Cəbhə bölgəsində böyük ruh yüksəkliyi hökm sürür

Təsəvvür edin, düşmənlər şəhəri, mülki əhalini vururlar, amma heç kim qorxub-çəkinmir, öz yerini tərk etmir


Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı əməllərini davam etdirərək Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutur. Mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün beynəlxalq norma və prinsipləri ayaq altına ataraq dinc əhalini, çoxsaylı ev və mülki obyekti, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Son iki gün ərzində xeyli sayda mülki şəxs erməni təcavüzünün qurbanına çevrilib. Erməni bölmələrinin sentyabrın 27-də Naftalan rayonu ərazisinə atdığı mərminin evə düşməsi nəticəsində evdə olan 5 nəfər həlak olub. Həyatını itirənlərdən ikisi məktəblidir. Bundan başqa, Tərtər və Ağdamda da düşmən təcavüzü mülki şəxslərin həyatına son qoyub, onlarla şəxs yaralanıb.

Xüsusilə qeyd edilməlidir ki, düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlər ağır artilleriyadan intensiv atəşə tutulur. Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Beynəlxalq qurumların ermənilərin hərbi cinayətlərinə göz yumması isə narahatlıq doğurur. 



Düşmənin mülki şəxsləri və yaşayış obyektlərini qəsdən hədəf seçməsini “Şərq”ə dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, ermənilər hər zaman silahsız, sivil adamları hədəf seçiblər. Bu da düşmənin acizliyini, gücsüzlüyünü göstərir:

“Ermənilər güclü ordumuzla baş edə bilmədikləri üçün mülki şəxslərimizə atəş açırlar və bununla qorxduqlarını göstərirlər. Əfsuslar olsun ki, mülki şəxslərdən dünyasını dəyişənlər, yaralananlar var.

Hətta azyaşlı uşaqlar da vəhşi düşmənin silahına tuş gəliblər. Əlimizdəki bütün faktları, fotoları beynəlxalq təşkilatlara təqdim etməli və çalışmalıyıq ki, ən azından düşmənin bu vəhşiliyinə görə təzyiq göstərsinlər. Ermənilərin mülki şəxsləri təhdid etməsinin qarşısını alsınlar.

Ancaq onu deyim ki, Azərbaycanın hər bölgəsində, o cümlədən cəbhə xəttinə yaxın rayonlarda böyük ruh yüksəkliyi var. Mən ayın 27-dən Ağdam-Tərtər bölgəsindəyəm. Həm xalqın, həm də ordumuzun vətənpərvərliyi, döyüş ruhu çox böyükdür. Təsəvvür edin, düşmənlər şəhəri, mülki əhalini vururlar, mərmilər insanların lap yaxınlığına düşür, amma bölgənin cəsur sakinləri reaksiya vermirlər. Heç kim qorxub-çəkinmir, öz yerini tərk etmir.

Əksinə, “Şəhidlər ölməz, vətən bölünməz” şüarları ilə, bayraqlarla küçələrdə ordumuza dəstək verirlər. Yəni xalqımız da, hərbiçilərimiz də şəhid olmağa hazırdır, təki torpaqlarımız işğaldan azad edilsin”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu