Çavuşoğludan türkdilli ölkələrə tarixi çağırış: “Haqqın yanında olun !”

“Azərbaycan Türkiyənin bu dəstəyini yüksək qiymətləndirir və minnətdarlığını bildirir”

“Qardaş ölkə bu dəstəyi özünə borc bilir. Biz isə Türkiyənin dəstəyini hava və su kimi qiymətləndiririk”


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu türkdilli ölkələrə çağırış edərək Azərbaycanla həmrəyliyin vacib olduğunu deyib. O, bildirib ki, Ermənistanın son zamanlar Azərbaycana qarşı artan hücumları bizi daha məsuliyyətli olmağa çağırır:
“Azərbaycan torpaqlarının 20 faizini təxminən 30 ildir işğal altında saxlayan Ermənistan digər ərazilərə də hücumlar edir, mülki insanları atəşə tutur. Ermənistanın bu hərəkətləri müharibə cinayətləridir”.

Türkdilli ölkələrin ortaq dəyərlərinin qorunmasının, qarşılıqlı dəstəyin vacibliyindən danışan nazir deyib:

“Azərbaycanın öz torpaqlarını və xalqını müdafiə etmək üçün apardığı mübarizədən qanuni daha nə ola bilər ki?! Bəzi qüvvələr Azərbaycanın haqq işinə səssiz qalır, işğalçı ilə təcavüzə məruz qalan eyni tutulur. BMT təhlükəsizlik Şurasının və ATƏT-in qətnamə və qərarları yerinə yetirilmir. Qardaş ölkələr olaraq bu məsələdə Azərbaycanla həmrəyliyimiz çox vacibdir”.



Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) lideri Mirmahmud Mirəlioğlu “Sherg.az”a bildirib ki, Çavuşoğlunun bu çağırışı tarixi bir hadisədir.
Onun sözlərinə görə, Azərbaycanın ağır günlərində dünya ədaləti, haqqı müdafiə etmədiyi bir halda qardaş ölkə ilk gündən yanımızdadır:

“Türkiyə hər zaman bizə dəstəyini ifadə edib və bunu əməli şəkildə göstərib. İndiki məqamda Türkiyənin Azərbaycana olan dəstəyində 2 əsas məqam var: Birincisi, bu yolda sona qədər Azərbaycanın yanında olmaq. İkincisi, türkdilli dövlətin tarixi səhv etməsinin qarşısını almaq. Eyni zamanda türkdilli dövlətləri haqqın yanında olmağa səsləməkdir.

Məlumdur ki, türkdilli dövlətlərdən biri gedib qondarmaq soyqırımla bağlı Ermənistandakı abidəni ziyarət edib. Belə tarixi səhvlər olmasın deyə Çavuşoğlu Türkiyə Cümhuriyyəti Diplomatiyasını təmsil edir.

Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın addımları, Azərbaycana dəstəyi tarixi əhəmiyyətə malikdir. Millətimiz də bu dəstəyi yüksək qiymətləndirir və minnətdarlığını bildirir. Qardaş ölkə bu dəstəyi özünə borc bilir. Biz isə Türkiyənin dəstəyini hava və su kimi qiymətləndiririk.

Müsəlman və türk olan digər dövlətləri bizə dəstək verməməsi, milli və ədalətli davamızda tərəfdar olmadıqları üçün qınayırıq. İnanırıq ki, gec-tez həmin dövlətlər yanlış yolda olduqlarını başa düşəcəklər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu