Ermənistan ağır məğlubiyyəti sinirə bilmir, azğınlaşır

Terror təhlükəsi ilə bağlı vətəndaşların fərdi sayıqlığı da son dərəcə vacibdir

Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir. 80-ci illərin sonundan erməni terror təşkilatları və kəşfiyyat orqanları ölkəmizin nəqliyyat sistemində və digər ictimai obyektlərində 32-dən çox terror aktı törədiblər. Minlərlə günahsız insan bu hücumların qurbanları olub. ASALA qrupunun iştirakı ilə xüsusi qəddarlıqla törədilən Xocalı soyqırımı Ermənistanın milli səviyyədə terror siyasəti yürütməsinin ən bariz nümunəsidir. 1994-cü il mart 19-da və iyulun 3-də Bakı metrosunda mülki şəxslərə qarşı həyata keçirilən cinayətlər də düşmənin terrorçu xislətindən xəbər verir.

2011-ci ildə Ağdam rayonunda 9 yaşlı Fariz Bədəlov erməni snayperçisinin atəşi nəticəsində öldürülüb. 2012-ci ildə 14 yaşlı Aygün Şahmalıyevanın ölümünə Ermənistanın nəzarətində olan ərazilərdən Tovuz çayına atılmış “doldurulmuş” oyuncağın partlaması səbəb olub. 2017-ci ildə 18 aylıq Zəhranın həyatına erməni əsgərlərinin atdığı raketlər son qoyub.

Bu uşaqlar erməni terrorunun qurbanlarıdır. Bu günlərdə cəbhədə qəhrəman Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində darmadağın edilən, uzun müddətdir möhkəmləndikləri mövqeləri qoyub qaçan erməni silahlıları yenidən çirkin məqsədlərini mülki şəxslər üzərində həyata keçirməyə başlayıblar.

20 gün ərzində düşmən tərəf fasilə vermədən həm cəbhə xəttinə yaxın rayonlarımızı, həm də savaş gedən bölgələrdən xeyli uzaq şəhərlərimizi raket atəşinə məruz qoyur, günahsız insanların ölümünə səbəb olurlar. Bununla kifayətlənməyən erməni quldurlarının Azərbaycan ərazisində istənilən terror hadisəsini keçirə biləcəyi də istisna edilmir. Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti də erməni terroru ilə bağlı ölkə ictimaiyyətinə xəbərdarlıq edib.

DTX-dan bildirilib ki, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycannın böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər:

“Vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə dərhal Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq-mühafizə orqanlarına bildirmələrini xahiş edirik”.

Təhlükəsizlik Xidməti son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərini, diaspor təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa səsləyib. DTX ilə yanaşı, Dövlət Yol Polisi İdarəsi də vətəndaşlara çağırış edib.

Vurğulanıb ki, Ermənistan tərəfindən ölkədəki sabitliyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı dövlət təhlükəsizliyi orqanlarına məlumatlar daxil olub: “Ətrafda şübhəli şəxslər, bağlamalar müşahidə etdikdə dərhal “102” xidmətinə, eləcə də yaxınlıqdakı polis orqanlarına və əməkdaşlarına məlumat verməyiniz xahiş olunur”. 

Müvafiq qurumların xəbərdarlıqlarına DTX-nın əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı Ərəstun Oruclu da feysbuk profilində münasibət bildirib. Ə.Oruclu deyib ki, indi bizim üçün təkcə təhlükəsizlik tədbirlərini deyil, həm də vətəndaşların fərdi sayıqlığını artırmaq son dərəcə vacibdir: “Bir an da olsun unutmamalıyıq ki, qarşımızdakı düşmən olduqca məkrli, rəzil və azğındır. Hələ keçən əsrin 90-cı illərində müəyyən üstünlüyə malik olmasına rəğmən, hər cür təxribatlara əl atmışdı. Bu gün isə fəlakətli şəkildə məğlubiyyətə uğrayır və deməli, azğınlığı da onqat artacaq”.

Erməni terroru ilə bağlı mümkün riskləri “Şərq”ə dəyərləndirən Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib ki, mərd düşmənlə mübarizə aparmağın özü bir “xoşbəxtlik”dir. Deputatın sözlərinə görə, əfsuslar ki, belə “xoşbəxtlik” bizə nəsib olmayıb. Bizimlə mübarizə aparan namərd ermənilər hər cür çirkinliyə, barbarlığa, qeyri-insani hərəkətə rəvac verirlər: “Ermənistan terroru dövlət siyasəti səviyyəsində reallaşdırır.

Tarixən ən qəddar terrorçular erməni xalqının sıralarından çıxıb. Onlar terrora əsas mübarizə vasitəsi kimi baxıblar. Dünyada tanınmış terror təşkilatları da məhz ermənilərə aiddir. Məsələn, “Daşnaksütyun”, “Hnçak”, “Dro”, ASALA və s. birbaşa ermənilərə xas təşkilatlardır. Ancaq erməni terror maşını sadəcə azərbaycanlılara qarşı deyil, ümumiyyətlə bütün qonşu xalqlara qarşı qanlı terror aktları həyata keçirib. Ermənilərin maraqlarına uyğun davranmayan istənilən millətin nümayəndəsi onların düşmənidir, fəaliyyətlərinin hədəfidir. Rusiyalı tədqiqatçılar Cənubi Qafqazda ermənilərin hərəkətlərindən bəhs edərkən, onların Azərbaycan ərazisində yaşayan ruslara qarşı nə qədər qəddar davrandığını yazıblar. Ermənilərin xisləti dəyişməyib. Bu gün də heç bir etik, mənəvi çərçivəyə sığmayan, humanizm prinsiplərindən uzaq olan ermənilərdən hər şey gözləmək mümkündür. Diqqət yetirin, cəbhədə döyüşlər gedən bölgələrdən 60 kilometr aralıda yerləşən Gəncə şəhərinə gecə saatlarında raket atılır. Bu, açıq-aşkar mülki əhaliyə qarşı terrordur”. 

Parlament üzvünün sözlərinə görə, terrorun mahiyyəti ondan ibarətdir ki, insanlar arasında qorxu, xof yaransın. Ermənilərin də məqsədi buna nail olmaqdır:

“Azərbaycan xalqının əzmini heç cür sındırmaq mümkün deyil. Əksinə, terrorlar intensivləşdikcə, düşmənə qarşı döyüş əzmimiz, iradəmiz daha da güclənir. Lakin bununla yanaşı, yaxşı olar hər bir vətəndaşımız ehtiyatlı olsun, təhlükəsizlik məsuliyyətini öz üzərində hiss etsin.

Hamımız daim ayıq-sayıq olmalı, şübhəli məqamlara biganə yanaşmamalıyıq. Təbii ki, müvafiq strukturlar tərəfindən ictimai asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi istiqamətində bütün zəruri addımlar yüksək səviyyədə atılır.

Amma indiki şəraitdə vətəndaşlarımız da dövlətə dəstək verməlidir. Hamı bir nəfər kimi hərbi vəziyyətin müəyyənləşmiş qaydalarına mütləq əməl etməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu