Qərb də düşünsün, Rusiya da...

Ərdoğanın mesajında böyük həqiqətlər var

Enerji layihələrinin təhlükədə olması Avropa ölkələrini də hərəkətə gətirməlidir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında telefon danışığı baş tutub. Ərdoğan telefon söhbəti zamanı Avropa İttifaqını Azərbaycanın ərazi bütövlüyü barədə tutarlı mövqe ortaya qoymağa çağırıb. Türkiyə lideri bəyan edib ki, işğalçı Ermənistanın neft-qaz boru kəmərləri ilə nəqliyyat xətləri üzərində yerləşən Tovuz bölgəsini və Gəncəni hədəf alması Avropanın enerji təhlükəsizliyini ciddi təhdid altına almaq deməkdir. Bu arada təcavüzkar Ermənistanın prezidenti Armen Sarkisyan Azərbaycana qarşı növbəti həyasız bəyanatla çıxış edib. Sarkisyan Rusiyanın “RT” kanalına müsahibəsində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin vurulmasından bəhs edərkən iddia edib ki, guya, Ermənistan boru kəmərini çoxdan vura bilərdi, amma bunu etməyib:

“Əgər ermənilər boruya dəymək istəsəydilər, bunu 20 il əvvəl edərdilər. Bir neçə artilleriya zərbəsinin nəticəsində həmin kəmər olmayacaqdı”. İşğalçı ölkə prezidenti utanmadan Azərbaycana “minnət” də qoyub: “Ermənilər Azərbaycana neft və qazı satmağa, milyardlarla dollar qazanmağa və bu pula silah alaraq Dağlıq Qarabağ ermənilərinə qarşı istifadə etməyə icazə veriblər”. Düşmən tərəf təkzib etsə də, ermənilərin son aylar ərzində bir neçə dəfə neft-qaz boru kəmərlərinə qarşı təxribata cəhd etdikləri məlumdur. Ermənilər dəfələrlə Azərbaycanı enerji infrastrukturunu məhv etməklə hədələyib. 

Düşmənin çirkin niyyətləri ilə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, cəbhədə davamlı məğlubiyyətə uğrayan, çıxılmaz vəziyyətə düşən Ermənistan bacardığı hər təxribata əl atır. Gah mülki vətəndaşlarımızı qətlə yetirmək üçün şəhərlərimizə raket tullayır, gah da mühüm enerji xətlərini sıradan çıxarmaqla təhdid edir:

“Hələlik düşmən buna cəsarət etmir. Amma hədələrin, cəhd göstərməyin özü sübut edir ki, Ermənistanın həyata keçirdiyi siyasət terrorizm üzərində qurulub. Mühüm neft-qaz layihələrinin gələcək iştirakçıları və istehlakçıları olan Avropa ölkələri ermənilərin təxribat cəhdlərinə cavab verməlidir. Rəsmi səviyyədə olmasa da, Avropanın bəzi mütəxəssisləri erməni təhdidi ilə bağlı mövqelərini ortaya qoyurlar. Düşünürəm ki, qısa zaman kəsiyində bu problem Qərb aləmində daha ciddi gündəmə gətiriləcək və Ermənistana təzyiq kimi istifadə olunacaq”.  

F.İbrahimov vurğulayıb ki, şimal qonşumuz Rusiya da ermənilərə müdaxilədən kənar durmamalıdır:

“Yaxın dövrlərdə Moskva özü enerji kəmərlərinin istifadəçisinə çevrilə bilər. Rusiya KTMT üzrə Ermənistanın müttəfiqi sayılsa da, Kremlin özünün vazkeçilməz iqtisadi maraqları var.

Çünki həmin iqtisadi maraqlar rusların gələcəyini formalaşdırır. Rusiyanın Avropaya rahatlıqla çıxa biləcək infrastrukturu iflic vəziyyətə düşüb, səbəbi odur ki, bu xətlər Ukrayna ərazisindən keçir.

Digər bölgələrdən çəkilən kəmərlər də yarımçıq qalıb. Qərbə yeganə çıxış yolu Cənub dəhlizidir ki, bu xətt də Türkiyə ərazisindən keçir. Ona görə də bu gün işğalçı Ermənistanın tərəfini saxlamaq, təcavüzkarı müdafiə etmək heç bir dövlətə, o cümlədən Rusiyaya sərf etmir.

Fikrimcə, həm Qərb ölkələri, həm də Rusiya buradakı incə məqamları gözəl dərk edirlər. Ekspert kimi onu da deyim ki, Ermənistan işğalçılıq siyasətini israrla sürdürməklə əhalisinə qarşı iqtisadi soyqırım həyata keçirir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu