Distant təhsilin dayandırılması daha məqsədəuyğundur


Osman Gündüz: "Hərbi vəziyyətlə əlaqədar olaraq internetə qoyulan məhdudiyyətlər tam doğru bir qərar idi"

Cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.
Ötən gündən başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb və xüsusilə də mülki əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib.
Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında bildirib ki, ölkədə hərbi vəziyyətlə əlaqədar olaraq internetə qoyulan məhdudiyyətlər tam doğru bir qərar idi. O.Gündüz vurğulayıb ki, hazırkı durumla bağlı olaraq distant təhsilin qısamüddətlik dayandırılması daha məqsədəuyğundur:

"Hazırda televiziya vasitəsilə alternativ tədris proqramları verilir. Üstünlüyün ona verilməsi və distant təhsilin müvəqqəti dayandırılması doğru olar. Onsuz da internet üzərində istifadə zamanı başqa məqamlar da ortaya çıxır. Nəzərə alaq ki, onlayn təhsil prosesində vatsapdan daha çox istifadə edilir. Bu zaman valideynlər, müəllimlər, şagird və tələbələrin bir çoxu  həmin proqramdan istifadə etmək üçün vpn-lərə üstünlük verirlər.

Onlar isə daha çox təhlükə törədir. Düzdür, bloku açmağa, baryeri açmağa kömək eləsə də, vpn-lər həm milli, həm də vətəndaşların təhlükəsizliyi üçün təhlükəli risklər yaradır.

Bu məqsədlə hərbi vəziyyətdə distant təhsilin dayandırılması və televiziyada tədris proqramlarının keçirilməsini labüd hesab edirəm".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu