“BMT-nin iclası Azərbaycan üçün yaxşı imkandır” – Davam, yoxsa tamam?! 

“Hər iki ölkədə hərbi vəziyyət və səfərbərlik elan olunub. Bu, o deməkdir ki, tərəflər böyük müharibəyə hazırlaşırlar”

“Belə bir şəraitdə bizim danışıqlara razılıq verməyimiz məntiqsiz görünər”

İclasda indiki gərgin situasiya danışıqlar masasına çıxarılacaq. Biz mövqeyimizi açıq bəyan edə bilərik” 


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginləşən vəziyyət, o cümlədən bir neçə gündür bütün cəbhəboyu gedən döyüşlər artıq beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Nüfuzlu təsisatlar israrla tərəfləri sülhə, silahları yerə qoymağa çağırır. Şanlı Azərbaycan ordusu isə uğurla irəliləyir, xalqa ard-arda qələbə xəbərləri bəxş edir.

Üstəgəl, Ermənistan otuz ildir düzəlməyibsə, bundan sonra da düzəlməyəcək. Lap bu gün atəşkəs bərpa olunsa, sabah düşmən yeni təxribatlar törədəcək. Beləliklə, tarixi qələbəyə olan ümidlərimiz öləziyəcək.


Belə bir mürəkkəb durumda əsgərlərimiz döyüşməkdə, siyasilərimiz isə müzakirələr aparmaqda davam edirlər. Budəfəki hərbi toqquşmalar da bir neçə gün davam edəcək, ya kəndlərimizin azad olunması böyük uğura gedən yolun başlanğıcıdır?

 Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu barədə “Sherg.az”ın suallarını cavablandırıb:

- Necə düşünürsüz, budəfəki hərbi əməliyyatlar da qısa çəkəcək?

- İnanmıram. Hər halda aprel döyüşlərindən fərqli olacaq.

- Məsələn, fərq nədə olacaq?  

- Birincisi, hər iki ölkədə hərbi vəziyyət və səfərbərlik elan olunub. Bu, o deməkdir ki, tərəflər böyük müharibəyə hazırlaşırlar. İkincisi, beynəlxalq ictimaiyyət tərəfləri sülhə çağırsa da, bu, bəyanatların ikinci, daha vacib tərəfi yoxdur. Hərbi əməliyyatlar dayanandan sonra mənasız danışıqların yenidən uzanması, əlbəttə, Azərbaycan tərəfinə sərf etmir. Belə bir şəraitdə bizim danışıqlara razılıq verməyimiz məntiqsiz görünər. Eyni zamanda düşmən də sülh istəmir.

- Nə üçün?

- Genişmiqyaslı hərbi əməliyyatların təşəbbüskarı Ermənistandır. Və o, indiyədək məqsədinə çata bilməyib. Təxribatları hələ ki, puça çıxır.

- Sülh hansı halda mümkündür?

Danışıqlar o zaman mümkündür ki, ortada konkret sənədlər olsun və onlar əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə təqdim edilsin. Qrafikdə hansı rayonun hansı gün qaytarılacağı, qaçqın və köçkünlərin nə vaxt köçürüləcəyi öz əksini tapsın. Bax, belə olsa və qarşı tərəf buna razılıq versə, danışıqlar bərpa edilə bilər.

- Rusiya tərəfi nədənsə çox səssizdir...

- Məncə, bu, təəccüblü deyil. Döyüşlər başlayan gün Paşinyan Putinə zəng etdi. Rəsmi Moskvanın cavabının məzmunu isə belə idi: “Biz qonşu ölkələrin daxili işinə qarışmırıq”. Axı döyüşlər Ermənistanda getmir. Hərbi əməliyyatlar Azərbaycan ərazisində, Dağlıq Qarabağda davam edir. Əgər orada Ermənistan əsgəri məhv olursa, ortaya çox məntiqli sual çıxır: düşmən hərbçisinin Dağlıq Qarabağda nə işi var?!

- Lavrovun “5 rayon nağılı”, yəqin, yadınızdadır. Necə düşünürsüz, hazırda baş verən geniş miqyaslı hərbi əməliyyatlar Kremlin öz ideyasını həyata keçirməsinə hesablana bilərmi?

- “5 rayon” məsələsi qeyri-dəqiqdir. Ola bilsin, Ermənistan bunu səhv başa düşərək təxribata əl atıb. Amma, məncə, hazırkı hərbi əməliyyatlarla sözügedən məsələni əlaqələndirmək doğru olmaz.

- Bu gün BMT-in növbəti iclası keçiriləcək. Sizcə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nələr müzakirə edilə bilər?

Təbii ki, indiki gərgin situasiya danışıqlar masasına çıxarılacaq. Amma bu, Azərbaycan üçün yaxşı imkandır. Biz mövqeyimizi açıq bəyan edə bilərik. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu