“Nə döyüş havasıdır!” – Yaralı əsgərin bu sözləri rəssamı qürurlandırıb !

“Demək istəyirəm ki, əsgərimiz də yaralandığı üçün üzülmür. Əksinə o halda belə döyüşməyi arzulayır”


Azərbaycan  Rəssamlar  İttifaqının üzvü, görkəmli rəssam, şair Nəvai Mətin yaxın günlərdə cəbhə bölgəsinə yollanıb. “Sherg.az”la həmsöhbət olarkən əsgərlərin döyüş ab-havasından danışan ünlü rəssam  hazırkı vəziyyəti də dəyərləndirib. O düşməni öz  xislətindən əl çəkmədiyini, xalqımızın 30 ildir dözərək, səbr etdiyini söyləyib:

“Təbii ki, indi hamımız sevinirik. Mən torpaqlarımızın azad olunması ilə bərabər millətimizin birliyinə görə də fərəhlənirəm. Çünki illərdir bir ola bilmirik deyə şikayətlənirdik. Amma müharibə dövründə  gördük ki, biz bütov olmağı bacarırıq. İnanıram ki, bu həmrəyliyimiz daim əzəmətli və güclü şəkildə davam edəcək. Dediyim kimi sənətindən və peşəsindən asılı olmayaraq hər kəs bir olmalıdır. Məqsədi həmrəylik olmalıdır. Xüsusilə də sənət adamları ordumuza , əsgərlərimizə, cəmiyyətə öz yaradıcılqıları ilə dəstək verə bilərlər. Məsələn rəssamlar, bəstəkarlar, yazarlar savaşla bağlı işlər görərlər. Təbii ki, indi savaş anında nəyinsə yazılması mümkün deyil. Hesab edirəm ki, müharibə bitəndən sonra sənət adamları bu mövzuya müraciət edəcəklər. Bizim yetərincə qəhrəmanlarımız var, dəyərləndirilməli olan əsgərlərimiz var. Ümid edirəm ki, onlar haqqında əsərlər yazılacaq.”

Nəvai bəy, həmçinin hərbiçilərimizin yüksək əhval-ruhiyyədə olduğunu bildirərək cəbhə xəttində gördüklərindən də danışıb:

“Orada yaralı əsgərlərlə görüşürdüm. Bu zaman qürurverici bir anın şahidi oldum. Bir əsgər var idi, ayağından yaralanmışdı. Onunla xəstəxanada rastlaşdıq. Yavaş-yavaş həyətə çıxırdı. Birdən yanında kimsə dedi ki, nə gözəl havadır. Həmin yaralı əsgər də başını göyə qaldırıb dərhal cavab verdi:  “Nə döyüş havasıdır”. 

Demək istəyirəm ki, əsgərimiz də yaralandığı üçün üzülmür. Əksinə o halda belə döyüşməyi arzulayır. Bununla yanaşı bir neçə hərbi hissədə oldum. Orda hərbçilərimizlə bağlı müşahidələr apardım. İnanın, bütün hərbçilərimizdə  yüksək döyüş əzmi var. Hətta humanitar atəşkəs xəbərini eşidəndə qanları qaraldı. Atəşkəs istəmirdilər. Döyüşmək, vuruşmaq istəklərini dilə gətirirdilər. 

 Onu da qeyd edim ki, Ali baş komandanımız cənab İlham Əliyev yetərincə qətiyyət göstərdi. O qəti şəkildə bildirdi ki, sözümüz sözdür, bu məsələni həll etməliyik. Ona görə inanıram ki, müzəffər ordumuz qələbə qazanacaq. Zəfər bizimlədir”.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu