Bu fürsəti qaçıra bilmərik! - “Ordumuz Ermənistanı sülhə vadar etməlidir” – Vətən müharibəsi !

İndiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmədiyinə, sadəcə turistlər kimi o tərəf - bu tərəfə səfər etdiyinə görə ATƏT-in Minsk qrupunu tənqid edir, hər vəchlə həmsədrləri “qış yuxusu”ndan oyatmağa çalışırdıq. Amma biz çox dedik, onlar az eşitdilər. Bundan sonra nə qədər yatırlar yatsınlar. Yuxuları şirin, yorğanları qalın olsun.

 Vasitəçilərin yuxunu sevməkdə ayıdan da betər olduqlarını görüb torpaqlarımızın azad edilməsi istiqamətində hərb yolunu seçdik. Azərbaycan ordusu əzmkarlıqıla Dağlıq Qarabağa doğru irəliləyir. İndi Azərbaycan əsgərinin hər addımında zəfər var! Düşməni məhv edən bu zəfərlər, həm də ATƏT-in Minsk qrupuna tərs sillədir.

 Millət vəkili, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov “Sherg.az” beynəlxalq təşkilatların indiyədək davam etdirdiyi siyasətdən danışdı: 

“Beynəlxalq təşkilatlar istisnasız olaraq Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımaqla bağlı fikirlər ortaya qoyurlar. Amma bunlar sadəcə dildə, kağız üzərindədir. Əməldə isə tam əks mövqe sərgiləyirlər. Beynəlxalq qurumlar işğalçıya öz bəyanatlarına uyğun, heç bir real təzyiq tətbiq etmirlər. Onlar guya Minsk qrupunun işinə mane olmamaq üçün səssiz qalırlar.

Minsk qrupu isə öz işilə məşğul olmur və Azərbaycanın maraqlarına zidd siyasət yeridir. Ermənistan bundan səmərəli istifadə edərək, azğınlaşmağa başlayır. Ard-arda törədilən təxribatlar bunun bariz nümunəsidir.

Düşmən düşünürdü ki, Azərbaycan yaratdığı infrastuktur layihələrinin dağılmasından çəkinərək geniş miqyaslı hərbi əməliyyatlara başlamayacaq.  Beləliklə, gücsüzlüyünü nümayiş etdirəcək. Bu, onların ən böyük səhv idi. Düşmən qazdığı quyuya özü düşdü”.

 S.Seyidov, həmçinin işğal altındakı torpaqların Azərbaycan üçün əhəmiyyətinə də toxundu: 

“Düşmən elə bilirdi ki, Dağlıq Qarabağ Azərbaycanın sadəcə iyirmi faiz ərazisidir. Bu torpaqları tədricən unudacağımızı düşünürdülər. Çünki Ermənistan onlardan ötrü heç vaxt vətən olmayıb.

Lakin Dağlıq Qarabağ, xüsusilə Şuşa azərbaycançılığın tərkib hissəsi yox, məhz özüdür. Azərbaycan xalqının mentalitetinin kökü, sütunudur. Bu sütundan imtina edən azərbaycanlı ola bilməz.

Düşmən bilməlidir ki, uzun illər də keçsə, heç bir azərbaycanlı-nə yaşlı, nə də gənc öz tarixi torpaqlarından əl çəkməyəcək. Azərbaycan indi vətən müharibəsi edir. Biz bu fürsəti qaçıra bilmərik. Azərbaycan ordusu Ermənistanı sülhə vadar etməlidir. Əlbəttə, Dağlıq Qarabağı tam boşaldandan sonra”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu