Azərbaycan cəmiyyətində həmsədrlərə etibar tükənib

Geriyə Minsk Qrupuna üzv ölkələrin işğalçı Ermənistana təzyiq göstərməsi qalır


“Türkiyə olaraq bu günə qədər münaqişənin sülh yolu ilə həllini dəstəklədiyimizi bəyan etmişik. Lakin bu cəhdlərin nəticəsiz qalması Ermənistanı daha da cəsarətləndirib”. Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Linde ilə birgə  mətbuat konfransında deyib. Çavuşoğlu bildirib ki, Moskvadakı danışıqlardan əldə olunan humanitar atəşkəsdən sonra belə Ermənistan mülki əhaliyə hücum etməyə davam edir. Türkiyə XİN başçısının sözlərinə görə, həmsədrlər münaqişəni həll etmək üçün bu günə qədər konkret bir addım atmayıblar: “Minsk Qrupu olaraq 9+2 formatında toplantı keçirməkdə fayda var.

Bu təklifi bu gün gündəmə gətirdik. Xüsusilə də həmsədrlər Minsk Qrupuna hesabat verməlidirlər. Bu günə qədər hansı işlər görülüb, nəyi edə bilməyiblər, münaqişə niyə həllini tapmayıb. Artıq bu istiqamətdə addım atmağın vaxtıdır”. Çavuşoğlu qeyd edib ki, münaqişənin həllinin tək yolu Ermənistanın Azərbaycan torpaqlarından çıxmasıdır: “Biz bunu dəfələrlə bildirmişik. Həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycanı dəstəklədiyimizi dedik. Bu gün də bunu deyirik”.

Çavuşoğlunun Minsk Qrupunun həmsədrləri ilə bağlı iradlarını “Şərq”ə təhlil edən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib ki, heç kim Minsk Qrupunun digər həmsədrlərinin fəal olmasına maneçilik törətmir. Politoloqun fikrincə, Qrupun istənilən üzv dövləti Qarabağ münaqişəsinin həlli prosesində aktiv rol oynaya bilər:

“Avropa dövlətlərinin bir neçəsi münaqişənin həlli məqsədi ilə yaradılmış Minsk Qrupunun üzvləridir. Əgər problemin həllini həqiqətən istəyirlərsə, buyursunlar ədalətli mövqelərini ortaya qoysunlar. Ortada konkret qətnamələr var və bütün beynəlxalq qurumlar, xarici dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Geriyə Minsk Qrupuna üzv ölkələrin işğalçı Ermənistana təzyiq göstərməsi qalır. Ancaq məsələ odur ki, Azərbaycan cəmiyyətində həmsədrlərə etibar tükənib. 30 il ərzində həmsədrlər öz yanaşmaları ilə ölkə ictimaiyyətinin etimadını itiriblər.

Bu müddət ərzində Minsk Qrupu bizi işğalçı Ermənistanla bərabər tutub. Hər şeyə rəğmən, ədalətli həll formatına münasibətimiz normaldır. Bir şərtlə ki, vasitəçilər obyektiv olsun və problemin yekun həllinə çalışsın”. 

F.Sadıqov bəyan edib ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək uğrunda mübarizə aparır:

“Əgər işğal edilmiş bütün ərazilərimizi müəyyən olunmuş konkret gündə boşaltmağa söz verirlərsə, biz danışıqlar masasına oturmağa hazırıq. Lakin problem ondadır ki, Ermənistan tərəfi hər hansı razılığa əməl etmir. Moskva danışıqları da bunu sübut etdi. Ona görə də indiki məqamda düşmənlə danışıq aparmağın mənası yoxdur.
Ermənilər zəbt etdikləri torpaqlarımızdan müharibə yolu ilə rədd olmaq istəmirlərsə, o zaman dinc yolla ərazilərimizi tərk etsinlər”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu