Təklif: “Hərbi təlim institutu yaradılsın! – Minlərlə döyüşçü hazırlanacaq ! 

“Bu təklifin nəticəsi faktiki olaraq Azərbayanda Türkiyə hərbi bazasının yaradılmasına bərabərdir”

“İki ölkənin hərbi məktəblər və hərbi liseyləri arasında tələbə mübadiləsinin həyata keçirilməsi də lazımi effekt verəcək”

“İndiki məqamda Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması ətraf ölkələri, xüsusilə ATƏT-in həmsədrlərini qıcıqlandıra bilər”



Dağlıq Qarabağ ətrafında müharibələrin hələ də davam etməsi illərdir müzakirə olunan bir məsələni- Azərbaycanda qardaş ölkə Türkiyənin hərbi bazasının yaradılmasını yenidən gündəmə gətirir. Əlbəttə, bu gün Azərbaycan regionun ən güclü ordusuna sahibdir və bizim hətta qardaş dəstəyinə də ehtiyacımız yoxdur. Amma düşmən tək deyil axı. Ermənistanda “ağa”sı Rusiyanın hərbi bazasının olması da onlara kifayət etmir. Paşinyan hərbi-siyasi hakimiyyəti köhnəlmiş, belə demək mümkünsə, “otxot” silahlar üçün “əl-ayaq öpməkdə”dir.

Hələ gizli dəstəklər, o cümlədən Fransanın, İranın hərbi və lojistik yardımları da bir qırağa. Adama deyərlər ki, özün tək bacarmayıb, xeyir ola, camaatdan kömək dilənirsən?! Əgər söhbət qardaşlıqdan, dostluqdan, mənəvi yardımdan gedirsə, bir bax, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, bizə hər cür yardım etməyə hazır olan nə qədər müsəlman dövləti var. Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması belə jestlərdən biri və eyni zamanda düşmənə göz dağı olar.

 Siyasi analitik Turab Rzayev sözügedən məsələyə dair fikirlərini “Sherg.az”la bölüşüb:



“Əslində bu, müəyyən qədər gecikmiş addımdır. Belə bir təşəbbüs çoxdan olmalı idi. İndiki məqamda isə Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması ətraf ölkələri, xüsusilə ATƏT-in həmsədrlərini qıcıqlandıra bilər. Biz bu cür addım atsaq, əlbəttə, Rusiyanın birbaşa müqaviməti, Fransanın narazılığı ilə qarşılaşacağıq.

Ona görə də xüsusi baza yaratmaqdansa, hərbi təlim institutunun təşkili daha məqsədəuyğundur. Türkiyəli mütəxəssislər Azərbaycana dəvət olunsunlar, həm xüsusi təyinatlılarımıza, həm də zabitlərimizə təlim keçsinlər. Həmçinin respublikanın bir neçə bölgəsində, məsələn Bakıda, Gəncədə, Yevlaxda, Naxçıvanda təlim mərkəzləri yaradıla bilər.

İki ölkənin hərbi məktəblər və hərbi liseyləri arasında tələbə mübadiləsinin həyata keçirilməsi də lazımi effekt verəcək. Bu, barmaqla sayıla biləcək qədər yox, yüzlərlə, minlərlə döyüşçünün, hərbçinin hazırlanması deməkdir. Sadaladığım təkliflərin nəticəsi faktiki olaraq hərbi bazanın yaradılmasına bərabərdir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu