Təhsil nazirinin təbriki "fırtına" qopardı

Sosial şəbəkə istifadəçiləri Emin müəllimi çətin sual yağışına tutdular

"Ümid edirəm rəyləri oxuyub diqqətə alırsınız, bunu etmirsinizsə, formal şəkildə status yazmağınıza ehtiyac yoxdur"


Təhsil naziri Emin Əmrullayev ali məktəbə qəbul olanları şəxsi feysbuk səhifəsində təbrik edib. 
“Əziz tələbə adını qazanan məzunlarımız, sizi bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə tələbəlik həyatında uğurlar arzulayıram.
Məlum olduğu kimi, bu tədris ili üzrə 42 731 nəfər tələbə adını qazanıb. Onlardan 20 799 nəfər dövlət sifarişi (49 faizə yaxın), 21 932 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İki nəfər isə maksimum nəticə göstərib. Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir. Belə ki, onlardan 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi, 10 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanlardır.
Bir daha hər birinizin sevincini bölüşür, sizə daha böyük nailiyyətlər arzulayıram!”.

“Fırtına” da elə bundan sonra qopub. Nazirin təbriki dünən axşam saatlarına qədər 1500-dən artıq izləyici tərəfindən bəyənilib. Feysbuk səhifəsi hələ də açıqdır. Və nə şərhlər yazılır... Qarşılıqlı təbriklər çoxdu. Sosial şəbəkə istifadəçiləri nazirin səmimi jestini cavabsız qoymayıb. “Biz də sizi təbrik edirik”, “uğurlarınız bol olsun”, “diqqətinizə görə təşəkkürlər” və sair xoş sözləri həm də yığılıb qalmış problemlər, narazılıqlar “təqib edir”. Nazirin təbrikdən sonra feysbuk hesabını açıq saxlaması sosial şəbəkə istifadəçilərinə göydən düşmüş fürsət kimi görünüb. Və boşaldıblar ürəklərini. Distant təhsildəki böhran vəziyyət, müəllimlərin əmək haqqı, müəllimlərin işə qəbulu, dərs bölgüsü, daha nələr, nələr... 

Babalar Qəniyev: Yeni nazirə qarşı yeni ümidlər doğdu. Bəlkə dövlətdə tək-tük insanlardan birisiniz ki, insanlar hörmətlə, çəkinmədən sizə fikrini bildirir. Ümid edirəm rəyləri oxuyub diqqətə alırsınız, bunu etmirsinizsə, formal şəkildə status yazmağınıza ehtiyac yoxdur.

Gülnar İsmayılova: Hörmətli təhsil naziri. Ucqar kəndlərdə onlayn dərs keçmək üçün gərək valideynlərin imkanı olsun. Elə ailələr var ki, sadə telefon işlədir, "w-fi" yoxdur, güclə uşağına borc-xərc paltar alıb məktəb üçün. Elə ailə var ki üç uşaq məktəbə gedir. Evdə " w-f"i – olmalıdı...

Məlahət Muradova: Hörmətli Emin müəllim, xahiş edirik distant təhsildə keyfiyyətin yüksəldilməsinə nəzarət olunsun. İnternet əlaqə zəif, bir evdən 3 uşaq təhsil alır, dərs saatları eyni vaxtda. Axı hər ailənin 3 dənə kompüter almağa imkanı yoxdu. Dərs saatları düzgün bölünmür...

Natavan Qafarova: Hörmətli Emin müəllim, xahiş edirəm, gənclərə, xüsusi ilə ailəli, uşaqlı analara gecəsini gündüzünə qatıb yaxşı, 54 bal toplayıb heç bir yerə düşməyən, özü də ancaq müəllimə olmaq istəyən gənclərimizə yol açılmasını, vakant yerlər təklif edəsiz. Yəni müəllimliyi seçənlər üçün heç saat da önəmli deyil, sadəcə müəllim olmaq, onların arzusudur və bu yolda onlar çox çalışırlar, köməyinizi əsirgəməyin, lütfən!

Suel Agali: Hörmətli Emin müəllim, xahiş edirəm biz gənc müəllimlərə də dəstək olun, 50 bal toplayıb heç bir yerə düşməmək nə deməkdir? Unutmayaq ki, minlərlə  şagird tələbə adını qazanıbsa, bu uğuru müəllimlərə borcludurlar.
700 bala qarşılıq 100 balla universitetə daxil olmaq olur, amma 60 bala qarşılıq 50 balla heç bir yerə düşmək olmur.

Habiloğlu Huseyn: Hörmətli Emin müəllim, mən Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikinci kurs magistr tələbəsiyəm. Öz adımdan və tələbə yoldaşlarımın adından sizdən xahiş edərək demək istiyərəm ki, onlayn dərslərə daxil olmayan və ya ola bilməyən tələbələrə qoyulan qayıblar ləğv edilsin. Bu prosesin gedişatı dayandırılsın. Tələbə yoldaşlarımın əksəriyyəti hazırda rayondadı, dərsə gələ bilmirlər. Ya da onları internet paketləri ilə təmin edin ki, dərslərə qoşula bilsinlər. Bu qərar heç bir məntiqə söykənmir.  

Aysel Abbasova: Cənab nazir, mən də bu il subbakalavların ali təhsil müəssisəsinə  qəbul imtahanından keçdim. Subbakalavr təhsilini ödənişli oxumuşam. Universitetə ödənişli qəbul olduğuma görə oxuya bilməyəcəm. Xahiş edirəm, subbakalavrlar üçün 2-ci təhsili ödənişsiz olsun. Müəllimlik ixtisasının qiyabisi bərpa edilsin, oxuya bilək.

Cahid Salahlı: Salam cənab nazir, 2-ci sinifdə 12 şagird, 4-cü sinifdə 19 şagird var. Sinif otağı 4x7m ölçüdədir. Belə bir dövrdə (pandemiya) bu 2 sinfin komplektləşməsi nə dərəcədə doğrudur, xahiş edirəm cavablandırın. 

Aygün Ağayeva: Cənab nazir, musiqi kollecini bitirənlərə də daimiləşmə şansı yaradın. Hər il imtahan verməkdən, məktəb dəyişməkdən, imtahan stresi keçirtməkdən yorulduq. 5 saat dərsə görə hər il imtahan veririk, kəndə düşərlərə h1, h2 də verilmir. 11 il musiqi üzrə təhsil alırıq, amma bizə daimiləşmə imkanı yaradılmır. Xahiş edirəm, səsismizi eşidin. 
 
Fərid Ağbabalı: Xahiş edirəm, yeni vakansiya qazanmış müəllimlərin əmrlərini yollayasız, 15 gündür çıxarış qəbul olunub, amma hələ əmrlər gəlməyib ki, gedib məktəbdə işimizə başlayaq.

Sərxan Hüseynli: Təşəkkürlər, Emin müəllim. Xahiş edirəm, bu il tələbə adını qazanmış şagirdlərə və digərlərinə təhsil ödənişi yarıyadək azaldılsın. Çünki onlayn təhsilin keyfiyyəti çox aşağıdır.

Təranə Qafarova: Salam cənab nazir, xahiş edirik Abşeron rayonu Xırdalan şəhəri 1 saylı məktəbdə araşdırma aparasız. Niyə rus bölməsi üzrə 4-cü sinif müəlliməsiz qalıb? Məsul şəxslərin heç biri məsələnin həllinə baxmır.

İlkin Xancanlı: Nazirliyin daxili nömrəsini bilən var?.. Cənab nazir, zəhmət olmasa, haqqımın tapdalanmağına imkan verməyin. Zəhmət olmasa, təcili əməkdaşlarınız  055 727 01 35 nömrə ilə əlaqə saxlasın. Sizin daxili nömrənizi bilmirik. 

Mustafa Mirzoyev: Salam. Mən sizi ondan ötəri narahat edirəm ki, mənim əmək haqqımın 50 faizi qədər bank ödənişim var və qalan 50 faiz də qətnamə ilə tutulur.
Təhsildə müəllimə dəstək fondu yaradılıbmı?
Ondan istifadə edə bilərəmmi?

Tural Məmmədov: Xahiş edirik, magistr təhsili olan müəllimlərin maaşını artırasınız. 

Tapdıq Behbudov: Mən də təbriklərə qoşuluram, amma bir şeyi yadda saxlamaq lazımdır ki, o tələbələri yetişdirən müəllimlərdir, sizdən xahiş edirik, vakansiyaları 3 tura çıxardasınız. 

Amil Seyidbəyli: Hörmətli nazir! Gün o gün olsun ki, məktəblərdə vakansiya məsələsi barəsində də sevindirici xəbərlər paylaşasınız. 46 balla çöldə qalmışam. Bəs deyirdiniz 36 keçiddir. Görünən o ki, 55 keçiddir.

Rəşad Qafarov: Salam cənab nazir. Cənab nazir, bir şəxsin atası oğruluq üstündə həbs olunub, şəxs işdə bunu gizlədib, özü də oğurluq edib. Sizcə, təhsilə beləsi rəhbərlik edə bilərmi?

Taleh Abdulmanafov: 49/51 faiz göstərici çox pisdi…

Samira Hüseynli: Cənab nazir, xahiş edirik! Bu müəllimləri yerləşdirə bilməyəcəksinizsə, ya müəllim ixtisasına qəbulu dayandırın, ya da birdəfəlik ləğv edin. Biz də işimizi bilək. Balı yığırsan, bir dənə sevinməyi özünə qalır. Yalandan turları elan edirsiniz… 

Nina Umut: Təhsil Nazirliyi və Rabitə İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi birgə layihə hazırlasın. Distan təhsil məsələsi adı var, özü yoxdu kəndlərdə.

Xalidə Dərvişova: Cənab nazir, bizim ailəmizdə 3 uşaq məktəblidir. 2-si artıq virtual məktəbdə dərslərə başlayıb. Kiçik qızım sentyabrın 28-dən onlayn dərslərə başlayacaq. 1-ci sinifdə oxuyur. Mən və yoldaşım həmin saatlarda işdə oluruq. Hər 3-nün dərs saatları eyni vaxtdadır. Böyüklər öz dərsləri ilə məşğul olduqları üçün, balacaya nəzarət edə bilməyəcəklər. Düzdür,balacam kompüteri işə salmağı bacarır. Önümüzdəki 2 gündə də ona virtual məktəbə daxil olmağı öyrədəcəm. Amma heç kimə sirr deyil ki, virtual məktəbdə də problemlər yaranır. Bu uşaq onları böyüksüz necə həll edəcək? 2,5 saat kompüter qarşısında oturacaqmı? Bu suallar məni çox narahat edir.
30 dəqiqəlik dərsin 5-10 dəqiqəsini müəllim gecikir, qalan vaxtın bir hissəsi müəllimin səriştəsizliyi ucbatından texniki problemlərin həllinə sərf olunur. Vay o gündən ki, uşaqlardan birinin həmin gün kefinin saz olan vaxtına düşə, başlasınlar dərs vaxtı əylənməyə: uşaqların və hətta müəllimin mikrofonunu bağlayır,s uşaqları və hətta müəllimi dərsdən "atır". Sizdən çox xahiş edirəm, məktəblərdə ənənəvi təhsilin bərpası üçün əlinizdən gələni, hətta daha artığını edəsiniz.Teoretik distant dərslər adamın ağlına batır, amma praktikada tam xəyal qırıqlığı yaşayırıq. Uşaqlarımız kor olur. Təhsilə önəm verən, əsl ziyalı kimi sizdən gözləntimiz çoxdur. Xahiş edirəm, bizi naümid qoymayın! Çox sağ olun!

Sosial şəbəkədə yazılanlar bizim nəşr etdiklərimizdən dəfələrlə çoxdur. Hamısına yer vermək qeyri-mümkündür. Sadəcə, təhsil nazirinin feysbuk hesabında təbrik yazıb səhifəni açıq saxlaması bu qədər problemin bir andaca üzə çıxmasına səbəb oldu. Sanki təhsil naziri canlı yayıma çıxmışdı. Canlı yayımlar məhz belə olmalıdır. Hər kəsə açıq.

Ən əsası da qaldırılan problemin qısa zamanda həllinə çalışılmalıdır. Ümid edirik yeni təhsil naziri sosial şəbəkədə açıq fəaliyyət göstərdiyi kimi, nöqsanların aradan qaldırılmasında da təpərli olacaq. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu