O gün bu gündür ! – “Axırıncı başı papaqlımıza qədər vuruşacağıq!” - Çəkilmək yox !

“Qadınlarımız da düşməndən qisas almağı bacarandır. Bu, ölüm-dirim mübarizəmizdir”

“İndi bütöv Azərbaycan və hər bir ailənin bütövlüyü uğrunda mübarizə gedir”


“Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan dayandıracaq”. Bu sözlər Prezident İlham Əliyevə məxsusudur. Əlbəttə, Ali Baş Komandanımızın məlum fikrində həqiqət payı o qədər böyükdür ki... Çünki illərdir, işğalçı Ermənistanın təcavüzkar əməllərinə susan dövlətlər, aidiyyəti beynəlxalq təşkilatlar  indi Azərbaycanı danışıq yolu ilə məsələni həll etməyə səsləyir. Bu məqamda sual yaranır: Xocalıda körpələr vəhşicəsinə qətl ediləndə, minlərlə insan yurd-yuvasından didərgin düşəndə hardaydınız, cənablar? Şübhəsiz dövlətimiz, prezidentimiz onlara bu sualı xalqın yerinə layiqli şəkildə verir. Ölkə başçısı çıxışlarında Azərbaycan ordusunun öz əzəli torpaqları uğrunda savaşdığını qeyd edir.

Üç gündür, cəbhədən bir-birinin ardınca şad xəbərlər gəlir. Döyüşün ilk günü azad olunan torpaqlar, məhv edilən düşmən illərin yanğınına yağış kimi su çiləyir. Azərbaycan ordusunun qətiyyətli və uğurlu addımları, xalqın birliyi dosta sevinc, düşmənə kədər bəxş edir

Yaşadığımz tarixi günlərdə “Sherg.az”la həmsöhbət olan xalq artisti Afaq Bəşirqızı qürur hissi ilə söyləyib ki, sevincinin həddi-hüdudu yoxdur:  

“Bir gözüm ağlayır, o biri gülür. Çünki şəhidlərimiz də var.Torpaq uğrunda ölən varsa, qan tökülürsə, o torpaq vətəndir. Şəhidlərimizə Allah rəhmət eləsin, həm ailələrinə, həm də bizə səbr diləyirəm.

Gözləyirəm ki, qoşunlarımızın, müxbirlərimizin səsi Kəlbəcərdən, Laçından gəlsin. Bu vətən müharibəmizdir. Bizə qarşı olunan təcavüzün cavabıdır. Biz heç kəsdən torpaq istəmirik, heç kəsin malında gözümüz yoxdur.

Bizim insanpərvərliyimizə olunan xainliyə qarşı amansız cavab qaytarırıq. İndi həmin gün yetişib.Geri çəkilməyəcəyik! Axırıncı başı papaqlımıza qədər vuruşacağıq.Qadınlarımız da düşməndən qisas almağı bacarandır.

Qeyd etdiyim kimi ölüm-dirim mübarizəmizdir. Biz Ali Baş Komandanla birgə vuruşuruq. Ona görə xalq bir olmalıdır. Bütün inciklikləri, çatışmayanları hamısını bir tərəfə qoymaq lazımdır. Onları müzakirə etmək üçün çox vaxtımız olacaq. Amma indi bütöv Azərbaycan uğrunda mübarizə gedir.İndi hər bir ailənin bütövlüyü uğrunda müharibədir”.

Son olaraq sevilən sənətkar xaricdə yaşayan azərbaycanlılara da səslənib:

“Hazırda kürsüyə gözəllik verən oğullarsınız. Vətəni sizə heç kim verə bilməz. Harda və neçə il yaşamağınızdan asılı olmayaraq əksəriyyətinizin tabutu  vətənə qayıdır.Səsinizi çıxarın! Azərbaycan sizi heç vaxt unutmayıb. Həmişə qayğınıza qalıb, nazınızla oynayıb.Yubileylərinizdə, xoş və qayğılı günlərinizdə sizi yada salıb.

Bu gün Azərbaycanın qeydinə qalmalısınız. Özümü demirəm,  xalqın, millətin, dövlətin qeydinə qalmağınızı istəyirəm”.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu