"Koronavirus bitməyib, ikinci dalğa sürətlə irəliləyir" - MÜSAHİBƏ

Murad Məmmədli: "Yalnız vaksinasiya əvvəlki həyatımızı yenidən bizə qaytara bilər"

"Koronavirusun varlığını biz həkimlər gördük. İnsanların həyatda qalmaq üçün necə mübarizə apardıqlarını, yəni ölüm-qalım savaşlarının şahidi olduq"

"Koronaviruslu xəstələrlə 90 gün işlədim. Həmin anlar həyatımda ömrümün sonuna kimi unutmayacağım 90 günlük qısametrajlı həyat tərzi oldu"


Azərbaycanda bəzi insanlar hələ də koronavirus adlı infeksiyaya inanmır. Keçirilən sorğular da onu göstərir ki, əhalinin bir qismi tanıdığı birinin virusa yoluxduğunu görmədiyi üçün virusun təhlükəli olduğunu düşünmür. Ancaq bu tendensiya yalnız Azərbaycana xas deyil. Belə ki, sorğulara əsasən, bir çox ölkələrdə də koronavirusun uydurma olduğunu, hər 3 nəfərdən biri isə bu xəstəliyin təhlükəli olmadığını hesab edir. İnsanların şübhədə olması koronavirusun yayılmasında, ona qarşı effektiv mübarizə aparılmasında mühüm rol oynayır. Maraqlıdır, bu şübhənin və laqeydliyin səbəbləri nədir? "Şərq" mövzunu üz-çənə, baş-boyun cərrahı Murad Məmmədli ilə çözməyə çalışıb.



- İnsanların bir çoxu hesab edir ki, koronavirus artıq bitib və məsuliyyətsizlik edirlər. Sizcə, ikinci dalğa ehtimalı varmı?

- Xeyr, bitməyib. Bütün dünya üzrə baxsaq görərik ki, ikinci dalğa artıq başlayıb və sürətlə irəliləyir. Əgər qoyulan sadə qanunlara riayət etməsək, bizi də ikinci dalğa gözləyir.

- Necə düşünürsünüz, pandemiya nə vaxt zəifləyəcək və insanlar vərdiş etdikləri həyat tərzinə qayıda biləcəkmi?

- Bunun iki çıxış yolu var: birincisi vaksinasiya, ikincisi isə kollektiv immunitetdir. Birinci daha effektlidir. Çoxları vaksinasiya adını eşitdikdə qorxu hissi keçirirlər. Amma bu belə deyil. Vaksinasiya əvvəlki həyatımızı yenidən bizə qaytara bilər və bununla normal şərtlərdə yaşaya bilərik.

- Bəs sizcə, kollektiv immunitetin formalaşması yaxın zamanlarda real görünürmü?

- Tez bir zamanda vaksin hazır olmasa, bir ehtimal var...

- Bəzi həkimlər qeyd edirlər ki, koronavirus təbii virusdusa, ilin sonuna kimi yox olacaq. Əgər sünidirsə, olmayacaq. Bu barədə fikirləriniz maraqlıdır.

-  Hər bir virusun özünə uyğun ömrü var. "Covid-19" isə əvvəlki viruslara nisbətən bəzi faktorlara davamlı olduğuna görə mutasiyaya uğrayır. Ən azı ilin sonuna bunun bitdiyni gözləyənlər çoxdur. Lakin hər an hər şey dəyişə bilər. İnşallah ümid edək ki, tezliklə koronavirus bitəcək.

- Necə düşünürsünüz, uşaqlar maska taxmalıdırlarmı?



- Bugünkü təcrübə nəticəsində görürük ki, indiyədək 12 yaşadək koronavirusa yoluxma faktı qeydə  alınmayıb. Bunun isə əsas səbəbi, bu yaş kateqoriyasında olan uşaqların immunitetlərinin güclü olması ilə əlaqədardır. Amma elə uşaqlar var ki, immunitetləri zəifdir və normal halda belə ildə 5-6 dəfə xəstələnirlər. Ümumiyyətlə, pandemiyanin ilk günlərindən hər yerdə bir şüar vardı: "Uşaqları insan sıxlığı olan yerlərdən uzaq tutun!" Əlbəttə, bunu səbəbsiz yerə demirdilər. Ona görə də, hər an hər şeyi nəzərə alaraq uşaqları qorumalıyıq. Onlar bizim gələcəyimizdir. Maska məsələsinə gəldikdə isə yaşından fərqli olmayaraq, bütün qapalı məkanlarda hamı bir nəfər kimi mütləq şəkildə maskadan istifadə etməlidir. Çünki qapalı şəraitdə virusa yoluxma riski böyükdür.

- Bildiyimiz kimi, məktəblər açılıb. Qarşıdakı aylarda onların fəaliyyəti məqsədəuyğundurmu?

- Hər şey koronavirusun yoluxma tendensiyasından asılıdır.

- Bəzi uşaqlarda burun və boğazda normadan artıq ət olur. Onların havalar soyuyan zaman tez-tez  qripə yoluxduqlarını görürük. Bəs, onların belə şəraitdə koronavirusa yoluxma riski çoxdurmu?

- Bildiyimiz kimi, qrip özü də bir virusdur. Uşaqların bir qisminin immuniteti güclü olsa da, müəyyən faizi bundan əziyyət çəkir. Təbii ki, qrip kimi onların başqa bir virusa yoluxma şansıları var. 

- Əhali arasında belə bir fikir var ki, koronavirus yoxdur. Sadəcə, vaksinasiya adı ilə insanlara çiplər yerləşdirəcəklər...

-  Bunu ancaq reallığı görməyən insanlar fikirləşir. Heç bir çipləşdirmədən söz gedə bilməz. Vaksinasiya dərman preparatı tərəfindən aparılır. Bəzi adamlar boş-boş fikirlərlə camaatı aldadaraq panikaya salırlar. Ümumiyyətlə, bu şayiələrə  inanmamaq və belə fikirli insanlardan uzaq olmaq lazımdır.
Həqiqətən, bu gün cəmiyyətə düzgün informasiya vermək və virusun həqiqiliyinə inandırmaq lazımdır. Çünki koronavirusun varlığını biz həkimlər gördük. İnsanların həyatda qalmaq üçün necə mübarizə apardıqlarını, yəni ölüm-qalım savaşlarının şahidi olduq. Oranı həmişə "ön cəbhə" adlandırmışam.

- "Ön cəbhə"...

- Bəli, ora  cəbhədir. Biz də onun önündə duran əsgərlərik.  "Covid-19 " mənim üçün bir həyat dərsi oldu. Koronaviruslu xəstələrlə 90 gün işlədim. Həmin anlar həyatımda ömrümün sonuna kimi unutmayacağım 90 günlük qısametrajlı həyat tərzi oldu. Deyiləsi çox sözlər var... Çətin idi, amma dözürdük. 8 saat skafandırda, ac, susuz və demək olar ki, təmiz havadan məhrum olmuşduq.  Həmin dönəmdə düz  15 kiloqram çəki itirdim. Sağ aşağı ətrafda oturaq sinirin nevralgiyasi yarandı. Ayaqlarımın topuq nahiyəsindəki şişlər hələ indi-indi çəkilir. Həmin skafandırda tərləyərək işlədiyim üçün əllərimdə səpkilər yaranıb. Bu tək mənim yox, bir çox həkimlərin də başına gəldi. Bütün həkimlərin üzünün dərisi çıxırdı, ayaqlarında damarlar şişirdi. Stres, yuxusuz gecələr, bütün bədəndə ağrılar... Biz hər gün bu vəziyyətdə işləyirdik.

- 90 günlük həyatınızda ən çox təsirləndiyiniz an...

- İyun ayının axırlarında şöbəmizə cavan bir oğlan daxil oldu. Cəmi 24 yaşı var idi. Təsəvvür edin, artıq o yaşda həyatda qalmaq üçün mübarizə aparırdı. Xəstəni qəbul edib, ilkin reanimasiyon tədbirləri yerinə yetirdik. Hər gün onun necə mübarizə apardığına baxıb içimdə ağrı hissləri keçirirdim. Hətta elə gün olurdu ki, saatlarla yanından ayrılmırdım. Əlindən tutub ona güclü olmağı, tez sağalacağını deyərək təsəlli edirdim. Panik ataka girmişdi. Ordakı vəziyyətdə inanın ki, normal insan belə panikaya düşər, qaldı ki, xəstə... Bir gün növbəni təhvil verib evə gedəndə, məndən getməməyimi xahiş etdi və yanında qalmağını istədi. Həmin gün yanından 1 saniyə belə ayrılmadım. Gecə səhərəcən yanında oturdum. Səhərə yaxın tənəffüs çatışmamazlığı artdığı üçün STA qoşduq və qarşıdakı günlərdə də onun yanında oldum. Əlimizdən gələni edirdik ki, onu həyatda saxlayaq. Amma çox təəssüf ki, o, xəstəliyə qalib gələ bilmədi. Yanaşı xəstəliyi ona mübarizə aparmağa mane oldu. Mənə o ağır bir zərbə idi. Günlərlə özümə gələ bilmədim. Gecələr yuxularıma onun üzü gəlirdi və bugünkü gündə üzü hələ də gözümün qabağındadır. Bir şeyi deyə bilərəm ki, 90 gün ərzində işlədiyim müddətdə ordakı xəstələrlə birlikdə güldük və birgə ağladıq. Yəni onlarla birlikdə öldük, birlikdə də dirildik. Ən ağrılısı isə xəstə yaxınlarına ölüm xəbəri vermək idi. Həyatda məncə bundan ağır bir hiss insan üçün ola bilməz. Bəli, çox ağır anlar idi. İşlədiyim 15 günün tamamında artıq gecə yuxumda kabuslar başlamışdı: aparatların, həmkarlarımın səsləri, xəstələrin üzləri, yalvarışları və sair. Bu reallığı ancaq yaşayanlar anlayar. 



- Vətəndaşlarımıza hansı məsləhətləri verərdiniz?

-  İlk növbədə vətəndaşlarımız bu virusun reallığına həqiqətən də inansınlar. Son dərəcə məsuliyyətli olsunlar. Virusa dırnaqarası baxmasınlar. Əgər yenə ehtiyac duyularsa, yenə şərəflə öz həkimlik borcumu yerinə yetirməyə hazıram! Amma insanlar həqiqətin fərqində olmalıdır. Bu gün şükür Allaha, vəziyyət stabildir. İnsanların hamısı olmasa da, müəyyən qismi deyilən tələblərə riayət edirlər. Hər kəsin bu işdə məsuliyyətli olması çox vacibdir. Əgər virusa inanmırsınızsa, onda inananların xatirinə karantinə əməl edin. Bilənlərin... görənlərin... xatirinə, nəhayət, Allah xatirinə. Yəni doğrudanmı elementar qaydalara riayət etmək belə çətindir: məsafə saxlamaq, maska taxmaq və əlləri yumaq? Əgər biz bu gün bulvarda, yaxud restoranda sosial məsafə saxlamadan yaşasaq, sabah cəzamız valideynlərimizi, yaxınlarımızı və cavan uşaqlarımızı itirmək olacaq. 

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu