birləşdirməyi təklif edib və konkret təkliflər irəli sürüb. Bu barədə Prezident İlham Əliyev BMT Baş Assambleyasının sentyabrın 24-də keçirilmiş 75-ci sessiyasının gedişatında ümumi debatlarda videoformatda çıxışı zamanı bildirib. 

Prezidentin nə kimi təkliflər irəli sürdüyünü xatırladacağıq. İndi isə BMT baş katibinin necə həyəcan təbili çaldığına nəzər salaq.     
“Bəşəriyyət yeni koronavirus pandemiyası sınağından keçə bilmədi, xəstəlik səbəbindən həyatını itirənlərin sayı artıq milyona yaxınlaşır”. Bunu BMT-nin baş katibi Antonio Quterreş Baş Assambleyanın iclasında çıxış edərkən deyib və əlavə edib: “Pandemiya beynəlxalq əməkdaşlıq üçün keçə bilmədiyimiz sınaq idi. Koronavirus bütün dünyada 30 milyondan çox insana yoluxub və bir milyona yaxın insanı öldürüb, o, nəzarətdən çıxıb. Bu, qlobal hazırlıq, qarşılıqlı fəaliyyət, birlik və həmrəylik çatışmazlığının nəticəsidir”.

Dünyada həmrəylik gərəkən səviyyədə deyil

Baş katib qeyd edib ki, koronavirus bütün dünyanın üzərini qara bulud kimi alıb:  “Həmçinin o, bizi fəaliyyətə təşviq edəcək xəbərdarlıq oldu. Seçim haqqımız yoxdur. Ya qlobal institutlar çərçivəsində birləşməli, ya da fitnə və xaosla əzilməliyik”.

Göründüyü kimi Birləşmiş Millətlər Təşkilatı Baş katibi dünya ölkələrinin gərəkən birlik və həmrəylik nümayiş etdirməməsindən narazıdır. Nəticə bütün dünya dövlətləri, planetdəki hər bir insan üçün acınacaqlı ola bilər. İrəli sürülən səmərəli təkliflərə etinasız yanaşansa hazırda Ermənistandır və Prezident İlham Əliyev öz çıxışında bu məqama toxunub: “Azərbaycan tərəfindən irəli sürülmüş və BMT Baş Assambleyasının COVİD-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Halbuki, Ermənistanda koronavirusla bağlı vəziyyət çox acınacaqlıdır. Ermənistan bu təşəbbüsün əleyhinə yalnız onun Azərbaycan tərəfindən irəli sürüldüyünə görə çıxış edib. Belə bir təşəbbüsə etiraz irrasional düşüncənin məhsuludur. Bu, Ermənistanda hökm sürən və hökumət tərəfindən təşviq edilən Azərbaycanafobiyanın növbəti təzahürüdür. Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır”.

Prezident Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə atdığı addımlar barədə də dünya birliyini məlumatlandırıb: 
 
- Koronavirus pandemiyası dünyadakı vəziyyəti kökündən dəyişib, nəticədə yeni reallıqlar meydana gəlib. İlkin olaraq virusun inkişafda olan ölkələrə təsir edəcəyi gözlənilirdi. Lakin pandemiya inkişaf etmiş ölkələrə də ciddi təsir edib. Bu, virusun sərhəd tanımadığını bir daha sübut edir. Biz pandemiyanın öhdəsindən yalnız qarşılıqlı dəstək və birgə səylərlə gələ bilərik.

Azərbaycan virusun yayılmasının qarşısını almaq üçün zamanında zəruri addımlar atıb. Azərbaycan tərəfindən “Minilliyin İnkişaf Məqsədləri”nə nail olunması və “Dayanıqlı İnkişaf Məqsədləri” istiqamətində əldə edilmiş tərəqqi ona pandemiya ilə səmərəli mübarizə aparmağa imkan verib. Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib və yenidən qurulub, son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilib və ya əsaslı təmir edilib.

“Vətəndaşların həyatı və sağlamlığı prioritet təşkil edir”

Prezident çıxışında vurğulayıb ki, görülmüş tədbirlər nəticəsində ölkədə COVİD-19 ilə bağlı vəziyyət nəzarət altındadır: “Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın həyatı və sağlamlığı bizim üçün prioritet təşkil edir. İqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilib. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni ölkə əhalisinin yarısını əhatə edir.

Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Biz iki bərabər tranşla Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. İkinci tranş Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub. Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Azərbaycan Respublikası 2016-cı ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilib. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş XVIII Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürüb. Zirvə toplantısındakı çıxışımda qeyd etdiyim kimi, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin mənafelərinin qorunması naminə əlindən gələni edəcək. Azərbaycan ədaləti və beynəlxalq hüququ müdafiə edəcək.

Təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusa qarşı videoformatda Fövqəladə Zirvə görüşü keçirildi. Mən Zirvə görüşündə Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi.
Hesab edirəm ki, Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcək.

Beynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya dövlətlərinə təsiri ölkələr arasında həmrəylik tələb edir. 

Prezident çıxışında təkliflərini də səsləndirdi: 

– Pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması vacibdir və bu, zamanın tələbidir. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir.

– Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır.

– Pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevriliblər. Həmin həssas qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılması məsələsinin aktuallığı artır.

– Vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır.

– Müxtəlif ölkələr tərəfindən “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsi diqqətlə təhlil edilməli və həll yolları müəyyən olunmalıdır.

Qlobal bəladan vətəndaş həmrəyliyi ilə çıxmalıyıq

Bəzən yersiz açıqlamaları ilə gündənə gələn ABŞ Prezidenti Donald Tramp məhz koronavirus pandemiyasına səhlənkar münasibətinə görə siyasi rəqibləri tərəfindən bir neçə dəfə təhqir olunub. Xatırladaq ki, D.Tramp ABŞ-da koronavirusdan yüksək ölüm faizinə görə məsuliyyəti üzərinə götürməkdən imtina etmişdi. Daha sonra Trampın koronavirusla bağlı daha bir qəribə açıqlaması yayıldı. Birləşmiş Ştatların dövlət başçısı koronavirusun peyvəndsiz, öz-özünə çıxıb gedəcəyi ilə bağlı fikir bildirərək bunu “sürü mentaliteti” adlandırdı: “Bu bəla tədricən aramızdan yox olacaq, siz “sürü zehniyyəti” ilə inkişaf edəcəksiniz. Bu onsuz da ötüb keçəcəkdi. Ancaq proses peyvəndlə daha sürətlə baş verəcək”. 
Ekspertlərin fikrincə, ABŞ prezidenti, sadəcə, “sürü mentaliteti” ilə “kollektiv immuniteti” səhv salıb. “Kollektiv immunitet” immunitetin daha çox insanda əmələ gəlməsi ilə virusun yayılmasının kəsilməsini nəzərdə tutur.

Lakin bu bir həqiqətdir ki, tarixdə yaşanmış bütün karantin dövrlərində itkilər, məhdudiyyətlər olub. Yanvar ayından başlayaraq artan sürətlə inkişaf edən koronavirus pandemiyası hər ölkəyə öz təsirini göstərdi. Bu da bir həqiqətdir ki, hər ölkə bu pandemiyadan bir cür çıxacaq. Bəziləri az itki ilə, bəziləri isə sarsılaraq. Bu da dövlətlərin fövqəladə vəziyyətlərə, pandemiyalara hansı dərəcədə hazırlıqlı olmalarından nə dərəcədə asılıdırsa, ictimaiyyətin birliyi, milli həmrəylik nümayişindən daha artıq asılıdır. 

Hökumət və səhiyyə sistemi birgə çevik çalışarsa, xəstəliyin yayılmasının qarşısı alına bilər. Epidemiyanın sürətinin yavaşıdılması səhiyyə sistemlərinin daha az əziyyət çəkməsinə, insanların həyatının daha çox xilas edilməsinə şərait yarada bilər.

Sosial-iqtisadi araşdırmalar, sosial tədqiqatlarla məşğul olan təşkilatların yekdil rəyi budur ki, pandemiyaya qarşı tədbirlər sistemində sosial  kommunikasiya, sosial səhiyyə ən yaxşı nümunələrdən biridir. Sosial kommunikasiya və sosial səhiyyə itkiləri minimuma endirə bilər. Məhz buna görə də aylardır vətəndaşlardan qoruyucu maska taxmaq, ictimai yerlərdə sosial məsafəni gözləmək, kütləvi yerlərə, tədbirlərə getməmək, mümkün qədər təcrid olunmaq, yalnız zəruri hallarda ictimai nəqliyyatdan istifadə etmək tələb olunur.

Və əlbəttə ki, ən əsas tələblərdən biri də sanitar-gigiyena qaydalarına riayət etmək, dezinfeksiyaedici məhlullardan müntəzəm istifadə etmək, qısaca, hər bir vətəndaşdan ilk növbədə özünü qorumaq tələb olunur. Nahaq yerə bu şüar deyilmir ki, birgə olaq, koronavirusa birlikdə qalib gələk. Milli birlik və vətəndaş həmrəyliyi qlobal bəlalarda ən güclü silahdır.     

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu