“Xalqımız dövlətimizlə, ordumuzla birlikdədir”

“Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək”

“Münaqişə hansı yolla olursa-olsun tezliklə öz ədalətli həllini tapacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq”



Şanlı ordumuz düşmənin cəbhəboyu zonada yerləşən mövqelərimizi atəşə tutumasına  layiqli cavabını verdi. Separatçı rejim növbəti təxribatını törətdi. Amma Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dərhal genişmiqyaslı əks hücum əməliyyatlarına başladı. Ordumuzun zəfərlərindən qürur duyaraq, uzun illərdir, bütün sahələrdə aktiv iştirak edən gənclərimiz var. Yaşından asılı olmayaraq hər bir gəncimiz Ali Baş Komandanın ətrafında sıx birləşib. İgid oğullarımız istənilən an ordumuza qoşulmağa, ön cəbhədə döyüşməyə hazırdır.



Mövcud durumla bağlı “Sherg.az”a danışan millət vəkili Mahir Abbaszadənin sözlərinə görə, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir.Və bu,  çox qürurverici haldır. Parlamentari bildirib ki, düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir:

 “Düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq. İşğal olunmuş ərazilərimizin azadlığı uğrunda həlak olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar şəhidlik zirvəsinə ucalaraq qəhrəmanlıqları ilə gənclərimiz üçün nümunədirlər.

Azərbaycan xalqı müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid verməyi bacardığını dəfələrlə sübut edib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqını heç zaman məğlub etmək mümkün deyil. Millətimiz mərd və yenilməzdir”.

Deputat vurğulayıb ki, bu gün Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. İqtisadi böhran içərisində çabalayan işğalçı dövlətin güclü ordudan danışması qeyri-mümkündür:

 “Ən əsası Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında duruş gətirmək imkanında deyil. Bəzi güc mərkəzləri işğalçı dövləti silahlandırmaqla ona ölkəmizə qarşı yeni müharibəyə başlamaq üçün dəstək göstərirlər.

Amma qüdrətli  ordumuzun hər an çirkin təxribatların qarşısını böyük qətiyyətlə aldığının şahididirlər.

Xalqımız daim dövlətimizlə, suverenliyimizin qarantı olan ordumuzla birlikdədir. Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək. Münaqişə hansı yolla olursa-olsun tezliklə öz ədalətli həllini tapacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu