Türkiyə vətəndaşları Azərbaycan Prezidentinə yazırlar: “...Əmrinizi gözləyirik”

Türkiyədən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ünvanına məktublar gəlir. APA Türkiyə vətəndaşlarından gələn məktublardan bir neçəsini təqdim edir:

“Hörmətli cənab Prezident.

Mən Türkiyənin Adana şəhərində həkim işləyirəm. Doğma Vətən, qardaş ölkə Azərbaycanda Tibb Universitetində təhsil almışam. Erməni işğalçıları ilə cəbhədə vuruşan qardaşlarıma lazım olarsa ya həkim kimi, ya da bacardığım başqa iş üzrə xidmət göstərməyə hər an hazıram. Şübhəsiz, çağırış etsəniz, ən qısa zamanda gələrəm. Ürəyim Sizinlədir.

Allah yar və yardımçınız olsun.

Hörmətlə,

Efe Hüsem Oktay oğlu

Türkiyə Respublikası, Adana şəhəri”.

“Hörmətli cənab Prezident.

Azərbaycan Ordusunun düşmənə qarşı lazımi müdafiə tədbirlərini ən yüksək səviyyədə təşkil etdiyini və əks-hücumla ermənilərə sarsıdıcı zərbələr endirdiyini sosial mediadan öyrəndim. Haqsızlığı özünə məslək bilən, qardaş ölkəmin insanlarına qəsd edən, adını belə çəkməyə dilim gəlməyən aciz topluya qarşı təbii ki, gücünüzün yetəcəyini atalarımızdan gələn qandan bilirəm. Ancaq ehtiyac olarsa, qardaş ölkəmin bu mübarizəsində hər zaman yanınızdayam. Türk milləti olaraq birimizə olunan haqsızlıq hamımıza edilən haqsızlıqdır.

Hər zaman qardaş ölkəmin yanında olacağımı bildirir, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm.

Hörmətlə,

Amanat Aydın Ali oğlu.

Türkiyə Respublikası, İstanbul şəhəri”.

“Hörmətli cənab Prezident. Mən Türkiyə vətəndaşıyam. Xaraktersiz ermənilərin əməllərini şiddətlə qınayıram. Davanız davam, yolunuz yolumdur. Azərbaycan mənim də ölkəmdir. Lazım gələrsə, Sizin ölkəniz üçün də vuruşmağa, şəhid olmağa tərəddüd etmərəm. Dualarım Sizinlədir. Ehtiyac olarsa, sevə-sevə cəbhəyə getməyə və qardaşlarımla birlikdə vuruşmağa hazıram.

Allah yardımçısınız olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza da qısa zamanda şəfa tapmalarını diləyirəm.

Hörmətlə,

Yazar Suat Muratoğlu.

Türkiyə Respublikası, Ankara şəhəri”.

“Hörmətli cənab Prezident.

Qardaş ölkəmizə və bütün vətəndaşlarınıza mənim və ətrafımda olan insanların səmimi salamlarını çatdıraraq haqq işinizdə uğurlar arzulayıram.

Əziz Prezident, mən və ətrafımda olan çoxsaylı insanlar rəhbərliyinizlə qazanılan rəşadətli qələbə sevincini Sizinlə bölüşmək üçün yanınızda olmaqdan şərəf duyarıq.

Azərbaycan bizim ikinci Vətənimizdir.

Sizi öz rəhbərimiz kimi sevir, qərarlarınızı dəstəkləyirik. Hamımızın duaları qələbə qazanmağınız üçündür.

Hörmətlə,

Hakan Yıldız

Türkiyə Respublikası, İstanbul şəhəri”.

“Hörmətli cənab Prezident.

Bu çətin günlərdə Sizə yaxşı və sağlam çalışmalar və uğurlar diləyirəm. Mənim 24 yaşım var. Vətənin bu çətin günündə azərbaycanlı qardaşlarımın yanında olmaq istəyirəm. Hər hansı bir əmriniz olarsa canla-başla yerinə yetirməyə hazıram.

Cənab Ali Baş Komandan, ermənilərə qarşı hərbi əməliyyatların iştirakçısı olmaqdan qürur duyardım. Əmrinizi gözləyirəm.

Hörmətlə,

Özdoğan Məhəmməd Yasin Cəlal oğlu

Satı Levent Casim oğlu

Türkiyə Respublikası, Tekirdağ şəhəri”.

“Hörmətli cənab Prezident.

İlk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirirəm. Erməni işğalçıları ilə apardığınız mübarizədə Türkiyə xalqı olaraq, sonuna qədər yanınızda olduğumuzu, dualarımızın Sizinlə birlikdə olduğunu bilməyinizi istəyirik. Rəbbim qardaş Azərbaycanın yardımçısı olsun. Hər zaman can qardaşlarımızın yanındayıq.

Tutduğunuz bu haqq yolunda Sizə zəfər arzulayıram.

Hörmətlə,

Babacan Eyüp

Türkiyə Respublikası, Şanlıurfa şəhəri”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu