Ruhaninin “Qarabağ canfəşanlığı” ! – “Əslində İran da qorxuya düşüb” – Maraqlarını güdür! 

“İran prezidenti müharibədən narahat olduğunu desə də, dərinlikdə öz maraqlarını güdür”

“Rəsmi Tehranın ən böyük qorxusu böyük Azərbaycan məsələsidir”

“Onlar ehtiyat edirlər ki, Qərb Azərbaycanda möhkəmlənsə, İranın mövqeləri tamamilə zəifləyəcək”



İranın Ermənistana dəstəyi Azərbaycan ictimaiyyətində daim narahatlıq və narazılıqla qarşılanıb. Bəzi hallarda özünü Azərbaycanın “din qardaşı” adlandıran cənub qonşçumuzun düşmənə isti münasibəti ölkəmizdə qəzəblə qarşılanır. İran rəsmiləri isə Ermənistana göstərdikləri yardımları ya təkzib edir, ya da pərdələməyə çalışırlar. Lakin fakt faktlığında qalır. Məsələn, ötənlərdə erməni mətbuatının işğal altında olan torpaqlarımıza yardım gətirən İran yük maşınlarının şəkillərini paylaşdı.

Buna dair Azərbaycan mediasında da məlumatlar tirajlandı. Rəsmi Tehran bu faktı təkzib edəcək tutarlı dəlillər təqdim edə bilmədi. Bu faktın Azərbaycan mediasında yayılmasından sonra Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla İran xarici işlər nazirliyinin nümayəndəsi Abbas Araqçı arasında telefon danışığı baş tutdu. Araqçı videonun saxta olduğunu, ermənilər tərəfindən Azərbaycan və İran arasında düşmənçilik yaratmaq üçün ortaya atıldığını iddia etdi. Amma hadisənin yalan olduğuna dair ciddi arqument ortaya qoyulmadı. Bundan başqa,  sentabrın 27-dən etibarən düşmən təxribatına cavab olaraq Ordumuzun apardığı uğurlu əks- əməliyyatlar zamanı İran dərhal “Biz vasitəçilik etməyə hazırıq” təklifi ilə çıxış etdi.

Bundan sonra ayrı-ayrı İran rəsmiləri müharibənin təcili dayandırılmasəna dair bəyanatlar səsləndirdlər. Eyni zamanda 2 gün öncə İran prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

H.Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib. O, münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib. Amma İran prezidentinin fikirlərində səmimi olub-olmaması müzakirə mövzusudur. 

Mövcud durumla bağlı fikirlərini “Sherg.az”la bölüşən Bakı Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, geosiyasət və konfliktologiya üzrə dosent Kərəm Məmmədov bildirib ki, İranın Dağlıq Qarabağ münaqişəsinə dair geosiyasi maraqları var. Mütəxəssis qeyd edib ki, İran baş verən proseslərin gələcəkdəki nəticələrindən narahatdır:

“Cənub qonşumuz Dağlıq Qarabağ müharibəsinin nizamlanmasına dair vasitəçilik missiyası ilə təklif etdi. Təbii ki, diplomatik bir nəzakət qaydaları var. Hər kəs sülh olmasını istəyir. Amma Azərbaycan nə qədər güclənirsə, İran ölkəmizə bir o qədər qısqanclıqla yanaşır. Bu, tarixən də belə olub, indi də belədir. İran heç vaxt istəməz ki, Azərbaycan güclü dövlət olsun.

Dünənə qədər İran ərazisindən Ermənistana nə qədər silah-sursat daşınırdı. Hətta İrandakı vətəndaşlarımız bu məsələyə etiraz etdilər. Etirazın qarşısını almaq üçün isə onların əksəriyyətini həbsxanaya saldılar. İran indiyə qədər Ermənistanla sərhəd zonasında, Xudafərin körpüsünün ətrafında baş verənləri görmürdümü? Niyə etiraz etmirdilər?

Demirəm ki, İran bizə görə Ermənistanla iqtisadi əməkdaşlığını  və əlaqələrini kəssin. Təbii ki, hansısa dövlətdən bunu tələb etmək düzgün olmaz. Hər dövlətin öz marağı var. İstənilən ölkə digəri ilə əməkdaşlıq edə, iqtisadi-ticari əlaqələr qura bilər. Lakin heç kim İranın Ermənistana hərbi dəstəyini dana bilməz”.

K.Məmmədovun qənaətincə, H.Ruhaninin Azərbaycan Prezidentinə zəngində bir səbəb də İranın qorxuya düşməsidir:

“İran görür ki, Azərbaycan öz torpaqlarını azad etmək iqtidarındadır. 1990-cı illərdəki zəif Azərbaycan deyil, iqtisadi, siyasi və hərbi gücümüz var. Bu gücümüzü cəbhədə göstəririk, bütün dünya bunu görür.

İran Prezidenti müharibədən narahat olduğunu desə də, dərinlikdə öz maraqlarını güdür. Azərbaycanda hansısa təsir imkanlarını saxlamaq istəyir ki, gələcəkdə ölkəmizdən İrana təhlükə olmasın. İranın ən böyük qorxusu böyük Azərbaycan məsələsidir. Ona görə də belə canfəşanlıq edirlər”.

Müsahibimiz məlum zənglə bağlı digər məqamı da diqqətə çatdırıb:

“İran Amerika və Qərbin böyük dövlətlərinin Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edib, Azərbaycanda möhkəmlənməsindən qıcıqlanır. Necə ki Cümhuriyyət vaxtı bizi qısqanırdılar, bu bün də eyni qısqanclıq var. Onlar ehtiyat edirlər ki, Qərb Azərbaycanda möhkəmlənsə, İranın mövqeləri tamamilə zəifləyəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu