Suriyadakı ssenari Qarabağda: “Ankara Moskvanı neytrallaşdırır!” -  

“Kremlin rəsmi Ankaranı danışıqlar masasına buraxmamaq istəyi heç də təsadüfi deyil”

“Suriyada baş verən hadisələr zamanı da Rusiya və İran qardaş ölkəni danışıqlar masasına buraxmırdı. Fəqət Türkiyə onları fakt qarşısında qoydu”

“İki qardaş dövlət arasında dəhlizin yaranmasını nə Rusiya istəyir, nə İran”

"Amma Türkiyə yenə masada olacaq. Əks halda bizim üçün istənilən danışıq tələdir”


Az qala, elə vəziyyət yaranıb ki, gün ərzində xeyli müddət səmaya baxır, uçan təyyarələri saymağa çalışırıq. Rusiyadan, İrandan Ermənistana silah daşınması nə Allahdan gizlidir, nə də bəndədən. Nə olsun, adı “humanitar yardımdır”?! Gərək onda onlar kimi biz də özümüzü aldadaq? Yox, biz o qədər sadəlövh deyilik və hər şeyi yaxşı görür, anlayırıq. Nə İran, nə də Rusiya haqq savaşımızı dəstəkləyir. Onlar ərazi bötüvlüyümüzün təmin edilməsində maraqlı deyillər. Nə qədər bəyanatlar versələr də, dilucu mızıldansanlar da, həqiqət ortadadır. Atalar demiş, görünən dağa nə bələdçi?

 Siyasi analitik Rusif Məmmədsoy həmin dövlətlərin, vaxtı ilə Azərbaycanı parçalayanların ritorikasını “Sherg.az”a izah edib: 

“Əlbəttə, Rusiya Ermənistanı qorumalıdır. Çünki bu dövlət Kremlin vassalı, belə demək mümkünsə, ikinci torpağıdır. Amma heç İran da şimal qonşumuzdan geri qalmır. Bu gün hava yolu vasitəsilə İrandan işğalçıya silah daşınması barədə yeni görüntülər yayılıb. Bəli, rəsmi Moskva müharibənin ilk günlərində müəyyən qədər səssiz idi.

Amma gördü ki, Azərbaycan uğurla irəliləyir, torpaqlarını ard-arda azad edir. Bu isə Kremli qorxudur. Çünki Dağlıq Qarabağın azad olunması nəticəsində Naxçıvanla quru sərhəddimiz bərpa olunacaq və Türkiyə ilə əlaqələrimiz güclənəcək.

İki qardaş dövlət arasında dəhlizin yaranmasını nə Rusiya istəyir, nə İran. Kremlin indiyə qədərki bütün bəyanatları, o cümlədən “humanitar atəşkəs nağılı” Ermənistan üçün “nəfəs dərməyə”  hesablanmışdı. Sülhməramlılar planına dair ssenari isə əvvəldən idi”.

R. Məmmədsoyun fikrincə, biz heç bir halda danışıqlara getməməliyik: 

“Sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsinə imkan vermək olmaz. Həm də ona görə ki, artıq iştirakçı tərəflərdən biri də Türkiyədir. Bu dövlət indiki situasiyada Rusiyanı neytrallaşdırmağa qadir yeganə gücdür.

Əslində neytrallaşdırır da. Kremlin rəsmi Ankaranı danışıqlar masasına buraxmamaq istəyi heç də təsadüfi deyil. Rusiyanın xarici işlər naziri Lavrov israrla bəyan edir ki, proses əvvəlki qayda ilə getməlidir. Deməli, biz daha otuz il gözləməliyik?! Əlbəttə, yox. Suriyada baş verən hadisələr zamanı da Rusiya və İran qardaş ölkəni danışıqlar masasına buraxmırdı. 

Fəqət Türkiyə onları məcbur etdi, fakt qarşısında qoydu. Eyni ssenari təkrarlanacaq- Türkiyə yenə masada olacaq. Əks halda bizim üçün istənilən danışıq tələdir. İndi məsələyə birdəfəlik son qoyulmalıdır. Xalqımızın gücü, siyasi iradə, Türkiyənin mənəvi dəstəyi və hərbi gücümüz buna imkan verir”.

Siyasi analitik, həmçinin Dağlıq Qarabağ müharibəsi günlərində iki dövlət, bir millətin əlaqələrindən danışdı:

“Biz bir daha gördük ki, türkün tükdən başqa dostu yoxdur. Düzdür, Gürcüstan, Ukrayna kimi dövlətlər də Azərbaycana dəstəklərini ifadə edirlər. Amma bu, həm də onların öz maraqları ilə bağlıdır.

Məsələn Ukrayna yaxşı başa düşür ki, indi haqq səsimizi eşitməsə, gələcəkdə beynəlxalq aləmdə Krımın ilhaqını təsdiqlədə bilməz. Bu günlərdə prezident, Ali baş komandan İlham Əliyev türk televiziyalarına müsahibəsində bildirdi ki, Azərbaycanda qardaş ölkənin hərbi bazasının yaradılması istisna edilmir. Həmin fikirlər çox ciddi mesaj idi.

Biz həm cəbhədə, həm informasiya müharibəsində, həm də diplomatiyada düşmənə qalib gəlirik. Əgər Türkiyə bölgədə böyük gücə çevrilmək istəyirsə, vaxtı ilə Suriyaya girdiyi kimi, indi də Dağlıq Qarabağa daxil olmalıdır. Sevindirici haldır ki, biz həm dövlət, həm cəmiyyət olaraq bir-birimizi qəbul edirik”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu