"Əlini, yaxud Vəlini sədr seçməyin mənası qalmır"

Təəssüflər olsun ki, indiki Ağsaqqallar Şurası formal fəaliyyət göstərir

"Ora məni sədr seçsinlər, görsünlər ki, Ağsaqqallar Şurası necə işləməlidir"

Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının qurultayı keçiriləcək. Qurultay onlayn formada təşkil ediləcək. Şuranın sədri vəzifəsinə millət vəkili, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin namizədliyi irəli sürülüb. Professor E.Quliyev 1951-ci ildə Bakı şəhərində anadan olub. O, II, III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin üzvüdür.

1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. Xatırladaq ki, Azərbaycan Ağsaqqallar Şurasının mərhum sədri Fəttah Heydərov avqustun 4-də uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.

Ağsaqqallar Şurasının qurultayı, ümumiyyətlə fəaliyyəti barədə “Şərq”ə danışan professor, türkoloq-alim Firudun Cəlilov deyib ki, ağsaqqallardan ibarət məclis “Dədə Qorqud” dastanında da var. Professorun sözlərinə görə, dastanda ağsaqqallara “qoca” deyilirdi və Alp Aruz “qocalar başı”, yəni “Qocalar Şurası”nın sədri rolunu icra edirdi:

“Min illərdir tariximizdə qocalara, ağsaqqallara hörmət bəslənilib, sözləri dinlənilib. Türkmənistanda da dövlətin ayrıca qurum kimi Ağsaqqallar Şurası var. Romada respublika qurulanda Senat yaradıldı. “Senat” sözü qoca deməkdir və bir növ qocalar təşkilatı anlamına gəlirdi. Türk toplumunda da qocalar təşkilatları parlamentə yaxın qurumlar olub. Tarix boyu önəmli funksiyalar icra ediblər. Sovet dövründə Azərbaycanda Ağsaqqallar Şurası həmkarlar ittifaqları kimi formal qurum rolunu oynayıb. Kommunist Partiyasının təbliğçiləri olublar. Müstəqil olandan sonra yeni Ağsaqqallar Şurası yarada bilmədik, vaxtımız çatmadı”. 

F.Cəlilov vurğulayıb ki, əslində Ağsaqqallar Şurası tamamilə fərqli formada çalışmalıdır:

“Məsələn, deyək ki, Azərbaycanın Naxçıvan da daxil 80 rayonu var və hər rayondan bir ağsaqqal seçilir. Rayonun seçdiyi ağsaqqallar Bakıya göndərilir və 80 ağsaqqal özləri üçün İdarə Heyəti seçirlər. İdarə Heyətinin üzvləri isə içlərindən sədri müəyyən edirlər. Struktur belə olmalıdır. Təəssüflər olsun ki, indiki Ağsaqqallar Şurası da formal fəaliyyət göstərir. Şuranın məhz indiki formada mövcud olmasının heç bir əhəmiyyəti yoxdur. Amma Şura mən deyən səviyyədə qurularsa, faydalı iş görə bilərlər. Ağsaqqallar Şurası dövlət başçısına ayda, heç olmasa, bir dəfə məruzə edərək hansı regionda nə problem olduğunu diqqətə çatdırmalıdır.

Məsləhət şurası funksiyasını icra etməlidir. Bizdə bu olmadığına görə, Əlini, yaxud Vəlini sədr seçməyin mənası qalmır. Ora məni sədr seçsinlər, görsünlər ki, Ağsaqqallar Şurası necə işləməlidir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu