Türkiyədən Qarabağa NƏZƏR: “...Bölgədə yeni savaş baş verə bilər!” - Sensasion iddia !


“Türkiyə Ermənistanın yanında dura biləcək dövlətlərə xəbərdarlıq edir ki, Ermənistanın Azərbaycana hücumunu təşkil edirsizsə, savaşı başladacaq ölkələr də sizsiniz”

“Rusiya həqiqi mənada tərəfsiz olmaq istəyirdisə, kritik dönəmdə Ermənistana silah yardımını dayandıra bilərdi”

"Fransa Minsk Qrupunun həmsədrliyindən qovulmalıdır. Çünki obyektivliyini ciddi şəkildə itirib”

“Millətimiz bir ağızdan danışır. Həqiqi anlamda istər Türkiyə, istərsə də Azərbaycanda millət olmağı sübut etdik”


Ermənistanın davamlı təxribatına cavab olaraq şanlı ordumuz əks-hücuma keçib Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda effektiv əməliyyatlara başladı. Artıq 10 gündür, qızğın döyüşlər gedir. Düşmənin xeyli sayda hərbi texnikası məhv edilib. Cəbrayıl rayonu və bir neçə kəndimiz düşmən tapdağından azad olunub. Ordumuzun uğurlu hərbi əməliyyatlarından sonra bəzi Qərb dairələrindən ölkəmizdə qarşı təpkilər gəlməkdədir. Lakin diqqət çəkən bir məqam var:  Rusiya səssizdir, proseslərə neytral mövqe sərgiləyir. Bunun isə müxtəlif səbəbləri və nəticələri ola bilər. Biz də bu faktoru nəzərə alıb, Dağlıq Qarabağ müharibəsi, ölkəmizin haqq savaşına qarşı çıxış edənlər, rəsmi Moskvanın proseslərə susqun qalması, rəsmi Ankaranın dəstəyi və başqa məsələlərə aydınlıq gətirmək məqsədilə qardaş Türkiyədə yaşayan professor Toğrul İsmayılın fikirlərini öyrəndik. 

- Dağlıq Qarabağın azad olunması istiqamətində gedən döyüşlərə Kreml səssiz qalır. Hətta Ermənistan baş naziri Nikol Pşainyan 4-cü dəfə Rusiya prezidenti Vladimir Putinə zəng edib, amma V.Putin hərə dəfə eyni cavabları verir və sanki müdaxilə etmək istəmir. Əlbəttə, bu aysberqin görünən tərəfidir. Bəs görünməyən tərəflərdə Moskvanın rolu nədən ibarətdir? 

- Əslində Rusiya neytral kimi görünsə də, tamamilə neytral deyil. Çünki Kreml tərəfləri bir an öncə atəşkəsə çağırır. Bu o deməkdir ki, Rusiya Qarabağ məsələsində bölgədəki status-kvonun olduğu kimi qalmasını istəyir, dəyişməsini yox. Amma proseslərə açıq formada da müdaxilə etmək istəmir. Unutmamalıyıq ki, Rusiyanın Ermənistanla ciddi hərbi əməkdaşlığı var. Ermənistana çoxlu sayda silah yardımı edirlər. Bunlar hücum silahlarıdır. Rusiya ilə Ermənistan 2016-cı ildə xüsusi müqavilə imzaladılar. Müqaviləyə görə Ermənistan ərazisində ortaq rus-erməni ordusu yaradıblar və Rusiyanın hərbi qərargahı da Ermənistanda yerləşir. İstər Tovuz hadisələri, istərsə də indiki mərhələdə Ermənistana İran üzərindən kütləvi şəkildə Rusiyanın müxtəlif hərbi avadanlıqları daşınır.  Xatırladım ki, Azərbaycan Prezidenti də bu məsələyə öz fikrini  bildirdi. Ölkəmiz bu gedişatdan məmnun deyildi. Rusiya rəsmiləri isə müxtəlif arqumentlər gətirdilər. Dedilər ki, guya Ermənistana daşınan mallar silah deyil, tikinti materiallarıdır. Rusiya həqiqi mənada tərəfsiz olmaq istəyirdisə, ən azı kritik dönəmdə, ölkəmiz hərbi əməliyyatlar aparanda Ermənistana silah yardımını dayandıra bilərdi. Bu da rusların münaqişəyə qarışmadığını və hər hansı bir marağının olmadığını göstərərdi. Ammma Rusiya sadəcə özünü tərəfsiz kimi göstərməyə çalışır...

- Niyə?

- Rusiya görür ki, Ermənistanla ciddi münasibətləri olsa da, Ermənistan iqtidarı qərbyönümlüdür. Bu dəqiqə Paşinyan Rusiyadakı erməni lobbisi tərəfindən ciddi şəkildə təqdir edilməkdədir. Son dönəmlərdəki təxribatların arxasında duran məhz bu faktdır. Rusiyanın Azərbaycanla münasibətləri var. Rusiya bölgə ölkəsi olduğu üçün Qarabağın Azərbaycan torpağı olduğunu da bilir. Çünki özü də BMT-nin 4 qətnaməsində buna imza atıb. Ona görə də Rusiyanın bu gün baş verənlərə müdaxilə etməsi üçün hər hansı bir bəhanəsi yoxdur. Ermənistan da bunu bildiyinə görə, Rusiyanı provakasiyaya çəkmək üçün Tovuz hadisələrində və indiki məqamda rusları proseslərin içinə çəkməyə çalışır. 

- Rusiyanın neytral qalmasında Türkiyənin rolu, payı varmı? 

- Əlbəttə! Rusiyanın neytral qalmasının əsas səbəbi Türkiyənin Azərbaycanın yanında yer alması və qəti şəkildə ölkəmizi dəstəkləməsidir. Bu, xəbərdarlıq xarakteri daşıyan bir məsələdir. Məlumdur ki, Azərbaycanla Türkiyə arasında müqavilə var. İki dövlət beynəlxal hüquq çərçivəsində strateji əməkdaşlıq müqaviləsi imzalayıblar. Bu müqaviləyə görə, hər iki dövlət bir-birinə həmişə siyasi, iqtisadi, hərbi dəstək verə bilər. Bugünkü gündə Türkiyə Azərbaycan mənəvi dəstək göstərir. Əslində bu, işğalçıya bir xəbərdarlıqdır. Yəni düşmənin Azərbaycan ərazilərinə keçməsi bölgədə yeni bir savaşa səbəb ola bilər. Ermənistanın yanında dura biləcək dövlətlərə də xəbərdarlıqdır ki, siz Ermənistanın Azərbaycana hücumunu təşkil edirsizsə, savaşı başladacaq ölkələr də sizsiniz. Yoxsa yalandan məlumatlar yayırlar ki, guya türk əsgərlər və suriyalı döyüşçülər döyüşdə iştirak edirlər. Bunların hamısı əsassız iddialardır. Bu, çox ciddi-diplomatik üslubdur

- İndiki məqamda Rusiyanın Azərbaycana münasibəti hansı müstəvidə inkişaf edir?

- Rusiya Azərbaycanla da münasibətini pozmaq istəmir. Çünki Minsk Qrupu bir yana, 3 dövlət rəhbəri “Kazan üçlüyü” adı altında müqavilə imzalayıb. Orada da bildirilib ki, Ermənistan işğal edilmiş ərazilərdən çıxmalıdır. Bu şərt açıq-aydın yazılıb. Amma Ermənistan tələbləri yerinə yetirmədi.

 Bu dəqiqə Ermənistan ordusu darmadağın olub. Ordumuz düşmənin hərbi texnikasını yox edib. Bu, böyük bir başarıdır. Ordumuz əməliyyatları yerinə yetirərkən beynəlxalq hüquq normalarını unutmur. Prezidentimiz olduqca diplomatik üslubda və beynəlxalq hüquqa əsaslanan məntiqlə çıxış edir. Haqlı olduğumuz üçün ölkə başçısı ortaya əsaslar qoyur. Paşinyanın isə manipulyasiyadan başqa heç bir işi yoxdur. Əllərindəki uydurma xəbərlərlə ölkədə yeni bir çaxnaşma çıxartmağa çalışırlar.

- Yəqin ki, döyüşlərdə türkyəli və suriyalı əsgərlərin iştirakını nəzərdə tutursuz. Ermənistan Türkiyə məsələsini qabardır. Bu, Paşinyanın köşəyə sıxışdığının göstəricisidir. Belə etməklə nəyəsə nail ola bilərmi?

 - Paşinyanın köşəyə sıxışması yeni hadisə deyil. Ermənistan ordusu Azərbaycandan çox geridədir. Çünki işğalçı ölkə iqtisadi baxımdan bərbad durumdadır. Bir sözlə, Ermənistan Azərbaycanla müqayisə edilməyəcək dövlətdir. Əsas odur ki, yanlış məlumatlar və provokasiyanın kimlərə aid olduğu araşdırılıb tapılsın. Ermənistanın uydurduğu xəbərlərin heç bir əsası yoxdur. Rusiya mətbuatı da bir mənbənin digər mənbəyə istinad etdiyi uydurma xəbərləri dərc edir. Hərbi müharibədən başqa informasiya müharibəsi də aparılır. Azərbaycan millətinin yetərincə oğulları var ki, torpağımız uğrunda vuruşsunlar. Ordumuzun öz gücü və qabiliyyəti torpaqlarımızı qorumaq üçün yetərlidir.

 - Amma bu feyk xəbərlər bəzi ölkələrin işinə yarayır...

- Bəli. Məsələn, Fransa Prezidenti Emmanuel Makronun açıqlaması olduqca tərəfli və subyektiv açıqlamadır. Məncə, bu açıqlamadan sonra o Minsk Qrupunun həmsədrliyindən qovulmalıdır. Çünki obyektivliyini ciddi şəkildə itirib. Azərbaycan diplomatiyası bu məsələni gündəmə gətirməlidir. Ermənistanı kimin “qışqırtdığı”, düşmənin arxasında kimin olduğu ortaya çıxır.

- Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ, Rusiya və Fransan birgə bəyanatında Azərbaycan və Ermənistanı Dağlıq Qarabağda dərhal atəşkəsə çağırıb...

-Məsələnin həlli üçün Minsk Qrupunun əlində 30 ilə yaxın idi ki, fürsət varıydı. Necə olur ki, ermənilər təxribat törədib atəşkəsi pozanda Minsk Qrupu səssiz qalır? Tovuz hadisələri baş verəndə harada idilər? Gördülər ki, Azərbaycan öz məsələsini özü həll etməyə başladı, o zaman ağılları başına gəldi. Azərbaycan beynəlxalq hüquqa hər zaman riayət edib. Amma Minsk Qrupunun fəaliyyəti boş və gərəksizdir. Kabab yeyib, musiqi dinləməkdən və əylənməkdən başqa bir işə yaramadılar. Minsk Qrupu bölgədə atışma istəmirsə, ermənilərin quldur dəstələrinin bölgələrimizdən çıxmasını tələb etməlidir. Lakin utanmadan Azrbaycandan atəşkəs istəyirlər. Ayıbdır! Həqiqətən bu qədər riyakarlıq ayıbdır! Azərbaycan haqlı yoldadır. Təbii ki, itkilərimiz var və olacaq. Bu, bizim üçün çox ağrılıdır. Lakin sovetlər dönəmini xatırlamaq lazımdır. O zamanlar insanlar ruslarla çiyin-çiyinə savaşırdı, yeməyə çörək tapmırdı, amma vətəni qorumaq üçün canlarını fəda edirdilər. Millətimizin ağlı, gücü, qüdrəti böyükdür. Ordumuz Azərbaycan torpaqlarında antiterror əməliyyatı aparıb təmizləmə işlərini aparmalıdır. Bunu da hər dəfə beynəlxalq səviyyədə Minsk qrupu və digər təşkilatıların gözünə soxmalıyıq. Müdafiədən çox hücuma ehtiyacımız var. Ermənistanın Amerikadakı porno ulduzu repçi həyat yoldaşı ilə təbliğata başlayıblar. Guya Azərbaycan Ermənistan ərazisinə hücum edir. Belələrinin dərsini vermək lazımdır. Azərbaycan beynəlxalq hüquqa zidd hərəkət etmir. Ölkəmiz torpağını işğalçılardan təmizləyir. Azərbaycanın hüquqşünasları bu məsələni davamlı olaraq həm Amerika, həm Rusiya, həm də Fransa başçısı Makronun gözünə soxmalıdır.

Yenə də dünya ictimaiyyəti riyakarlıq edir. Bəyanatla tanış oldum. Şəxsən beynəlxalq hüquqda belə anormallıq görməmişəm. Bu qurum qəbul etdiyi 4 qərarı unudub? Belə beynəlxalq qurumda bu qədər boşluq olmalıdırmı?

 - Xeyr!

 - Ona görə də Azərbaycan bir an öncə məsələni həll etməli və ərazilərini quldur dəstələrindən təmizləməlidi. Düşmən sülhə gəlmirsə, onları məhv etmək lazımdır! Başqa yol yoxdur!.

 - Atəşkəs elan ediləcəyini düşünürsüzmü?

 - Azərbaycan Vətən müharibəsi aparır. Bu, çox ciddi məsələdir. Övadlarını savaşa göndərib onların şəhid olmasına qürurla yanaşan valideynlər var. Təbii ki, müharibədə itkilərimiz, yaralılarımız var. İqtisadiyyatımıza da zərbə dəyir. Lakin bu, vətən müharibəsidir. İşğalçı tərəf torpaqlarımızda oturub, nə özləri orada adam kimi yaşaya bilir, nə də imkan verir ki, azərbaycanlılar yaşasın. Ermənistan torpaqlarımızı işğal etməsəydi, bölgəmiz inkişaf edərdi. Hətta Ermənistan bölgədəki böyük layihələrdən kənarda qalmazdı. Faşist niyyətli, irqçi erməni siyasətçiləri əslində erməni xalqının başına bəladır. Bu gün Azərbaycan erməni xalqı ilə vuruşmur, sadəcə torpaqlarımızı azad edir. Hətta Dağlıq Qarabağda yaşayan ermənilərin də yaşam təminatını verir. Azərbaycan bunu illərdir ki, beynəlxalq aləmə də deyib.

- Ordumuzda və cəmiyyətimizdə böyük  ruh yüksəkliyi  var...

-Cəmiyyətimizdə əhval-ruhiyyə böyükdür. 30 ilə yaxındır ərazilərimizi işğal edən erməniləri qısa zamanda torpaqlarımızdan təmizləmək mümkün deyil. Bu, ciddi bir əməliyytadır. Türkiyə kimi təcrübəli bir dövət Suriyanın şimalında terror qruplarına qarşı mübarizədə nə qədər ehtiyatlı və diqqətlidir. Azərbaycan üçün də insan dəyəri vacibdir. 

Nə qədər az şəhid versək və az yaralılarımız olarsa, o qədər vacibdir. Əməliyyatlarımız da bu yöndə gedir. Ona görə də bəzən hansısa rayonun azad edilməsi üçün müəyyən zaman lazım olur. Ordumuz sonuna qədər mübarizə aparmaq niyyətindədir. Bunu yalnız hakimiyyət deyil, xalqımız istəyir, hətta tələb edir. Millətimiz Qarabağ uğrunda birləşib. Bizi birləşdirən tək məsələ vətənimizin bir parçasının işğaldan qurtulmasıdır. Kənarda yaşayan bütün azərbaycanlılar da bir-biri ilə həmrəydir.

Millətimiz bir ağızdan danışır. Bu, cəmiyyətin hərtərəfli təməlidir. Cəmiyyətimiz millət, ordu, siyasi rəhbərlik, iqtidar və müxalifət olaraq birlik nümayiş etdirdik . Əvvəllər Türkiyəyə həsəd aparırdıq. İndi isə türklər də bizimlə qürur duyur. Həqiqi anlamda istər Türkiyə, istərsə də Azərbaycanda millət olmağı sübut etdik. Türkiyədə nə qədər Azərbaycan bayrağı asılıb, çoxlu sayda türk qardaşlarımız ordumuza yazılmaq istəyirlər. Əməliyyatlar uzandıqca keçici atəşkəslər də ola bilir. Lakin xalqımız ruhdan düşməməlidir.

Qarşı tərəfi sülhə məcbur etmək lazımdır. Məntiqli, diqqətli olmaq, səbrlə və təmkinlə hərəkət etmək zirvəyə nail olacağımıza işarədir. Tanrı türkü qorusun!”


Söhbətləşdi: Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu