Qarabağdan iqtisadiyyatımıza yeni nəfəs açılır


İlkin mərhələdə ərazilər minalardan təmizlənəcək: “Daha sonra isə bərpa prosesi olacaq"

Nəzərə alsaq ki, su ehtiyatlarına tələb artıb, hətta 1 litr suyun qiyməti 1 litr xam neftin qiymətindən bahadır, bu da ondan xəbər verir ki, azad edilmiş ərazilərimizin hesabına təbii suya olan tələbi ödəməklə yanaşı, ixracı da həyata keçirmək imkanımız olacaq


"Yuxarı Qarabağ iqtisadiyyatın yeni inkişaf lokomotivi olacaq. Azərbaycanın şanlı ordusunun torpaqlarımızı işğaldan azad etməsinin həmçinin iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri olacaq. Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisinə düşən rayon və şəhərlərimiz bərpadan sonra kifayət qədər iqtisadi potensiallı hesab olunurlar. Sözügedən iqtisadi rayona Xocalı, Şuşa, Xankəndi şəhərləri, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Tərtər rayonları daxildir. Ümumi sahəsi 7248 km2 olan bu iqtisadi rayon ölkə ərazisinin 8,4 faizini təşkil edir. İqtisadi rayon polimetal filizləri, tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar ilə zəngin iqtisadi rayon yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir".



Bu sözləri "Şərq"ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Parlament üzvü deyib ki,  ilkin mərhələdə ərazilər minalardan təmizlənəcək:

“Daha sonra isə bərpa prosesi olacaq. Bizim qiymələndirmələrimizə görə, prosesin sürətli aparılması ərazilərimizin 3-4 il ərzində bərpa edilməsinə imkan verəcək. İnvestisiya fərqli mənbələrdən, yerli və xarici mənbələrdən cəlb olunacaq. Mövcud potensial imkan verir ki, bu istiqamətdə sərmayə qoyuluşu həyata keçirə bilək”.

 V.Bayramov vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının növbəti dövr üçün daha dayanıqlı inkişafına stimul verəcək: “Minalardan təmizləndikdən sonra işğaldan azad olunmuş torpaqlarımızda infrastrukturun yenidən qurulması, o cümlədən sosial obyektlərin və yaşayış binalarının inşası reallaşacaq. Bununla yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərilə bağlı proqram hazırlanacaq. Beynəlxalq maliyyə qurumlarının prosesə cəlb olunması gözlənilir. Nəticə etibarilə fərqli mənbələrdən investisiya qoyuluşlarının həyata keçirilməsi gözlənilir ki, bununla da bir neçə il ərzində işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun yenidən qurulması mümkün olacaq”.

Deputatın sözlərinə görə, yalnız bundan sonra ərazilərimizin iqtisadiyyata qazandırılması mümkündür:

“Dağlıq Qarabağ və ətraf rayonlar mineral, digər təbii ehtiyatlar baxımından zəngindir. Təbii su ehtiyatları kifayət qədər böyükdür. Nəzərə alsaq ki, su ehtiyatlarına tələb artıb, hətta 1 litr suyun qiyməti 1 litr xam neftin qiymətindən bahadır, bu da ondan xəbər verir ki, azad edilmiş ərazilərimizin hesabına təbii suya olan tələbi ödəməklə yanaşı, ixracı da həyata keçirmək imkanımız olacaq.

Mineral ehtiyatlarımız var, bu da həmin sahədə istehsalın təşkil edilməsinə imkan yaradacaq. Qızıl ehtiyatlarımız kifayət qədərdir ki, qızıl ixracı və istehsalı, daxili tələbin ödənilməsi baxımından vacib hesab olunur. İstehsal sahələrilə yanaşı, işğaldan azad olunmuş torpaqlarımızın əsas üstünlüyü daxili turizmin inkişafı baxımından ciddi potensiala malikliyidir.

Təbiəti cəlbedicidir və gözlənilir ki, bu bölgə turizm baxımından da faydalı olacaq. Bütövlükdə azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı potensialı böyükdür. Xüsusilə Füzuli rayonu taxıl istehsalında öncül rayonlarımızdandır. Həmçinin, işağldan azad edilən rayonlarımızda meyvəçiliyin inkişaf potensialı kifayət qədər böyükdür. Bu baxımdan torpaqlarımız işğaldan azad olunduqdan və bərpa işləri aparıldıqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa töhfə verəcək, inkişafın lokomotivinə çevriləcək”.

V.Bayramov bildirib ki, işğaldan azad olunan həmin ərazilərin yüksək turizm potensialı da var:

"Bütövlükdə, inşallah, ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu