Kremlin planı alınmadı ! – “Bu dəfə Rusiyanın dediyi olmayacaq” - Status-kvo dəyişəcək !

“Əgər müharibə gedirsə, deməli, biz Rusiyanın şərtləri ilə razı deyilik”

“Danışıqlar bərpa edilsə belə, status-kvo dəyişəcək. Bu isə o deməkdir ki, orada rus qoşunları olmayacaq”

"Türkiyə amilinin qabardılmasında Fransa, İran, Yunanıstan kimi dövlətlər maraqlıdır”

“Hər halda Paşinyan təslim olanadək hazırkı proseslər davam edəcək”


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, nəhayət, hərbi fazaya keçməsi region miqyası ilə kifayətlənmədi. Elə ilk günlərdən etibarən dünya dövlətlərinin maraqları, müdaxilələri hiss edildi. Deməli, durum biz düşündüyümüzdən daha çətindir. Üstəlik, Ermənistan baş nazirinin yaydığı, dilə gətirməkdən bezmədiyi dezinformasiyalar məsələni daha mürəkkəb məcraya gətirir. Və Azərbaycan tərəfinə hərbi əməliyyatlardan başqa yol qoymur. Amma müharibə təkcə hərbi arenada yox, həm də diplomatik müstəvidə gedir. Belə bir vəziyyətdə isə siyasi analitiklərin, politoloqların rəyinə böyük ehtiyac var.


Odur ki, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ilə mövcud vəziyyətlə bağlı söhbətləşdik.

- Bir neçə gündür davam edən hərbi əməliyyatları necə qiymətləndirirsiniz?

- Ordumuz uğurla irəliləyir. Düşmənin minlərlə canlı qüvvəsi artıq məhv edilib, bir neçə strateji əhəmiyyətli ərazi azad edilib. Artıq artilleriya texnikası ilə əks- hücum əməliyyatlarına başlamışıq. Yəni ordumuzun imkanı var ki, əməliyyatları sonadək davam etdirsin. Bu isə Ermənistan üçün faciə ilə nəticələnə bilər.

- İllər sonra belə geniş miqyaslı hərbi əməliyyatların başlanmasına nə səbəb oldu?

- Danışıqlar nəticə vermədi. Ölkə başçısı dəfələrlə Paşinyana xəbərdarlıq etsə də, o, danışıqlara yaxın durmadı, təxribatçılığından əl çəkmədi. Bundan sonrasını özü düşünsün.

- Hər dəfə gərginlik şiddətlənəndə Rusiyanın müdaxiləsini və ya ara verməyən bəyanatlarının şahidi olurduq. Amma bu dəfə Moskva səssiz görünür. Kremlin səssizliyi qasırğa öncəsi susqunluq ola bilərmi?

- Dəqiq demək çətindir. Hər halda indi Moskvanın müdaxiləsi hiss olunmur. Bu isə Paşinyan  rejiminə olan antipatiya ilə bağlıdır. Amma indiki səssizliyin də həddi var.

- Deməli, Kremlin müdaxiləsi olacaq?

- Bəli. Ermənistanda Paşinyan hakimiyyəti üzərində daxili müxalifətin təsiri artanda və baş nazirin hakimiyyət imkanları faktiki olaraq məhdudlaşanda Moskva məsələyə müxadilə edəcək. Məhz o zaman rəsmi Moskvanın münaqişədə iştirakını və təsirini görəcəyik. Fəqət hələ maraqlı deyil. Paşinyanı hakimiyyətə gətirən Sorosdur. Rusiya da düşünür ki, qoy, Soros narahat olsun.

- Başlanan genişmiqyqalı hərbi əməliyyatların Rusiyanın “5 rayon” ideyası ilə əlaqəsini necə qiymətləndirirsiniz?

- Bu döyüşlərdən sonra beş rayon qaytarıla bilər. Amma Rusiyanın dediyi kimi olmayacaq. Çünki Moskva bu ideyanın toqquşmalar baş vermədən reallaşmasını istəyirdi. Hərbi əməliyyatlar isə çoxdan başlayıb. Yəni Kremlin planı alınmadı. Əgər müharibə gedirsə, deməli, biz Rusiyanın şərtləri ilə razı deyilik. Danışıqlar bərpa edilsə belə, status-kuvo dəyişəcək. Çünki torpaqlarımızın müəyyən hissəsini artıq azad etmişik. Bu isə o deməkdir ki, orada rus qoşunları olmayacaq.

- Son günlər Ermənistan baş nazirinin üç cümləsindən biri Türkiyənin Azərbaycana yardım göstərməsi, dəstək verməsi ilə bağlıdır. Bu məsələyə münasibətiniz necədir?

- Paşinyan Türkiyənin F- 16-nın Ermənistan təyyarəsini vurmaq barədə saxta xəbəri ilə münaqişəsinin xarakterini dəyişmək istəyir. Onun məqsədi iştirakçıların sayını artırmaqdır. Amma indiki məqamda məni narahat edən başqa məsələdir.

- Məsələn, nə?

- Bu məsələdə Avropanın “əli”nin olduğunu düşünürəm. Onlar bu və ya başqa yolla Türkiyəyə təzyiq göstərirlər. Məncə, Türkiyə amilinin qabardılması Rusiya ilə bağlı deyil. Burada Fransa, İran, Yunanıstan kimi dövlətlər maraqlıdır.

- Paşinyan rəsmi Ankaranın dəstəyini əlində bayraq tutub, Kreml isə hələ ki, səssizdir. Belə şərait Ermənistanın guya təklənməsini göstərmək üçün Putinin beyninin məhsulu ola bilərmi?

-Konkret demək çətindir. Amma Prezident İlham Əliyev dünən “Russiya-1” telekanalına verdiyi müsahibədə çox ciddi arqumentlər səsləndirdi. Türkiyənin mövqeyi, F-16-nın Ermənistan təyyarəsini vurmaqla bağlı yayılan dezinformasiya barədə məntiqli, əsaslı fikirləri Rusiya ictimai rəyinə təsir etmək baxımından çox əhəmiyyətli idi. Hər halda Paşinyan təslim olanadək hazırkı proseslər davam edəcək.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu