Gəlirlərimiz az olacaq

Dolların məzənnəsi ilə bağlı ilin sonuna qədər qərar verilməlidir


Bu həm valyuta ehtiyatlarına müəyyən dərəcədə qənaət etməyə imkan verəcək, həm də gələcəkdə yerli istehsala əlavə bir stimul yarada bilər


Son zamanlar ölkəmizdə müharibə ilə əlaqədar olaraq banklarda ABŞ valyutasına tələb artıb. Dünən Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib, ötən hərracla müqayisədə bu gün dollara tələb 2,1 faiz və ya 1,2 mln. artıb. Hərracda tələb 58,0 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Beləliklə, ötən hərracla müqayisədə bu hərracda dollara tələb 2,1 faiz və ya 1,2 mln. dollar artıb.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dolların manat qarşısında məzənnəsi inzibati qaydada tənzimlənir. O diqqətə çatdırıb ki, 2016-cı ildə üzən məzənnə rejiminə keçilməsinə cəhd edilsə də, amma bu mümkün olmayıb:

"Bunun bir çox səbəbləri var idi. İlk olaraq, Azərbaycan infrastrukturu buna hazır deyildi. Mərkəzi Bank da artıq o ritorikadan imtina edib və tənzimlənən məzənnə rejimində olduğunu etiraf edir. Ona görə də manatın dollar qarşısında məzənnəsi yalnız siyasi, inzibati qərarlarla müəyyənləşəcək. Təbii ki, ətraf ölkələrdə milli valyutalar, yəni Türkiyə lirəsi, Rusiya rublu, İran realı, Gürcüstanda lari günü-gündən dəyərdən düşür.

Əgər Azərbaycan büdcəsinə əlavə yüklər yaranarsa və neft gəlirlərinin azalması ilə valyutalarda da ciddi azalmalar müşahidə olunarsa, o zaman gələcəkdə dolların məzənnəsi ilə bağlı qərar vermək məcburiyyəti də yaranacaq.

İndiki şəraitdə isə sanki qonşu dövlətlərin istehsalçılarının sponsoruna çevrilmişik. İdxal stimullaşdırılır. Çünki Azərbaycanda nəysə istehsal etməkdənsə, xaricdən onu gətirmək daha sərfəli hala gəlir. Biz 2005-2015-ci illərdə, düz 10 il bu iqtisadi rejimdə yaşadıq. Ona görə də manatın baha olduğu dövrdə  Azərbaycanda yerli istehsal tamamilə sıradan çıxarıldı".

Ekspert indi strateji bir qərar verməyin lazım olduğunu vurğulayıb:  "Yəqin ki, müharibə vəziyyəti bu şəraitdə dolların məzənnəsi ilə bağlı hər hansı qərarın verilməsini istəyir.

İlin sonuna yaxın hökumət bir strateji qərar verməlidir. Çünki gələn il də neftin qiymətinin  40-45 dollar civarında olması ehtimalı çox yüksəkdir. Birdən-birə neftdə kəskin artım olmayacaq.

Bu o deməkdir ki, gələn ildə valyuta gəlirlərimiz az olacaq. Daxildə dollara olan tələbatın artmasının başlıca səbəbi ondan ibarətdir ki, qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi gələcəkdə idxal əməliyyatlarını daha da stimullaşdıracaq və nəticədə daha çox idxal əməliyyatları olacaq. Bu da dollara olan tələbatı birmənalı şəkildə artıracaq.

Ona görə də dolların məzənnəsi ilə bağlı ilin sonunda müəyyən qərar verilməsi məncə daha məntiqlidir. Bu həm valyuta ehtiyatlarına müəyyən dərəcədə qənaət etməyə imkan verəcək, həm də gələcəkdə yerli istehsala əlavə bir stimul yarada bilər.

Əgər bu olmasa, biz yenə qonşu ölkələrin istehsalçılarını maliyyələşdirəcəyik  və xaricdən mal almasının sürəti artacaq. Bu sürət artdıqca da valyutaya olan tələbat avtomatik yüksələcək. Hesab edirəm ki, yaxın vaxtlarda dolların təqribən 15-20 faiz civarında bahalaşacağı gözlənilir".


Aynurə Pənahqızı

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu