Orduya təlimə çağırılanların iş maaşları saxlanmalıdır

Bu məsələdə dövlət də sahibkarlara dəstək olmalıdır

Ehtiyatda olan zabitlətin hərbi təlimlərə cəlb edilməsi ilə bağlı müəyyən narazılıqlar meydana çıxıb. Bəzi müəssisə rəhbərləri təlimlərə yollanan zabitlərin-işçilərinin əməkhaqlarını kəsirlər. Bu, nə qədər doğrudur?! Axı vaxtı ilə sinəsini vətəninə sipər edən adam yenə ən müqəddəs borcunu yerinə yetirməyə gedir. Burada nə problem ola bilər ki?! 

  “Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli  də bu məsələdən narazıdır. O, hərbi təlimlərə gedənlərə bir aylıq əlavə maaş verilməsini təklif edib: “Sosial şəbəkədə hərbi toplanışa çağırılanların iş yerləri məsələsi barədə suallar yayılıb. Ölkə qanunvericiliyinə əsasən, toplanışa cəlb olunanların istər özəl, istərsə də dövlətə məxsus iş yerləri saxlanılır və onların əməkhaqqı da verilir.

Ehtiyatda olan hərbi qulluqçular vətəni qorumaq kimi şərəfli bir iş üçün Müdafiə Nazirliyinin göstərişi ilə toplanışlara cəlb olunublar. "Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyi prosesi yaxından izləyir və bu xüsusda problemlə qarşılaşan ehtiyatda olan qulluqçular bizə və Səfərbərlik Xidmətinin istənilən şöbələrinə müraciət edə bilər. Düzü, inanmıram belə şey olsun, olsa da, bu məsələlər öz yerini tapar. Təşkilat olaraq, dövlət və özəl müəssisələrin rəhbərlərinə müraciət edəcəyik.

Təklif edəcəyik ki, təlimlərdən gələn işçilərinə bir aylıq məvacib versinlər. Onlara xüsusi qayğı göstərilsin. Həmin kollektiv də bununla qürur duysun ki, onların üzvü həmin təlimlərdə iştirak etdilər. Nəzərə almaq lazımdır ki, təlimə gedən şəxs işdə 8 saat qalırdısa, toplanışa 24 saat ayaq üstə qalaraq, ailəsindən uzaqda vətəni, xalqı üçün gedib”.

İqtisadçı-ekspert, keçmiş millət vəkili Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında bu təklifi müsbət qiymətləndirdiyini deyib:

“Əlbəttə, ehtiyatda olan zabitlərin təlimə dəvət edilməsi normal haldır. Bu, onların peşəkarlığının artırılması naminədir. Həmin zabitlərin əməkhaqları olduğu kimi saxlanılır. Həmçinin ehtiyatda olan və təlimlərə cəlb edilən hərbi qulluqçular  əlavə imtiyazlara da sahibdirlər. Əlavə maaş verilməsi məsələsi qanunvericilikdə yoxdur. Amma belə bir təşəbbüsün təşviqedici addım kimi atılmasında qəbahət yoxdur”. 

N.Bəydəmirli, həmçinin bildirib ki, müəssisə rəhbərlərinin həmin kateqoriyadan olan işçilərinin maaşlarını kəsməsi düzgün deyil:


“Düzdür, bu, qanuna ziddir. Ancaq nəzərə almaq lazımdır ki, sahibkarların da öhdəlikləri var. Onlar da vergi ödəyicisidirlər. Ona görə, kompensasiya məqsədilə dövlət büdcəsindən vəsait ayırılmalıdır. Bunun üçün isə konkret mexanizm hazırlanmalıdır”. 

Sabiq millət vəkilinin fikrincə, orduya çağırışda müəyyən dəyişikliklər edilməlidir:

“Azərbaycan müharibə şəraitində olduğuna görə, NATO standartlarına uyğun peşəkar zabitlərdən ibarət, komplektləşdirilmiş ordu yaradılmalıdır. 18 yaşına çatmış çağırışçıların orduya cəlb edilməsi müvəqqəti xarakter daşıya bilər.

Amma bir daha deyirəm, mövcud vəziyyət peşəkar ordu tələb edir. Bir neçə il əvvəl MAXE sistemində edilən dəyişiklik zamanı rüşvətxorluq kimi hallar ümumi vəziyyətə mənfi təsir etdi. Odur ki, müqavilə imzalanmalı və orduda xidmət edənlərə yüksək əməkhaqqı verilməlidir.

Çağırış isə birdən-birə olmamalıdır. Bu, sahibkarların işini iflic etmək deməkdir. Prezidentin fərmanı ilə ölkədə səfərbərlik elan olunmayıbsa, çağırış planlı şəkildə həyata keçirilməli, gənclərə və ehtiyatda olanlara əvvəlcədən xəbərdarlıq edilməlidir. Tutalım, Gədəbəy qeydiyyatlı bir nəfər Bakıda yaşayır.

Zəng edib onu sabah çağırış məntəqəsinə çağırmaq nə qədər doğrudur?! Həm də əgər ehtiyatda olan zabit qəfildən gedirsə, müəssisə rəhbəri bunu səhlənkarlıq kimi qiymətləndirə bilər.

O, işçisini axtarıb harda tapacaq ki? Bütün bunların səbəbi isə çağırışın kampaniyaçılıq əsasında həyata keçirilməsidir. Vətəndaşın harda olmasından asılı olmayaraq ona bir müddət əvvəldən xəbərdarlıq edilməldir”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu