Tələbələrin işi fənadır

Distant təhsil deyirlər, amma internetin imkanları sıfırdır

Kamran Əsədov: "Ölkədə zəruri halda internet resurslara giriş qapalıdırsa, ali məktəb rəhbərliyinin, müəllimlərin tələbə qarşısına şərt qoymaq ixtiyarı yoxdur"


Distant təhsil ali məktəb tələbələrini çıxılmaz vəziyyətə salıb. Zərurət gərəyi internet resurslara girişə tətbiq edilən qadağa dünənədək bərbad vəziyyətdə olan şəbəkəyə qoşulma imkanlarını hazırda demək olar sıfıra endirib.

Orta məktəb müəllimləri də, şagirdlər də onlayn dərslərdən əllərini artıq üzüb. Amma orta məktəblərdə əyani tədris prosesinin həftəiçi növbəlilik prinsipi ilə həyata keçirilməsi orta təhsilin ayaqda qalmasını az və ya çox, yenə də təmin edir.

Üstəlik, hər gün efirə gedən teledərslər, Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi, müəyyən elektron saytlar mövcuddur. Ali məktəblərlə bağlı isə vəziyyət kritikdir. Tələbələr hazırkı məhdud internet imkanlarıyla onlayn dərslərə heç cür qoşula bilmir. Daha betəri, müəllimlər tələbələrin qarşısına şərt qoyur: dərslərə “bağlanmasanız”, qiymətləndirilməyəcəksiniz və imtahanlara da buraxılmayacaqsınız. Belə vəziyyətdə tələbə necə hərəkət etsin? 

Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, tələbə qarşısına belə “şərt” qoyan ali məktəblər bununla, əslində öz fəaliyyətsizliklərini ört-basdır etməyə çalışır: 

- Nə qədər ki, universitetlər univermaq kimi idarə olunacaq, belə problemlər ortaya çıxacaq, qanunlar pozulacaq. Ali təhsil müəssisələri pandemiya başlanandan, artıq distant təhsilin zamanın reallığına çevrildiyi bəlli olandan tədris prosesini dəyişmək istiqamətində çalışmalı, səy göstərməliydilər.

Ali məktəblər elektron resursları hazırlamalı, elektron mühazirələr tərtib etməli, portallar yaratmalıydılar və tələbələrin portallardan istifadəsinə şərait yaratmalıydılar.

Tələbələr də bu portallara daxil olub mühazirələrlə tanış olmalı, sonra da imtahanlarda iştirak etməliydilər. Yalnız belə olduğu halda ali məktəb müəllimi tələbədən mühazirələrdə iştirakı tələb edə və imtahan götürə bilərdi.

Bu imkanlar yoxdursa və ölkədə zəruri halda internet resurslara giriş qapalıdırsa, ali məktəb rəhbərliyinin, müəllimlərin tələbə qarşısına şərt qoymaq ixtiyarı yoxdur.

Ali məktəblər mövcud vəziyyəti nəzərə alıb, analiz edib 2020-2021 tədris ilinin semestr müddətini dəyişməlidir. Nazirlər Kabinetinin müvafiq qaydaları var.

Əgər ali məktəb öhdəliyi yerinə yetirmirsə, alternativ tədris tənzimlənməyibsə, tələbə qarşısına hər hansı şərt qoyula bilməz. Belə bir tələb qanunsuzdur. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu