Paşinyan bilir ki, Azərbaycan torpaqlarını qaytaracaq

Ermənistan hakimiyyətinin özlərinin real məğlubiyyəti ilə bağlı da ictimaiyyətə verəcək cavabı artıq hazırdır


"Paşinyan hakimiyyəti Azərbaycanın istənilən üsulla gec-tez torpaqlarını qaytaracağını bildiyindən döyüşlərə başlayır ki, heç olmasa, danışıqlar yolu ilə deyil, müharibə nəticəsində ərazilərin işğaldan azad olunduğunu əhalisinə əsaslandıra bilsin".
Bu sözləri politoloq Xəyal Bəşirov deyib. O bildirib ki, erməni saytları və ermənilərə yaxın olan Rusiya xəbər saytları tam əksinə məlumatlar tirajlayaraq döyüş əməliyyatlarını Azərbaycan tərəfinin başladığını bildirirlər:

"Düşünürəm ki, Paşinyan hakimiyyətə gəlmək üçün fərqli məsələlərdə, o cümlədən də Qarabağ problemi ilə bağlı müxtəlif istiqamətlərdə fərqli vədlər verdiyinə görə, bu gün özünü və hakimiyyətini layiq olduğu çətin duruma salıb.

Ermənistan əhalisinə Qarabağı özlərinin nəzarətində saxlayacağına, onu hakimiyyətə gətirən bir sıra xarici qüvvələrə isə nəticəsindən asılı olmayaraq problemi həll edəcəyinə verdiyi bir-birinə ziddiyyətli sözləri yerinə yetirmək üçün son şansını reallaşdırmağı düşünür.

Paşinyan hakimiyyəti hazırda Ermənistan ordusunun nəinki ondan qat-qat güclü olan Azərbaycan ordusu ilə, ümumiyyətlə, müharibə aparmaq iqtidarında olmadığını çox gözəl bilir. 

Gedəcək döyüşlərdə qanunsuz terrorçu dəstələrin hesabına Ermənistan əhalisindən olan əsgərlərin sayının mümkün qədər minimuma endirilməsi, digər tərəfdən onların vasitəsi ilə döyüşlərin müddətini mümkün qədər uzatmağı düşünən Ermənistan hakimiyyətinin özlərinin real məğlubiyyəti ilə bağlı da ictimaiyyətə verəcək cavabı artıq hazırdır.

Bu yolla Azərbaycan tərəfinin işğaldan azad edəcəyi əraziləri onlara sülh yolu ilə qaytarmadığını, onun dili ilə desək, “Azərbaycan ordusunun təxribatı nəticəsində Ermənistanın nəzarətindən çıxması” ilə bağlı özünə haqq qazandırmağa çalışacaq.

Ermənistan əhalisi və hakimiyyətindən fərqli olaraq, Azərbaycan dövləti, xalqı və onun ordusu üçün Qarabağ qeyrət, namus, qisas və ana məslək xarakteri daşıdığı üçün bizi yalnız işğal olunmuş torpaqlarımızın azad olunması, bu yolda həyatını itirmiş insanlarımızın qanının yerdə qalmaması və ərazi bütövlüyümüzün təmin olunması düşündürür! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir.

Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Uca Tanrı Azərbaycanı və onun qəhrəman övladlarını qorusun!".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu