“Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur”

“Eyni zamanda ölkə başçısının dünyada siyasi nüfuzu və çəkisi də getdikcə artır”


“Təqdirəlayiq məqam odur ki, BMT-nin informasiya portalı Prezident İlham Əliyevin çıxışlarını xüsusi xəbər kimi yayıb”. 
 
Bunu “Sherg.az”a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. 

Siyasi şərhçi bildirib ki, bu faktın özü dövlət başçısının çıxışının əhəmiyyətini, aktuallığını göstərməklə yanaşı, həm də siyasi nüfuzun və çəkisinin əyani göstəricisidir”: 

“Dövlət başçısı İlham Əliyev Ermənistanın işğalçı mahiyyətini siyasi soyuqqanlılıq və tutarlı faktlarla beynəlxalq ictimaiyyətin gözü qarşısında hər dəfə ifşa edir. Bu dəfə də ölkə başçımız BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında geniş, əhatəli və sistemli çıxış etdi, bir sıra mühüm məqamlara toxundu. Hər şeydən öncə Ermənistan və Azərbaycan arasında olan fərqi anlamaq üçün qısa bir təhlilə ehtiyac var.

Modern çağımız yeni dünya nizamının gətirdiyi yeniliklərə adekvat davranaraq demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlıdır. Cənab Prezidentin yürütdüyü balanslaşdırılmış daxili və xarici siyasət konsepsiyası ilə Azərbaycan da müasir dünyanın yeni çağırışları ilə bərabər irəliləyir, beynəlxaq hüququn norma və prinsiplərinə hörmətlə yanaşır.

Bu gün Azərbaycan beynəlxalq aləmin etibarlı tərəfdaşı kimi qəbul olunur. Eyni zamanda ölkə başçısının dünyada siyasi nüfuzu və çəkisi də getdikcə artır. Bundan əlavə, ölkə daxilində müxtəlif siyasi partiyalar üçün bərabər və eyni imkanlar platforması təqdim olunur.

Bunun əyani sübutudur ki, bir neçə ay öncə Azərbaycan hakimiyyəti geniş siyasi dialoq təşəbbüsü başlatdı.

Prezident Admnistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev müxtəlif siyasi partiyaların sədrləri və nümayəndələri ilə mütəmadi görüşlər keçirir. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəklədilər”.

Analitik qeyd edib ki, son dövrlər ölkədə sosial, iqtisadi, mədəni, ictimai-siyasi sahədə aparılan islahatlar bəhrəsini verir: 

“Xüsusən çoxpartiyalı sistemin inkişafı, iqtidarla müxalifət arasında qarşılıqlı anlaşma şəraitində keçən dialoq prosesi, ölkə başçısının əlamətdar günlərdə partiya liderlərini təbrik etməsi, Qarabağ məsələsində 43 siyasi partiyanın bəyanat verərək orduya və Ali Baş komandana dəstək verməsi ictimaiyyət tərəfindən də təqdirlə qarşılanır.

Hakimiyyətlə müxalif siyasi qüvvələr arasında dövlətin milli təməl prinsiplərinin rəhbər tutulması barədə razılıq əldə olunur, partiyaların dini, etnik, irqi ayrı-seçkiliyə yol verməməsinin vacibliyininin əhəmiyyəti vurğulanır.

Bütün bunların əksinə olaraq son dərəcə aqressiv, terroru dövlət siyasəti həddinə çatdıran, işğalçı siyasət yürüdən Ermənistanda faktiki olaraq diktatura rejimi qurulub. Ermənistanda demokratiya, söz və mətbuat azadlığı, insanların şikayət etmək hüquqları əllərindən alınır.

Hakimlər təzyiq və şantaja məruz qalır, jurnalistlər, müxalifət fəalları və siyasi opponentlər despotik rejim tərəfindən təqib və həbs edilir.

Azərbaycana qarşı təcavüz səbəbindən Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üz-üzədir. Baxmayaraq ki, iki il bundan əvvəl Ermənistanda rejim dəyişikliyi baş verdi, bu uğursuz dövlətin faşist ideologiyası dəyişməz olaraq qaldı.

Ölkənin iki sabiq prezidentinə qarşı cinayət işləri açılıb. Erməni jurnalist və siyasətçi Mher Yeqizaryan 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi aclıq nəticəsində ölüb. Buna baxmayaraq “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və digərləri Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə göz yumurlar.

Səbəb isə dünyada insan haqları ilə məşğul olan bir çox “qeyri-hökumət təşkilatları”na sponsorluq edən SOROS-un Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsi ola bilər”.

Ş.Hüseynova vurğulayıb ki, Ermənistanda daxili vəziyyət ağırdır, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər: 

“Hazırda ölkədə siyasi münasibətlər böhran həddinə çatıb. 20 ildən artıq idi ki, Ermənistan səhra komandirləri tərəfindən idarə olunurdu. İndiki rejim də əvvəlkilərin təcrübəsini davam etdirir. Paşinyan qısa zaman kəsiyində ölkədə hər şeyi daha da pisləşdirdi. Ermənistanın iqtisadiyyatı çökdü, ölkə pandemiyaya məruz qaldı və uçuruma düşdü.

Bu gün Ermənistan beynəlxalq maliyyə qurumlarından vəsait dilənməklə məşğuldur. Azərbaycana qarşı hərbi təcavüzün nəticələri aradan qalxmayana qədər Ermənistan inkişaf perspektivlərindən məhrum qalacaq”.

Politoloqun fikrincə, məhz bu faktların özü də Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə çox mənfi təsir göstərir: 

“Ermənistanın cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Təəssüf ki, Ermənistanın hazırki rəhbərliyi də bu məsuliyyəti dərk etmir. Bu cür addımların nəticəsini düzgün təhlil edə bilmirlər. Buna baxmayaraq, Ermənistanda rasional düşüncəli insanlar və siyasətçilər var. Bu cür insanlar artıq bu məsələni qaldırırlar və Ermənistanın bugünkü rəhbərliyinin ölkəni uçuruma apardığını dilə gətirirlər. Heç şübhəsiz ki, Ermənistanın bu cür siyasəti beynəlxalq aləm tərəfindən də mənfi qarşılanır.

Məsələn, Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Təkcə bu faktı demək kifayətdir ki, bu ölkənin nə qədər aqressiv, bəşəri dəyərlərə zidd siyasət yürütdüyü məlum olsun”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu