"Ermənistan məğlub olduğunu artıq anlayıb" - MÜSAHİBƏ

Professor Kamal Çiçək: "Əgər Rusiya bir müddət daha onları tək buraxsa, ermənilər tarixi dərslərini alacaqlar"

"Torpaqlar işğaldan azad edildikdən sonra sülhün davamlı təsis olunması üçün mexanizm qurulmalıdır"


Azərbaycan Ordusunun erməni təcavüzkarları tərəfindən zəbt olunmuş torpaqlarımızın azadlığı uğrunda apardığı uğurlu hərbi əməliyyatlara hər zaman olduğu kimi ilk dəstək qardaş Türkiyədən gəldi. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş ölkənin bütün siyasiləri, o cümlədən ziyalıları, alimləri, sənət adamları birmənalı şəkildə Azərbaycanın haqlı savaşını müdafiə etdilər. Hərbi əməliyyatların davam etdiyi günlərdə Türkiyə dövləti və xalqı davamlı dəstəkləri ilə növbəti dəfə “Bir millət, iki dövlət” düsturunun nə qədər real və anlamlı olduğunu bütün dünyanın diqqətinə çatdırdı. 

Türk Tarix Qurumunun Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, tarixçi-alim, professor Kamal Çiçək də “Şərq”ə müsahibəsində Türkiyədə hər kəsimin Azərbaycanın yanında olduğunu və sona qədər dəstək verəcəklərini söyləyib. Professor ən qısa zamanda Azərbaycana qələbə sevinci arzulayıb.

 - Kamal bəy, 30 ildir aparılan danışıqlar nəticə vermədiyi üçün Azərbaycan öz hərbi gücü hesabına torpaqlarını işğaldan azad edir. İki həftədir davam edən uğurlu hərbi əməliyyatları necə şərh edərdiniz? 

 - Hələ iki-üç ay əvvəl yazdığım tvitlərdə bəyan etmişdim ki, Azərbaycan işğal altındakı ərazilərini öz gücü ilə azad etməlidir. Türkiyə xalqı da illərdir həsrətlə bu günü gözləyir. Əfsuslar olsun ki, Azərbaycan torpaqları 27 ildir ermənilərin işğalı altındadır. Çoxsaylı görüşlər keçirilməsinə, müzakirələr aparılmasına rəğmən, ermənilər beynəlxalq hüququn tələblərini heçə sayaraq, təcavüzkar siyasətindən əl çəkməyib. Əksinə, düşmən daha da azğınlaşıb. Təsəvvür edin, işğal edilmiş 20 faiz ərazilərdə bir nəfər olsun Azərbaycan türkü qalmayıb. Ermənilər işğalçılıqla yanaşı, həm də etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirib, bəşəri cinayətlər törədiblər. Həmin ərazilərin işğaldan azad edilməsinin zamanı çatıb. Artıq beynəlxalq hüquq və şərtlər də Azərbaycanın tərəfindədir. Demək olar ki, əksər beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünya Azərbaycanın haqlı tərəf olduğunu qəbul edir və öz ərazilərində həyata keçirdiyi hərbi əməliyyatlara etiraz bildirmir. 

 - İndiki məqamda Rusiyanın təcavüzkar Ermənistandan dəstəyini kəsməsi ilə bağlı düşüncələriniz nədir? 

 - Moskvanın məsələyə bu cür yanaşması ciddi məqamdır. Paşinyanın çox güvəndiyi Rusiya ondan üz döndərdi. Putin erməni baş naziri meydanda tək qoydu. Əslində Kremlin qərarını Azərbaycanın işğalda olan torpaqlarını azad etməsi üçün yandırılmış “yaşıl işıq” kimi dəyərləndirmək olar. Azərbaycan Ordusu bu imkanı çox yüksək dəyərləndirir. Azərbaycan öz ordusunu son 10 ildə ən müasir silah-sursatla, modern hərbi texnika ilə təchiz edib. Zabitlərin önəmli hissəsi Türkiyə başda olmaqla, dünyanın nüfuzlu hərbi məktəblərində təlim keçiblər, böyük təcrübə qazanıblar. Məhz bu səbəbdən Azərbaycan Ordusu işğalçı ermənilərə qarşı müqayisəedilməz dərəcədə üstünlük əldə edir. Erməni silahlıları arxalarına belə baxmadan qaçırlar. Əgər Rusiya söz verdiyi kimi bir müddət daha Ermənistanı tək buraxsa, müharibəyə müdaxilə etməzsə, ermənilər tarixi dərslərini alacaqlar. Artıq düşmən aciz olduğunun, əlindən bir şey gəlmədiyinin fərqindədir. Ermənilər uzun müddət elə zənn ediblər ki, onlar öz gücləri, qüvvətləri ilə Azərbaycan ərazilərini işğalda saxlayırlar. Ancaq hamı yaxşı bilirdi ki, arxalarında Rusiya olmadan ermənilər Azərbaycan Ordusu qarşısında çox dayana bilməz. 

 - Erməni quldurlarının qərəzli şəkildə Azərbaycanın mülki şəxslərini atəşə tutmasında məqsəd nədir, düşmən nəyə nail olmağa çalışır? 

 - Ermənistan bu müharibədə məğlub tərəf olduğunu gözəl anlayır. Azərbaycanın rəşadətli ordusunun qarşısında tab gətirə bilməyən düşmən qüvvələri savaşı daha geniş bölgəyə yaymaq, sivil insanları, yaşayış məntəqələrini hədəf seçməklə diqqəti yayındırmaq niyyəti güdür. Həm də çalışırlar ki, Azərbaycan əhalisi arasında panika yaransın, xalq arasında narazılıq baş qaldırsın, insanlar qaçışmağa başlasın. Eyni zamanda hökumətə müharibə qərarı ilə bağlı təzyiq göstərsinlər.

Əlbəttə, bunun reallaşması mümkün deyil. Həqiqətin fərqində olan Azərbaycan xalqı öz torpaqları üçün canını sevə-sevə fəda etməyə hazırdır. 2-3 raket atmaqla Azərbaycanın mərd xalqını qorxutmaq mümkünsüzdür. Ancaq ermənilərin qadağan olunmuş raketlərlə mülki şəxsləri qəsdən hədəf seçməsi və onları öldürməsi insanlıq və savaş suçudur. Azərbaycan dövləti torpaqlarını azad etdikdən sonra işğalçı Ermənistan beynəlxalq məhkəmələrdə cavab verməlidir. 

 - Həmsədr ölkələr və digər beynəlxalq qurumlar durmadan rəsmi Bakını hərbi əməliyyatları dayandırmağa çağırırlar. İndiki məqamda atəşkəsin bərpa olunması nə anlama gəlir və Azərbaycan buna getməlidirmi? 

 - Beynəlxalq aləmin, ələlxüsus Minsk Qrupunun həmsədr ölkələrinin atəşkəs çağırışları, “müharibəni dayandırın” mesajları ikiüzlülük, riyakarlıqdır. Çünki bu təşkilatlar Azərbaycan torpaqlarının işğalda qaldığı 27 il ərzində səslərini bu qədər gur çıxarmayıblar. Zəbt edilmiş torpaqların azad edilməsi, münaqişənin həlli ilə bağlı heç bir konkret addım atmayıblar.

İndiyə qədər Minsk Qrupunun bütün çağırışları sadəcə işğalçı Ermənistana dəstək xarakteri daşıyıb. Belə çıxır ki, həmsədr ölkələr ermənilərin Azərbaycan ərazilərini işğalda saxlamasından məmnun imişlər. Hətta bunun daha 30 il bu cür davam edəcəyinə ümid edirlərmiş.

Ona görə də problemi birdəfəlik həll etmək əvəzinə, status-kvonu mümkün qədər uzatmağı hədəfləyiblər. Lakin Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə qətiyyətli mövqe ortaya qoyaraq, dövlətin və xalqın maraqları naminə hərbi əməliyyatların başlanması qərarını verdi. Bu arada İran tərəfinin baş verənlərlə bağlı yanaşmasına da münasibət bildirmək istəyirəm. Sirr deyil ki, Ermənistanın daha çox silahlanmasına yardım edən ölkələrdən biri də İrandır. Savaş başlayandan bir müddət sonra Tehran münaqişə tərəfinə çağırış edərək “hərbi əməliyyatların dayandırılmasını” istədi. Bu, çox uğursuz bir bəyanat idi. Tehran bu açıqlama ilə özünü də atəşə atmaqdadır. Çünki İranda, daha doğrusu, Cənubi Azərbaycanda 30 milyondan artıq Azərbaycan türkü var. 30 milyonluq xalq Azərbaycan dövlətinin dəstəkçisidir. 

 - Prezident İlham Əliyev müsahibələrində açıq şəkildə bəyan etdi ki, bundan sonrakı proseslərdə Türkiyə mütləq iştirak etməlidir. Türkiyənin Qarabağla bağlı istənilən prosesdə iştirakı nə qədər önəmlidir? 

 - Hörmətli Prezident İlham Əliyevin bu mesajı çox mühümdür. Savaş bitdikdən və Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra sülhün davamlı təsis olunması üçün mexanizm qurulmalıdır.

Bu mexanizmdə isə ilk növbədə Rusiya və Türkiyə olmalıdır. Hansısa formada yanımıza çəkmək üçün qonşu İranın da prosesə qatılmasına imkan vermək olar. Amma qəti şəkildə yeni formatda qərəzli Fransa və ABŞ yer almamalıdır. Cənubi Qafqazda qalıcı sülhü yalnız Türkiyə və Rusiya təsis edə bilər.

Əslində Türkiyənin bölgədə aktiv olması Ermənistanın da xeyrinə olacaq. İşğaldan və iddialarından əl çəkmiş, erməni lobbisinin təsirindən xilas olmuş Ermənistan gələcəkdə daha firavan həyat sürə bilər. Türkiyənin yeganə məqsədi bölgədə sülhün və ədalətin bərqərar olmasına nail olmaqdır. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu