Yaz dostum... - Bu savaşda haqlı tərəf bizik

Yazıçılarımız inanır ki, Şuşada Vaqif poeziya günləri bərpa olunacaq

Cəmiyyətimizdə vətənpərvərlik və həmrəylik ovqatı yüksəkdir. Sentyabrın 27-dən etibarən müzəffər Ordumuz torpaqlarımızı düşməndən azad etmək istiqamətinə döyüşlər aparır. Təbii ki, döyüşlər yalnız səngərdə getməməlidir. Arxa cəbhədə olan vətəndaşların hər birinin üzərinə vəzifələr düşür. Bu vəzifələri düzgün yerinə yetirmək, düşmənə sirr verməmək üçün diqqətli olmaq vacibdir. Müharibə şəraitində olan bir ölkə və cəmiyyətdə yüksək ovqat yaratmaq, vətənpərvərlik hislərini gücləndirmək lazımdır. Belə məqamda hər bir cəmiyyət ziyalılara, yazıçı və şairlərə ümid bəsləyir. Çünki onlar öz çıxışlarında əsgərlərimizi ruhlandıra və millətimizi müharibə ilə əlaqədar maarfiləndirə bilər.

Bu gün bəzi yazıçı və şairlərimiz sosial şəbəkələrdə aktivdir. Onların müharibə dövründə öz təbliğatlarını necə qurması diqqət cəlb etməyə bilməz. “Sherg.az” olaraq bəzi yazıçılarımızla həmsöhbət olub, onların apardıqları təbliğatlara dair fikirlərini öyrəndik.

Şair Aqşin Yeniseyin sözlərinə görə, Markes özünü nümunə göstərərək deyirdi ki, ədəbiyyat qorxaqların sığınacaq yeridi:

“Ordunun Qarabağda işğala qarşı döyüşünə münasibətdə ədəbiyatımızı həm də savadsız mövqedə gördük. Müasir Azərbaycan ədəbiyyatı həm də savadsızların sığınacaq yeridir.  Şair və yazıçılarımız müharibə savadsızı olduqlarını ortaya qoydular. İndi bir-birimizdən haqq-hesab sormağın yeri deyil. Amma öz ölkəmizin “elifşafakları” bir az narahat olsunlar”.

Şair Qismət Rüstəmov qeyd edib ki, 30 illik davam edən haqlı mübarizəmizdə tarixi günlər yaşanır:

“Bu, bizi həm sevindirir, həm də cəmiyyətimizdə həmrəylik atmosferi doğurur. Belə hallarda həddindən artıq ani emosiya və çılğınlıqla hərəkət etmək olmaz. Çünki informasiya əsrində, sosial şəbəkələr erasında yanlış informasiyalar, lüzumundan artıq emosional fikir və paylaşımlar ziyanımıza ola bilər. Daha soyuqqanlı və təmkinli olmaq lazımdır. Faktlara söykənmək, sosial şəbəkələrin imkanlarından səmərəli istifadə etmək olar. Rəsmi mənbələrə əsaslanmaq vacibdir”.

Q.Rüstəmov vurğulayıb ki, indiki məqamda yazıçı və şairlər münaqişə tarixi ilə bağlı bədii və tarixi ədəbiyyatda olan dünya təcrübəsinə istinad etməlidir:

“Haqlı və ya haqsız vəziyyət, başqalarının torpağına hücum etmək-əslində bu faktlar eramızdan əvvəl də olub, indi də davam edir. Bütün bunlar ayrı-ayrı xalqların kinematoqrafiyasında və ədəbiyyyatında öz əksini tapıb. Hər kəs, həmçinin yazıçı və şairlərimiz də bu faktlara istinad edib nələrisə aydınlaşdıra bilərlər. İndiki haqlı savaşda Azərbaycan mediası da kifayət qədər diqqətli davranır. Çünki xalqımızda həmrəylik var. Lazımi rekasiyalar verilir. Ümid edirik ki, həmişə belə davam edəcək”.

“525-ci” qəzetin baş redaktoru, yazıçı Rəşad Məcidin fikrincə, müharibə başlayandan sonra yazıçılarımız da hər bir vətəndaş kimi öz sahələrinə uyğun olaraq əlindən gələn bütün işləri görür:

“İnsanları ittiham etmək düzgün deyil. Hər kəs əlindən gəldiyi və bacardığı qədər nəyisə etməyə çalışır. Müharibə dövründə hər zaman yazıçılarımız öndə olublar. 1988-ci ildən bəri ilk reaksiya verənlər məhz yazıçılar olub. Vaxtilə Anar müəllimin Moskvada SSRİ Deputatlar Məclisində çıxışları hər kəsə bəllidir. Düzdür, bu gün yaşlı yazıçılarımız var ki, sosial şəbəkələrdən uzaqdır. Yazıçılar mütəmadi olaraq Azərbaycan televiziyalarında çıxışlar edirlər. Bu yaxınlarda yazıçılarımızdan ibarət qrup cəbhə bölgəsinə getdi, orada çıxışlar etdilər və əsgərlərimizdə ruh yüksəkliyi yaratdılar”.

R.Məcidin sözlərinə görə, bütün vətəndaşlarımız kimi yazıçılarımızda da ruh yüksəkliyi var:

“Məğlub ölkənin yazıçısı olmaq çətindir, məğlubiyyətdən yazmaq olmur. Bu mənada yazıçılarımızda böyük ruh yüksəkliyi var. Bu da vətənpərvər və yeni  əsərlərin yaranmasına səbəb olur. 2 il öncə yazıçılarımız Cocuq Mərcanlıya getmişdi. Ümid edirik ki, yenə də Azərbaycan bayrağı sancılan Şuşaya qələbə əzmi ilə gedəcəyik. Yazıçılarımızın əksəriyyətinin qəlbində Qarabağ nisgili var. Əvvəllər Şuşada Vaqif poeziya günlərini keçirirdik. İnanırıq ki, həmin poeziya günlərini bərpa edib, bir yerdə Cıdır düzünə gedəcəyik”.

Yazar-şair Kəramət Böyükçöl söyləyib ki, qələm adamı müharibə istəyən bir tərəf olmamalıdır. Lakin elə bir vəziyyət yaranıb ki, müharibədən başqa yolumuz yoxdur:

“Müharibə elə bir hadisədir ki, çox şeyləri məhv edir, yalnız ədəbiyyat və sənət inkişaf edir. Hər bir yazıçı müharibə qayda-qanunlarına uyğun olaraq sosial şəbəkələrdəki paylaşımlarına diqqət etməlidir. İnsanları təşvişə salacaq məlumatlar lazım deyil. Düzdü, itkilərimiz, yaralı və şəhidlərimiz var. Amma millətimizdə xoş ovqat yaratmaq lazımdır. Ali Baş Komandanın yanında olmaq, birləşmək lazımdır. Mən də daha çox bu yöndə paylaşımlar edirəm. Çalışıram ki, yüngül yumordan yox, insanı xoş ovqata kökləyən yumorları əks edən paylaşım edib. Hətta faciənin özündə də yumor tapıb onu üzə çıxarıb, insanlarda təbəssüm yaratmağa çalışıram. Biz yazıçılar qələm adamı olmaqla yanaşı, həm də bir vətəndaş kimi uğurlarımıza sevinir, itkilərimizə isə kədərlənirik”.

Yazar bildirib ki, bəzi qələm adamları sülh tərəfdarı kimi çıxış edir:

“Həmin yazıçıların sosial şəbəkələrdə sülh çağırışlarında hansısa məntiq yoxdur. Bu, milli məsələdir. Çünki müharibədən başqa çıxış yolumuz yoxdur. Müharibənin sonu da sülhdür. Torpaqlarımız düşməndən azad edilsin, sonra sülh olsun. Axı biz erməni vətəndaşı deyilik ki, birbaşa sülh istəyək. Yaxud da sülh olsun deyib, torpaqlarımızı yenidən ermənilərə verək. Bu, mümkün olan deyil. Hansısa işıq yolu və sülh imkanı olsaydı, onda bütün xalq istəməzdi ki müharibə aparılsın və kiminsə balası şəhid olsun. İndiki durum isə fərqlidir. Yazıçılarımız da çalışmalıdır ki, xalqımızda xoş ovqat yaradaraq, insanlarımızı vətənpərvərliyə səsləsinlər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu