Mesaj verildi ! - “Ölkəmizdə Türkiyə hərbi bazasının yaradılması ehtimalı böyükdür”

Dünən Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması mümkünlüyü ilə bağlı sualı cavablandırıb. Ölkə başçısı qeyd edib ki, bu haqda bu günə qədər bizim ikitərəfli münasibətlərdə məsələlər müzakirə olunmayıb: Bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazası var. Bir çox sahələrdə bizim imzaladığımız müqavilələr qüvvədədir. O cümlədən bu müqavilələrdə hərbi sahədə əməkdaşlıq və qarşılıqlı yardım haqqında da maddələr var. Bu, bizim haqqımızdır. Əgər Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması haqqında hər hansı müzakirə olmayıb”. 


Prezident İlham Əliyev qeyd edib ki, bizim hərbi sahədə əməkdaşlığımız ildən-ilə güclənir:

 “Təkcə keçən il 10 birgə hərbi təlim keçirilib. Bu il koronavirusa görə bir az ara verildi və yalnız iki dəfə təlim keçirilib. Ancaq bu hərbi təlimlər də bizim bölgəmizdə böyük əndişə yaratdı. Hesab edirəm ki, bu əndişənin heç bir səbəbi, əsası yoxdur. Çünki bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahədə əməkdaşlığımızın möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi - bu mənanı daşıyır. Ona görə Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günə qədər beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan əməkdaşlığı o qədər güclüdür, o qədər geniş şaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir”.



“AĞ Partiya” sədrinin müavini, politoloq Əhəd Məmmədli Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması ehtimalını “Sherg.az”a belə şərh edib:

“Prezident əvvəlki çıxışlarında da qeyd edib ki, əgər Azərbaycanın vəziyyəti çətinləşərsə, Türkiyənin bizə hərbi dəstəyi artacaq. Əlbəttə, bu, həm də digər ölkələrə mesajdır.

Ölkəmizdə qardaş dövlətin hərbi bazasının yaradılması ehtimalı böyükdür. Sadəcə indiki reallıq, yəni müharibə buna mane olur. Amma Türkiyə dövlət başçısı Rəcəb tayyip Ərdoğanın söylədiyi kimi, iki dövlət arasında hərbi müttəfiqlik genişlənəcək.

Hərbi əməkdaşlığımız gələcəkdə daha böyük müstəviyə keçəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu