Rus mediasının iç üzü: “Dezinformasiya, manipulyasiya...”- Blokada yarılır !

“Dağlıq Qarabağ barədə danışan telekanalların 90 faizi erməni mövqeyini müdafiə edi”

“Bəzən Moskva kanallarına baxanda bilmirsən ki, rus mediasıdır, ya erməni”


Dağlıq Qarabağ müharibəsinin ilk günündən etibarən Rusiya telekanallarında müzakirələr aparılır, müxtəlif şəxslərin iştirakı ilə debatlar təşkil edilir. İlk baxışdan əladır. Çünki diskussiya istənilən qaranlıq məqamın gün üzünə çıxması üçün ən ideal variantdır. Amma ruslar bu ad altında öz təbliğatlarını həyata keçirirlər. Əminliklə, səmimiyyətlə və tam cəsarətlə deyirəm. Məsələn bu günlərdə “Russiya-1” kanalının efirində yayımlanan “60 dəqiqə” verilişində Dağlıq Qarabağda aparılan genişmiqyaslı hərbi əməliyyatlar yenə müzakirə masasına çıxarılmışdı. Amma altı qonaqdan cəmi biri- xalq yazıçısı Çingiz Abdullayev haqq mövqeyindən çıxış edirdi, belə demək mükünsə, beş ermənipərəstə qarşı vuruşurdu.

Amma ədalət qalib gəldi, digərlərinin sərsəmləmələri yox. Son sözü deyən Çingiz Abdullayev “Azərbaycan prezidenti necə bilsə, elə də olacaq” sözləri ilə müzakirəyə nöqtə qoydu. Olan isə ikiüzlülərin, riyakarlıların və bir də təbliğatla məşğul olan kanal rəhbərliyinin özünə oldu. Məgər Rusiya folklorunda “yalan ayaq tutar, amma yeriməz” atalar sözü yoxdur? Görünür, yoxdur. Ya da Şeyninlər, Babayanlar, Solovyovlar... bunu eşitməyiblər.

 BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında Rusiya mediasının fəaliyyətini belə qiymətləndirib: 

“Rus KİV-i dövlət təbliğatı, yəni propaqanda ilə məşğuldur. Onlarda müstəqil media yoxdur. Alternativ fikirlər sadəcə formal xarakterli ifadə olunur. Biz son günlər də həmin kanallarda qeyri-obyektivliyi açıq-aydın gördük.

Dağlıq Qarabağ barədə danışan telekanalların 90 faizi erməni mövqeyini müdafiə edir. Beləliklə, auditoriyada hadisələrin gerçək mahiyyəti haqqında yanlış təsəvvür yaranır. Rəsmi Moskvanın mövqeyi sülhə çağırışdan, tərəfləri barışdırmaqdan ibarətdir.

Medianın böyük əksəriyyəti isə erməni əsilli şəxslərin əlində və ya təsirində olduğuna görə, bitərəf, soyuqqanlı davranmır, hücum, aqressiya nümayiş etdirirlər. Düzdür, ədalət naminə demək lazımdır ki, kanallar arasında Azərbaycanın haqq səsini eşidənlər də var. Prezidentimizin müsahibələrini yayımlamaları bunu təsdiq edir.

Həmin çıxışların efirə verilməsi nəticəsində informasiya blokadası yarılır, rus ictimaiyyəti maariflənir. Amma bütün bunlarla yanaşı, rus mediası təbliğat, dezinformasiya, manipulyasiya üzərində qurulub. Beləliklə, yerli tamaşaçıda çaşqınlıq yaranır. Çox təəssüf”.

Q. Məhərrəmli, həmçinin rus mediasının ekspert seçiminə də toxunub:

 “Onların adı ekspertdir. Əslində isə erməni təbliğatı ilə məşğuldurlar və tərəf kimi çıxış edirlər. Bəzən Moskva kanallarına baxanda bilmirsən ki, rus mediasıdır, ya erməni.

Qonaq dəvəti zamanı balans qorunmur. Sadəcə “xala, xətrin qalmasın” məqsədilə haqq səsini dəstəkləyən bir adam çağırılır. Bir məqamı da deyim, informasiyanın ötürülməsi, təqdimi də doğru deyil.

Məsələn Gəncənin vurulmasına dair xəbərdə deyilirdi ki, Azərbaycan on nəfərin ölümündə Ermənistanı ittiham edir. Guya bu vandallığı törədən rəsmi İrəvan deyil. Bax, belə faktlarla rus mediasının iç üzü ortaya çıxır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu