Rusiya xofu ! – “Bu “sindrom” beyinlərdən silinməlidir!”- Qırın, bu zənciri ! 

“Rusiya vahiməsini yayanlar və Rusiyanın hərbi əməliyyatlara müdaxiləsindən qorxanlar çox yanlış düşünürlər”

“Moskva heç bir halda Azərbaycanın işinə qarışa bilməz. Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar keçirsəydi, Rusiya o zaman məsələyə müdaxilə edə bilərdi”


Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə olunan humanitar atəşkəsin ilk anından etibarən bu dövlətin sülh tərəfdaşı olmadığı  əsaslı şəkildə təsdiqini tapdı. Dağlıq Qarabağ münaqişəsində guya  vasitəçi qismində çıxış edən Rusiya əksinə hər zaman proseslərin gedişinə mane olub. Aydın məsələdir ki, məqsəd bütün dünyaya hegemon dövlət olduğunu sübut etməkdir. Cəmiyyətimizdə də bu “hegemonluq”dan təsirlənib xoflananlar da az deyil. Müxtəlif illərdə Azərbaycan cəmiyyətində “Rusiya xofu” yaradılıb. Hazırda hərbi əməliyyatların qızğın getdiyi ərəfədə bəziləri müharibənin dayanmasını və atəşkəsin bərpasını istəyir. Səbəb isə aydındır - Rusiya xofu !

Qeyd edək ki, Azərbaycan-Rusiya arasında diplomatik əlaqələr hələ 1992-ci il aprelin 4-də qurulub. İki ölkə arasında parlamentlərarası və mədəni əlaqələr mövcuddur. Çox güman ki, bu əlaqələr yenə də öz axarı ilə davam edəcək.

Lakin millət olaraq torpaqlarımızın azadlığı uğrunda Ermənistanla gedən döyüşlər zamanı Rusiya vahiməsini yaratmaq başa düşülən deyil. Rusiyanı gözümüzdə böyüdüb, psixoloji təsirə düşməklə hara qədər gedə bilərik?

Mövcud durumla əlaqədar “Sherg.az”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, Rusiya heç bir halda Azərbaycanın işinə qarışa bilməz. Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar keçirsəydi, Rusiya o zaman məsələyə müdaxilə edə bilərdi:

“Parlament üzvü vurğulayıb ki, ortada konkret işğal faktı varsa, Rusiya niyə Ermənistanı müdafiə etməlidir? Azərbaycan bu işğalın nəticəsini aradan qaldırmaq üçün çalışır və öz torpaqlarını azad etmək istəyir.

Cəmiyyətimizdə Rusiya xofu var deyə gəlib millətimizi məhv etməlidirlər? Rusiya vahiməsini yayanlar və Rusiyanın hərbi əməliyyatlara müdaxiləsindən qorxanlar çox yanlış düşünürlər. Məlumdur ki, Rusiyada vəzifə sahibi olan ermənilər çoxdur. Onlar Rusiyanın dövlət siyasətindən kənar, gizlin şəkildə Ermənistana silah ötürürlər.

Bu gün dünyada bir tərəfdən NATO üzvü olan Türkiyə və digər tərəfdən Rusiya kimi dövlət var. NATO ilə Rusiya üz-üzə gələ bilər, lakin Türkiyə sona qədər Azərbaycanın yanında olacağını iddia edir”.

S.Rüstəmxanlı qeyd edib ki, cəmiyyətimizdə “Rusiya xofu” hələ sovet dövründən mövcud olub:

“Rusiya ilə Azərbaycanın son 30 ildə apardığı siyasətdə strateji əməkdaşlıq, sakit qonşuluq, dövlət başçılarının bir-birinə münasibəti, hətta enerji məsələsində yolların ayrılması belə münasibətlərə ziyan gətirməyib. Azərbaycanda rus dili və məktəblərinə qadağa yoxdur. Bu, onu göstərir ki, Rusiya xofuna, Rusiya vahiməsinə ehtiyac yoxdur. Rəsmi Moskva da qonşuları ilə daimi savaşda olmağa maraqlı deyil. Ona görə də Rusiya haqqında vahiməli düşüncə yaratmaq yersizdir.

Çünki bu ölkə əvvəlki kimi çar, bolşevik və imperialist Rusiya deyil. Avropa dəyərlərinə yaxınlaşan normal bir dövlətdir və bu gün buraxdığı səhvləri aradan qaldırmağa çalışır. Belə bir vəziyyətdə millətimizdəki Rusiya xofu mənasızdır. Bu xofu beynimizdən silmək lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu