Hamilə qadınların NƏZƏRİNƏ ! – Koronavirus uşağa da keçir!

“Koronavirus infeksiyasının anadan uşağa keçmədiyi mülahizələri irəli sürülürdü”

“Lakin 2 ay əvvəl Gürcüstanda yeni doğulan körpədə COVİD-19 virusu tapılmışdı”

“Həm də hamiləlik immunitet üçün ağır yükdür, immuniteti zədələyə bilir”


Dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası qlobal səviyyədə yenidən şiddətlənir. Son günlərin statistikası göstərir ki, karantin rejimi sərtləşdiriləcək. Ona görə ki, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş xəstələrin sayı və yoluxma sürətini əsas götürməklə 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. 10 oktyabr tarixindən bütün təhsil müəssisələrində tətil elan olunur.

Bundan başqa, koronavirus pandemiyası ilə bağlı hamilə qadınlara infeksiyadan qorunmaq üçün xüsusi xəbərdarlıq edilib. Bəzi ekspertlər bildirirlər ki, döl ana bətnində böyüdükcə qadının ağciyərlərinə, ürəyinə və qan dövranına təzyiq artır. Xəstəliyin ağır halı bu vəziyyəti daha da çətinləşdirə və tənəffüs problemləri yarada bilər. Həmçinin Fransa mətbuatı yazır ki, koronavirusa yoluxan hamilə qadınların uşaqlarında şizofreniya kimi psixoloji problemlər yarana bilər. Alimlər idia edirlər ki, bəzən ağır infeksiya zamanı pasiyentlərdə hallüsinasiya, illüziya kimi iti və davamlı psixotik simptomlar müşahidə edilir. Xəstənin vəziyyəti yaxşılaşdıqda bu simptomlar yox olur. Lakin infeksiya mərkəzi sinir sistemini zədələdikdə onlar qalır.

Maraqlıdır, indiki məqamda – koronavirusun yenidən şiddətləndiyi dövrdə hamilə qadınlar özlərini necə qorumalıdırlar? Ana bətnində olan körpəyə koronavirus infeksiyası təsir göstərə bilərmi?



Suallarımızı cavablandıran tanınmış həkim-pediatr Vaqif Qarayev “Sherg.az”a bildirib ki, hamilə qadınlar da digərləri kimi infeksiyadan eyni formada qorunmalıdır:

“Pandemiya başlayandan bu günə qədər bir-birini təkzib edən kifayət qədər məlumatlar var. Hətta maska ilə bağlı hələ də mübahisələr gedir: maska lazımdır, yoxsa yox? Bir fikir vardır ki, uşaqlar yoluxmur, lakin yoluxma halları baş tutur. Deyirdilər ki, gənclərarasında ölüm halı müşahidə olunmur, amma olunur. 

Koronavirus infeksiyasının anadan uşağa keçmədiyi mülahizələri irəli sürülürdü. Lakin 2 ay əvvəl Gürcüstanda yeni doğulan körpədə COVİD-19 virusu tapılmışdı. Yəni virus haqqında konkret fikirlər yoxdur.

Ona görə gündə bir fikir ortaya çıxır. O ki qaldı,  hamilə qadınlara, onlar  özlərini daha çox qorumalıdır. Çünki hamiləlik immunitet üçün ağır yükdür, immuniteti zədələyə bilir. Qeyd edim ki, koronavirus infeksiyasının körpədə əks təsiri müşahidə olunduqdan sonra bu barədə fikir söyləmək olar”.
                                                                     
 Aygün Mustafayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu