İnformasiya təhlükəsizliyi daha vacibdir: “Peşəkar resurslara inanın"

“Düşmən təşviş yaratmaq, xalqımızı çaşdırmaq üçün müsbət xəbərlər paylaşa bilər”

“Unutmamalıyıq ki, hər bir məlumat əsgərlərimizin də həyatına təsir edə bilər”

“Ona görə də maksimum dərəcədə diqqətli olmalıyıq”


Dünən saat 06:00 radələrindən Ermənistan genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutub. Düşmənin son təxribatı cəhbədə vəziyyətin yenidən gərginləşməsinə səbəb oldu. Azərbaycan Silahlı Qüvvələri separatçı rejimin təxribatına cavab olaraq lazımi tədbirlər görüb.
Məlumdur ki, ermənilərin ölkəmizə qarşı yalnız hərbi yox, informasiya sahəsində də müharibə aparır. İndiki məqamda çox ehtiyatlı olmağımız lazımdır. Düşmən saxta profillər açıb müxtəlif yollarla sosial şəbəkələrdə təxribatla məşğuldur. Bu baxımdan ölkəmizdə informasiya təhlükəsizliyi prioritet məsələlərdən biridir. Cəmiyyətin təhlükəsizliyinin əsas elementlərindən biri kimi informasiya təhlükəsizliyinin vəzifələri var: hansısa məlumatın gizliliyi, tamlığı, əlyetərliyi və kütləvi qorxu, vahimə yaradan məzmuna qarşı mübarizə. 

Vəziyyəti dəyərləndirən  “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı “Sherg.az”a bildirib  ki, indiki məqamda ölkəmizdə hərbi vəziyyətlə əlaqədar olaraq internetə çıxış imkanında məhdudlaşdırmalar var. Onun sözlərinə görə, xalqımızın ayıq-sayıq, diqqətli olması bu gün ən vacib nüanslardan biridir:

“Təəssüf ki, bəzi vətəndaşlarımız müxtəlif  VPN proqramlarından istifadə edərək sosial şəbəkələrə daxil olurlar. Bu, o qədər də yaxşı hal deyil. Çünki VPN-lər şəxsi məlumatların əldə olunması üçün çox yaxşı bir açardır. VPN şirkəti bu proqramı yükləyən şəxsin bütün məlumatlarını əldə edir. Əsasən cəbhə bölgəsinə yaxın olan vətəndaşlarımız VPN proqramı yükləyirlər.

Amma nəzərə almaq lazımdır ki, düşmən şəxsi informasiyalarımızı əldə edə bilər. Mütləq sosial mediada rəsmi xəbərlərə və etibar olunan, peşəkar  informasiya resurslarının məlumatlarına inanıb onları paylaşmaq lazımdır. Əlbəttə xalqımız sevinir, fərəhlənir. Onlar tezliklə yaxşı xəbər almaq istəyirlər. Təbii ki, torpaqlarımızın azad olunmasına dair paylaşım etmək haqqımızdır. Lakin nəzərə almaq lazımdır ki, düşmənin feyk profilləri var”.

 V.Mahirqızı vurğulayıb ki, düşmən təşviş yaratmaq, xalqımızı çaşdırmaq üçün müsbət xəbərlər paylaşa bilər:

 “Məsələn, hansısa rayonun azad olunduğunu yazırlar. Həmin rayonlar azad edilmədikdə əhalimizdə ruh düşkünlüyü yaranır. Bunlar informasiya texnologiyalarında düşünülüb, sınaqdan keçmiş metodlardır. İllərdir, fəaliyyət göstərən dəqiq informasiya resurslarımız var. Həmin mənbələrə inanmaq lazımdır. Bacardıqca xəbər saytlarımızın təhlükəsizliyini də təmin etmək gərəkir”.

 Holdinq rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə yalnız və yalnız rəsmi və düzgün informasiyalar paylaşılmalıdır:

“Mütləq etibar olunan informasiya resurslarına inanmaq lazımdır. Qohumdan-qonşudan eşitdiyimiz, hətta özümüzün şahidi olduğumuz hadisələri paylaşmaq olmaz.  Başa düşürəm, belə məqamlarda həyəcan, fərəh, sevinc hissi var. Amma daha vacibi informasiya təhlükəsizliyimizdir. Unutmamalıyıq ki, hər bir məlumat əsgərlərimizin də həyatına təsir göstərə bilər. Ona görə də maksimum dərəcədə diqqətli olmaq lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu